“Səhnəyə çıxanda sənin bir istəyin olur: gözəl rol oynamaq, yaxşı mənada səhnədə ölüb-dirilmək”
   
   Hər insan bu dünyaya bir alın yazısı ilə gəlir. İnsan yaşadıqca yaşamaq və yaratmaq istəyir. Hər bir yaradıcı insanın da öz sənət yolu, tale qisməti var.Yaradıcılığı tamaşaçı tərəfindən rəğbətlə qarşılanırsa, bu zaman aldığı stimul, enerji onu daha da möcüzəli sənət nümunələri yaratmağa sövq edir. Həmsöhbətimiz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, respublikanın Əməkdar artisti Leyli Vəliyevadır. Tamaşaçı onu Kamera Teatrından başlanan sənət yolu və bu illər ərzində teatr səhnəsində yaratdığı müxtəlif obrazlarla tanıyır və sevir.
   Zəngilan rayonunun Seyidlər kəndində anadan olan Leyli xanım böyük bacısı, Gəncə Dram Teatrının aparıcı aktrisası Guşvər Şərifovanın sayəsində sənətə gəldiyini deyir.
   
   - Aktrisa sənətini seçmənizdə bacınızın rolu oldumu?
   - Bacım məndən 6-7 yaş böyükdür və o həmişə işdən gəlib teatrdan danışanda böyük heyranlıqla onun dediklərinə qulaq asırdım. Bu zaman gözümə heç bir başqa sənət görünmürdü. Fikirləşirdim ki, mütləq aktrisa olacağam. Bu sənətdə bütün sahələr özünü birləşdirir. Səhnədə həkim də oluruq, müəllim də, müstəntiq də... Bir sözlə, aktyorluq sənətini mənə bacım sevdirdi. O vaxtlar teatr deyil, kino aktrisası olmağı arzulayırdım. Amma sonralar başa düşdüm ki, teatr başqa aləmdir, canlı sənətdir. Kinoda bəzən zəif aktyor elə təqdim olunur ki, tamaşaçılar onu dahi hesab edirlər.
   - Kimlərdən dərs aldınız?
   - Əməkdar incəsənət xadimi, hazırda Konyada dərs deyən Zəminə Hacıyeva kurs rəhbərim idi. Ondan sonra xalq artistləri Məlik Dadaşov və Elmira Şabanovadan dərs aldım. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, müəllimlərimin sevimli tələbəsi olmuşam, diqqətdən kənarda qalmamışam. F.Dostoyevskinin “Ağ gecələr”ində Nastenka, V.Şekspirin “Otello”sunda Dezdemona, C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”nda Zeynəb, F.Şillerin “Məkr və məhəbbət” əsərində Luiza, A.Çexovun “Albalı bağı”nda Ranevskaya, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”ında Şərəfnisə, Şəhrəbanu, H.İbsenin “Kabuslar”ında Floalbinq, Ə.Əmirlinin “Mən səni sevirəm” əsərində Sabah müəllimə kimi obrazlar yaradan aktrisa dəvət aldığı seriallarda da yaddaqalan rollar oynayır. Sənətdə qazandığı uğurlara görə iki nəfərə xüsusilə borclu olduğunu vurğulayır: xalq artistləri İrina Perlova və Cənnət Səlimova.
   Onlar bizə hər şey öyrətdilər. Səhnədə bütün davranışları, necə addım atmağı belə başa saldılar. Səhnəyə çıxanda sənin bir istəyin olur: gözəl rol oynamaq, yaxşı mənada səhnədə ölüb-dirilmək. Bu, aktyorun, aktrisanın sənətini daha da inkişaf etdirir.
   Leyli xanım ömür-gün yoldaşı, Əməkdar artist Nofəl Vəliyevlə eyni teatrda çalışır. Sənət yollarında birgə addımlayırlar. Deyir, bəzən mübahisə də edirik, müzakirə də. Bəs iki sənət adamı evdə necə dolanırlar?
   - Nofəl mənə nisbətən daha ağıllı və tədbirlidir. “Mübahisə-müharibə”yə başlayan tərəf həmişə mən oluram. Amma o daha diplomatikdir. Bütün münaqişə və mübahisələri Nofəl yoluna qoyur. Kənardan güclü görünsəm də, onsuz heç bir addım ata bilmirəm. Bəlkə də bu ondan irəli gəlir ki, məni heç vaxt tək buraxmayıb. Həmişə yanımdadır.
   - Tanışlığınız necə baş verdi?
   - Tanışlığımız ali məktəbə sənəd verdiyimiz gündən başlanıb. Münasibətlərimiz tədricən alındı. Dostluq edirdik, bütün sirrimi və problemlərimi bilirdi. Eyni qrupda oxumurduq, amma elə bil ki, tale özü məni həmin qrupa sarı çəkirdi. Sevgidən də vacib həyatda qarşılıqlı anlaşma, hörmət, bir dünyanın adamları olmaq və zövqlərin uyğunluğudur.
   - Teatrda bir səhnədə rollarınız çoxdurmu?
   - Bir çox tamaşalarda tərəf-müqabil oluruq. Rejissorlar səhnədə bizi müxtəlif cür görürlər: bacı-qardaş, ər-arvad, hətta ata-övlad kimi də görənlər var. Sevgi üçbucağı da oynamışıq səhnədə. Biz artıq püxtələşdikcə başa düşürdük ki, həmişə eyni tamaşada oynaya bilmərik. Bu haradasa maneçilik törədir. Niyə? Çünki bir-birimizə güzəştə gedirik və s. Qızımız dünyaya gələndən sonra o, tək qalmasın deyə eyni tamaşalardan qaçırdıq. Təbii bir səhnədə olmağımız yaxşıdır.
   - Neçənci ildə fəxri ada layiq görüldünüz?
   - 2003-cü ildə ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla Əməkdar artist adına layiq görüldüm. Dövlətimizin sənətə və sənət adamına verdiyi qiymət bizə hər zaman böyük stimuldur.
   Oynamaq istədiyi rollardan söz açan həmsöhbətim bacısı ilə eyni səhnəni bölüşmək arzusunda olduğunu da dilə gətirdi. Qızının gələcəkdə valideynlərinin sənət yolunu davam etdirməsinə qarşı olmasa da, bunu elə də arzulamır. Çünki teatr çətin sənətdir. Xüsusən də qadın üçün: “İstərdim ki, qızımın çoxlu uşaqları olsun və mən onların qulluğunda dayanım”.
   
   Söhbətləşdi:
   Lalə Azəri






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar