Aprelin 9-da Londonun “Tristan Bates” teatrında Xalq yazıçısı Elçinin “Mənim sevimli dəlim” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. 
   Tədbir Londonda fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin (AZICS) və ALOFF teatrının təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə gerçəkləşib.
   Britaniya rəsmiləri və ictimaiyyət nümayəndələrinin, Azərbaycanın bu ölkədəki diaspor təmsilçilərinin izlədiyi tamaşadan əvvəl AZICS-in sədri Sənan Əliyev çıxış edərək səhnə əsəri haqqında məlumat verib.
   Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov çıxışında mədəniyyətin diplomatiyadakı xüsusi əhəmiyyətindən bəhs edib. Bildirilib ki, mədəni tədbirlər ölkələr arasında körpü rolunu oynayır. Xalqların biri-birinə yaxınlaşmasında, dostluq əlaqələrinin yaranmasında mədəniyyətin misilsiz önəmi var. Elçinin həyat və yaradıcılığı haqqında iştirakçılara məlumat verən səfir qeyd edib ki, Xalq yazıçısı 100-dən çox kitabın müəllifidir, əsərləri 40-dan artıq dilə tərcümə edilib. 1960-cı illərdə tanınmağa başlamış yazıçı sovet rejiminin qoyduğu məhdudiyyətlər çərçivəsində işləyib və təsdiqlənmiş realizm konsepsiyasından məharətlə istifadə edib. Onun dram əsərləri “Elçin teatrı” kimi tanınıb. Bu, milli xüsusiyyətləri geniş anlamda bəşəri dəyərlərlə birləşdirən incə bir metodologiyadır. Yazıçının bütün əsərlərinin nümunəvi olduğunu diqqətə çatdıran diplomat “Şekspir” pyesinin xarici tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandığını vurğulayıb.
   Sonra “Mənim sevimli dəlim” tamaşası nümayiş olunub. Tamaşaçılarda böyük rəğbət doğuran əsərdə hadisələr 1995-ci ildə Bakıda cərəyan edir. Səhnədə müxtəlif personajların məzhəkə elementləri yer alıb. İntihara meylli, anormal olan bu personajların hər biri öz gerçəkliyində yaşayır, lakin buna baxmayaraq hansısa yolla biri-biri ilə dil tapır. Bəs onların hansı biri daha sərsəmdir? Əslində, bu personajların hər biri “dəli” roluna namizəddir, amma təbii ki, bu fantaziyalar xaosuna təsadüfən düşmüş ağlı başında olan yeganə adam dəli olaraq qəbul edilir.
   Mattev Qouldun quruluş verdiyi tamaşada bəstəkar Məmməd Ənsarinin musiqisi səsləndirilib. Rollar aktyorlar Riçard Stirlinq, Oliver Mavdsley, Ralf Boqard, Daniel Robinson, Qaret Bennett-Ryan, Danni Vainrayt, Andrev Saykes və aktrisalar Viktoriya Farley, Viktoriya Sye tərəfindən canlandırılıb.
   Tamaşadan sonra qəbul təşkil edilib. Jurnalistlərə açıqlama verən Viktoriya Farley səhnə əsərində iştirakından məmnunluğunu ifadə edib. Müxtəlif ölkələrin mədəniyyətlərinin onu cəlb etdiyini deyən aktrisa bu tamaşadan sonra ölkəmizin tarixinə və teatr sənətinə marağının artdığını vurğulayıb.
   “Mənim sevimli dəlim” tamaşasının London səhnəsində nümayişi aprelin 13-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar