Müsabiqənin qalibləri mükafatlandırılıb
Mayın 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bədii qiraətçilərin “Mən teatr haqqında danışmaq istəyirəm” müsabiqəsinə yekun vurulub. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirib ki, layihənin məqsədi uşaq və gənclərə qədim və zəngin tarixə malik Azərbaycan teatrı, görkəmli sənətkarlarımız haqqında məlumatlar verməkdən ibarətdir.
Layihənin birinci mərhələsində Səbail rayonunda fəaliyyət göstərən 17 orta ümumtəhsil məktəbindən 300-dən çox şagird iştirak edib və 58 nəfər ikinci mərhələyə keçib. Bu mərhələdə iştirakçıların çıxışı dinlənildikdən sonra münsiflərin qərarı ilə 3 nəfər qalib elan olunub.
Müsabiqənin qaliblərinə - 6 nömrəli məktəbin 10-cu sinif şagirdi Ayla Orucova, 160 nömrəli klassik gimnaziyanın 9-cu sinif şagirdləri Maya Novruzova və Leyla Bayramovaya diplom və mükafatlar təqdim edilib.
Tədbirdə məktəblilər bədii proqramla çıxış ediblər. Sonda teatrın aktyorlarının ifasında şair-publisist Fəridə Ləmanın ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Onu zaman seçib” poeması əsasında rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanov tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib.