Elmira Kərimova: “Hər yeni tamaşada seyrçilərə yeni bir ovqat bəxş etmək bizim üçün ən böyük mükafatdır” 
   
   2006-cı ilin aprel ayı... 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günündə tamaşa göstərilməsi üçün məktəblərdən müsabiqə yolu ilə istedadlı uşaqlar seçilir. O vaxt hələ hansısa daimi kollektivin yaradılmasından söhbət getmirdi. Lakin ilk uğurlu çıxış yeni teatrın təşkilinə zəmin olur. Söhbət Naxçıvan Dövlət Uşaq Teatrından gedir. Müsahibimiz teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Elmira Kərimova əvvəlcə teatrın yaranması tarixindən söz açdı:
   
   - Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayevin “Cəsur dovşan” əsərini yeniyetmələrlə birgə səhnələşdirdik. Təqdim etdiyimiz tamaşa uğur qazandı, yeniyetmələrin ifası böyük maraqla qarşılandı. Bir neçə aydan sonra, daha dəqiqi, 2006-cı il oktyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı sərəncam əsasında Naxçıvan Dövlət Uşaq Teatrı yaradıldı. Qeyd edim ki, Azərbaycanda iki uşaq teatrı fəaliyyət göstərir. Bunlardan biri Bakı Uşaq Teatrı, digəri isə Naxçıvan Dövlət Uşaq Teatrıdır. Ancaq bizi fərqləndirən bəzi cəhətlər var. Bu, aktyor heyəti ilə bağlıdır. Bakı Uşaq Teatrının yaradıcı heyəti ali təhsilli aktyor heyətindən və tələbə aktyorlardan, bizim teatrın aktyorları isə əsas etibarilə orta məktəb şagirdlərindən ibarətdir.
   - İlk illərdə çətinlik olmadı ki?
   - Teatrın yaradılması ilə bağlı müvafiq sərəncamdan sonra biz məktəblərə üz tutduq. Uşaqlar arasında seçimlər etdik və 80 nəfər şagird topladıq. Sonra onların arasında da müsabiqə keçirdik. Müsabiqədə əsas uşaqların nitq qabiliyyəti, səs gücü, hafizəsi, diqqəti, baş verən hadisələrə şəxsi reaksiyası, plastikası, təxəyyülü və s. xüsusiyyətləri yoxlanıldı. Nəticədə 16 şagird seçdik və fəaliyyətə başladıq.
   İlk illərdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində çıxış edirdik, orada bizə iki otaq da ayrılmışdı. Üç il sonra, 2009-cu ildə bizə Heydər Əliyev adına Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin binasında yer verildi. Teatrın kollektivi 270 nəfərlik tamaşaçı zalı, 2 qrim və 9 iş otağı ilə təmin olundu. Tamaşaların hazırlanması üçün lazımi şərait yaradıldı. İndiyədək Vüsal Rzayevin “Cəsur dovşan”, “Bu dünya bir nağıldı”, “Yaxşılıq itmir”, “Fəridin yuxusu”, “Ata məhəbbəti”, “Daşdəmirin nağılı”, Bayram İsgəndərlinin “Meşə əhvalatı”, “Siçanların kələyi”, Ağaxan Salmanlının “İgidlik imtahanı”, İlqar Səmədovun “İki qardaş”, Rəvan Tohidoğlunun “Bir də etmərəm” əsərlərini səhnələşdirmişik. Teatrımız ölkənin ən gənc mədəniyyət müəssisələrindən biridir. Düşünürəm ki, qısa zamanda tamaşaçıların sevgisini qazanmağa nail olmuşuq.
   - Yeri gəlmişkən, teatrın tamaşaçı problemi varmı?
   - Muxtar respublikada ziyalı potensialı böyükdür, ailələrdə teatra, sənətə maraq çoxdur. Valideynlər övladlarını uşaq yaşlarından teatrlara həvəsləndirməyə çalışırlar. Ona görə də tez-tez onları bizim tamaşalarımıza gətirirlər. Bəzən biz onlarla görüşə gedirik. Şərur, Şahbuz, Culfa, Babək, Ordubad məktəbliləri qarşısında çıxışlar etmişik. Çox arzu edərdik ki, Azərbaycanın başqa bölgələrinə də qastrola gedək, eləcə də xarici ölkələrdə vətənimizi layiqincə təmsil edək.
   - Repertuar seçimində hansı mövzulara daha çox üstünlük verilir?
