Azərbaycan peşəkar milli teatrının yaranmasından 140 il ötür. Bu gün paytaxt Bakı ilə yanaşı, regionlarda da teatrlarımız rəngarəng repertuarla, maraqlı səhnə əsərləri ilə tamaşaçı rəğbəti qazanmağa, auditoriyasını genişləndirməyə çalışırlar. Bu sırada Naxçıvan Dövlət Kukla Teatrının da özünəməxsus yeri var.
   
   Teatrın direktoru, Xalq artisti Yasəmən Ramazanova qəzetimizə müsahibəsində sənət ocağının fəaliyyətindən, yaradıcılıq işlərindən söz açdı.
   - Naxçıvan Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 14 sentyabr 1989-cu il tarixli qərarı ilə yaradılıb. Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə 2004-cü ildə sənət ocağına Naxçıvanda peşəkar teatrın yaradıcılarından olan Məhəmməd Tağı Sidqinin adı verilib. Teatrda bu günədək 70-ə qədər tamaşa səhnələşdirilib. Kollektiv hər il 4-5 tamaşa səhnələşdirir. Hər rübdə yeni səhnə əsəri ilə balaca tamaşaçıların görüşünə gəlirik. Uşaqların tamaşaları sevməsi üçün əsərin maraqlı təqdimatı, balacaların maraq dairəsinə uyğunluğu, onları düşündürməsi, əyləndirməsi və s. məqamlar nəzərə alınır. Bu mənada çalışırıq ki, onların mənəvi dünyasına nüfuz edək, qayğısız uşaqlıq illərinin ən xoş anlarını bizimlə yaşamasına imkan yaradaq. Ötən il Minaxanım Əkrəmqızının “Uf-uf xanım”, Zaur Vedilinin “Meşə macəraları”, Səbuhi Hüseynovun “Novruz əfsanəsi”, “Seymurun sirli dünyası” və Elxan Yurdoğlunun “Günəş ziyası” əsərlərini səhnələşdirdik. Tamaşalar həm uşaqlar, həm də valideynlər tərəfindən çox maraqla qarşılandı.
   - Bu il balacalar hansı tamaşaları izləyə biləcəklər?
   - Səbuhi Hüseynovun “Seymurun sirli dünyası”, Nağı İsmayılzadənin “Ağca və Bozca”, Cavad Cavadlının “Tovuzquşunun nəğmələri”, Şirməmməd Qüdrətoğlunun “Ağ atlı oğlan” əsərlərini səhnələşdirəcəyik. Seçilən əsərlərdə ibrətamiz söhbətlərə, tərbiyəvi məsələlərə xüsusi diqqət yetiririk. “Uşaqların qəlbi ağ kağız parçasıdır”-, deyirlər. Doğrudan da belədir, nə yazılsa, qəbul edəcək və yaddaşına hopacaq. Bu mənada kukla teatrları uşaqların tərbiyəsinə, formalaşmasına mühüm təsir imkanlarına malikdir. Repertuarda Azərbaycan klassiklərinin, eləcə də Naxçıvanda yaşayıb - yaradan müəlliflərin əsərlərinə yer ayırırıq. Cəlil Məmmədquluzadənin “Çay dəstgahı”, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Kəmalə Ağayevanın “Məlikməmməd” əsərləri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib.
   - Teatrın maddi-texniki bazasını yaradıcılıq fəaliyyəti və tamaşaçı qəbulu üçün yetərli hesab etmək olarmı?
   - 2004-cü ildə teatr Naxçıvan şəhərinin mərkəzində yeni bina ilə təmin olundu, fəaliyyətimiz üçün hər cür şərait yaradıldı. Hazırda bu sarıdan problemimiz yoxdur. Tamaşaçı auditoriyasına gəldikdə isə, Naxçıvan Dövlət Kukla Teatrı artıq neçə illərdir ki, fəaliyyət göstərir, muxtar respublikada tanınır. Bundan əlavə, məktəblərlə, bağçalarla, valideynlərlə əlaqəmiz yüksək səviyyədə qurulub. Valideynlər də uşaqlarının dünyagörüşünün artırılmasında, onların tərbiyəsində teatrın əhəmiyyətini dərk edirlər. Qiymətlər də münasibdir. Bu mənada teatrımız tamaşaçı problemi yaşamır.
   - Qastrollara necə, gedirsinizmi?
   - Teatr dəfələrlə Türkiyədə, İranda qastrol səfərlərində olub. 2006-cı ildə İranın Tehran şəhərində beynəlxalq “Fəcr” teatr festivalında Aybəniz Ağaqızının “Əshabi-kəhf” tamaşası, 2008-ci ildə Təbrizdə beynəlxalq kukla teatrları festivalında Cəlil Məmmədquluzadənin “Çay dəstgahı”, 2009-cu ildə Türkiyənin Bursa şəhərində “Qaragöz” kukla və kölgə oyunları festivalında, 2010 və 2012-ci illərdə isə Tacikistanın paytaxtı Düşənbədə beynəlxalq festivalda “Kuklaların fantaziyası” tamaşası ilə iştirak etmişik. Eyni zamanda, muxtar respublikada təşkil olunan dövlət tədbirlərində, rayon və kənd məktəbliləri qarşısında çıxış edirik.
   - Müxtəlif nağıl personajlarını və xarakterləri canlandırmaq üçün səhnə geyimləri, kuklalar lazım gəlir. Bu məsələləri necə həll edirsiniz?
   - Teatrımızda çox istedadlı kukla rəssamlarımız, dərzi və butaforlarımız var. Tamaşa üçün nə lazımdırsa, hamısı teatrda hazırlanır. Onlar artıq öz işlərində püxtələşiblər. Hər biri öz işinin ustasıdır. Gəncləri də öz sıralarımıza cəlb etməyə, onların yaradıcı fikirlərindən yararlanmağa çalışırıq. Hazırda teatrda fəaliyyət göstərən 10 aktyordan 5-i gəncdir.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar