Mayın 13-də Türkiyənin Ərzurum şəhərində 5-ci beynəlxalq gənclik teatr festivalı başlanıb. Ayın 27-dək davam edəcək festivalda Bakı Uşaq Teatrı da iştirak edir. Kollektiv mayın 14-də Ərzurum Dövlət Teatrında Abdulla Şaiqin əsəri əsasında İntiqam Soltanın və Hacıbaba Məmmədovun quruluş verdiyi “Əşxas” tamaşası ilə çıxış edib.
Gürcüstan, İran, Bolqarıstan və s. teatr kollektivlərinin qatıldığı festivalda Bakı Uşaq Teatrının tamaşası maraqla qarşılanıb. İnsanlıq obrazında verilmiş Ana surəti “xəstə” yatan övladının (İdeal) məhv olmasına dözə bilmir, fəryad edir. İdealı əhatə edən qara qüvvələr Zülm, Şeytan, Fəlakət və Vicdan, Ədalət, Mərhəmət, Səadət arasında kəskin mübarizə gedir. Rəqslər üzərində qurulan tamaşada simfonik musiqi və canlı muğam ifasından istifadə olunub. Səhnə əsərinin musiqi tərtibatçısı Rauf Hüseynli, rəssamı Sevda Məmmədova və Vüsal Rəhimdir.