   - Əsasən milli dəyərlərimizi, adət-ənənələrimizi və vətənpərvərlik ideyasını önə çəkirik. Zəhmətkeşlik, sədaqət, dostluq, xeyirxahlıq, haqq-ədalət, insanlıq keyfiyyətləri aşılayan mövzulara üstünlük veririk. Çalışırıq ki, hazırladığımız tamaşalar həm balacaların zövqünü oxşasın, həm də onlarda yaranan suallara cavab verə bilsin. Səhnə əsərinin təqdimatından sonra tamaşaçıların üzündə yaranan xoş ifadə, valideynlərin minnətdarlıqları, yeniyetmə aktyorların sevinci bizə xoş anlar bəxş edir. Hər yeni tamaşada uşaqlara yeni bir ovqat bəxş etmək, məncə, bizim ən böyük mükafatımızdır. Uşaqlara sevinc bəxş etmək böyük xoşbəxtlikdir. Onlar bizimlə hər görüşə gələndə fərqli-fərqli nağıllar aləminə düşürlər. Məsələn, “Siçanların kələyi” onları əyləndirirsə, “Daşdəmirin nağılı”, əksinə, onları riqqətə gətirir, qəhrəmanlığa, cəsur olmağa ruhlandırır.
   - Müxtəlif nağıl personajlarını və xarakterləri canlandırmaq üçün xüsusi səhnə geyimləri lazımdır...
   - Geyimlərimizi dərzi sexində hazırlayırıq. Obrazların geyimlərini özüm çəkirəm. Butaforları belə özümüz hazırlamağa çalışırıq. Necə deyərlər, tamaşalarımızın yüksək səviyyədə olması üçün kollektivimiz bütün səy və bacarığını ortaya qoyur. Elə əsərlər var ki, oradakı obrazların bəziləri yaşlı adamlardır. Belə obrazları uşaqların oynaması düzgün deyil. Ən azı psixoloji yanaşma baxımından bu, qəbuledilməzdir. Buna görə də belə obrazların olduğu əsərləri tamaşaya hazırlayarkən Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarını dəvət edirik.
   - Yəqin repertuarınız müntəzəm yenilənir. Bu il hansı yeni tamaşalar təqdim olunacaq?
   - Ötən il Bayram İsgəndərlinin “Siçanların kələyi” tamaşasını, Rəvan Tohidoğlunun “Bir də etmərəm” pyesini səhnələşdirdik. Eyni zamanda Vüsal Rzayevin “Sehrli saat” adlı ssenarisi əsasında hazırlanan Yeni il proqramı ilə qış tətili günlərində məktəblilər qarşısında çıxış etdik. Bu il ilk olaraq Vüsal Rzayevin təqdimatında “Daşdəmirin nağılı”nı hazırlayıb Novruz bayramı ərəfəsində balacalara təqdim etdik. Bundan əlavə, Vüsal Rzayevin “İtən əşyalar” adlı pyesini hazırlamağı nəzərdə tutmuşuq. Bu əsərdə uşaqlarla böyüklər arasında yaranan problemlərdən, onların həlli yollarından bəhs edilir.
   Aprel-may aylarında muxtar respublikanın rayon mərkəzlərində qastrol səfərlərində olmağı düşünürük. Məktəblər və uşaq bağçaları ilə daima əlaqə saxlayır, onların istək və arzularını da nəzərə almağa çalışırıq. Teatrın inkişaf etməsi üçün, onun balaca tamaşaçılarla əlaqəsinin kəsilməməsi üçün bu işdə bizə məktəb müəllimləri də böyük köməklik göstərirlər.
   - Tamaşalarda ifaçıların əksəriyyətinin yeniyetmələr olması səhnə əsərinin seçimində problem yaratmır?
   - Teatrımızın aparıcı qüvvəsi məktəblilər olduğu üçün repertuarımıza daxil edilən əsərlərin seçimində bir qədər çətinlik çəkirik. Elə əsərlər var ki, janrından, üslubundan məzmunundan asılı olmayaraq, onu peşəkar teatrın aktyorları balaca tamaşaçılar üçün çətinlik çəkmədən oynayırlar. Lakin həvəskar aktyorların oynayacağı tamaşalarda hər əsəri tamaşaya qoymaq mümkün deyil. Burada yaş məhdudiyyəti, əsərdəki həyat tərzi ilə əsərdə oynayan uşaqların həyata baxışı arasındakı uyğunluq və s. amillər nəzərə alınır. Ona görə də qələm sahiblərindən uşaq əsərləri yazarkən bu amilləri də nəzərə almağı xahiş edirəm. Hazırda 10 məktəbli ilə çalışırıq. Uşaqlara zəhmətləri müqabilində stimul olsun deyə hər tamaşaya görə qonorar veririk. Məşqlərimizi isə onların dərslərinə mane olmaması üçün həftə sonlarına salırıq. Bu, onlara asudə vaxtlarını səmərəli dəyərləndirməyə imkan verir.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar