İyulun 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında teatr mövsümünün başa çatması münasibətilə mətbuat konfransı keçirildi.
   
    Teatrın direktoru, professor İsrafil İsrafilov iştirakçıları salamladıqdan sonra kollektivin 2012-2013-cü il teatr mövsümündə fəaliyyətindən söz açdı. Bildirdi ki, bu mövsüm ümumilikdə Milli Dram Teatrı üçün uğurlu olub: “İyulun 14-də Mirzə Fətəli Axundzadənin eyniadlı komediyası əsasında səhnələşdirilən “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası ilə teatr mövsümü bağlanıb. Mövsüm ərzində ümumilikdə on bir tamaşa təhvil verdik. Onlardan altısı dövlət sifarişi, üçü teatrın daxili imkanları hesabına, ikisi isə uşaqlar üçün səhnələşdirilərək tamaşaya qoyulub”.
   Direktor mövsüm ərzində təqdim olunan “Anamın kitabı”, “Sənətkarın taleyi”, “Şah və şair”, “Şah Qacar”, “Şorgöz deputat”, “Danışan gəlincik”, “Qaraca qız” və digər səhnə əsərlərinin tamaşaçılar tərəfindən maraqla qarşılandığını bildirdi.
   Qeyd etdi ki, teatrda müxtəlif tamaşaların nümayişi ilə yanaşı, dahi dramaturq M.F.Axundzadənin 200, Azərbaycan milli peşəkar teatrının 140 illiyi, görkəmli incəsənət xadimlərinin yubileyləri də qeyd olunub. Teatrın truppası eyni zamanda beynəlxalq festivallarda olub və səyyar tamaşalar göstərib.
   Daha sonra repertuar tərtibi ilə bağlı danışan direktor bildirdi ki, teatrda həm klassik, həm müasir əsərlər tamaşaya qoyulur: “Gənc aktyorlar, rejissorlar, dramaturqlar, bəstəkarlar, rəssamlar yeni tamaşaların hazırlanmasına cəlb olunurlar. Nəticə etibarilə gördüyümüz işlər göz qabağındadır”.
   Tamaşaçı problemi ilə bağlı suala cavab olaraq İsrafil İsrafilov bildirdi ki, Akademik Milli Dram Teatrının tamaşaçı problemi yoxdur: “Repertuarımızda yer alan tamaşalara elə olur ki, gənclər ikinci dəfə tamaşa etməyə gəlirlər”. Direktor teatr tamaşasını bir şəlaləyə bənzətdi: “Kimin xoşu gəlir, dönüb ona baxır, hətta onun yanında durub şəkil də çəkdirir. Xoşu gəlməyən də yanından laqeyd-laqeyd keçib gedir”.
   Gələcək planlardan danışan direktor bildirdi ki, yeni teatr mövsümündə dövlət sifarişi ilə “Əmir Teymur”, “Milyonçular şəhəri”, “Xəlifənin anası”, “Asi”, teatrın daxili imkanları hesabına isə “Şəhərdə manyak var” və digər tamaşaların hazırlanması nəzərdə tutulub.
   Mətbuat konfransında iştirak edən respublikanın xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruzov, Cəfər Namiq Kamal və Məleykə Əsədova başa çatan mövsümlə bağlı fikirlərini bölüşdülər, onlara ünvanlanan sualları cavablandırdılar.
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar