Bu dəfə Qacar olduğu kimi - tarixi və taleyi təhrif olunmadan tamaşaçılara təqdim olundu
   
   İyulun 13-də Akademik Milli Dram Teatrında tanınmış dramaturq Əli Əmirlinin tarixi mövzuda qələmə aldığı “Şah Qacar” pyesinin ilk tamaşası oldu. Görkəmli rejissor, Xalq artisti Azər Paşa Nemətovun quruluş verdiyi səhnə əsərində ilk dəfə Ağa Məhəmməd şah Qacar olduğu kimi tamaşaçılara təqdim olundu.
   
   Milli Dram Teatrında mövsümün son premyerası. Hər kəsin yaddaşında kök salmış “Bir boynu olsaydı bəşəriyyətin, onu bir qılıncla vurardım yəqin” - deyəcək qədər qəddar, qaniçən, zalım şah bu dəfə səhnədə hansı hökmlər verəcək? Bu sualın cavabı bir az sonra...
   
   “Tamaşa Azərbaycan teatrının 140 illiyinə həsr olunub”
   
   Nümayişdən əvvəl quruluşçu rejissor Azər Paşa Nemətovun ürək sözlərini eşitmək istəyirik.
   - Bu gün “Şah Qacar”ın tamaşaçılarla ilk görüşüdü. Ağa Məhəmməd şah Qacarın böyük xidmətləri olub və o, tarixdə maraqlı simalardan biri kimi qalıb. Geniş biliyə, mütaliəyə malik şah Qacar heç də Napoleondan əskik tarixi şəxsiyyət olmayıb. Amma ona nə sağlığında, nə də ölümündən sonra düzgün qiymət verilməyib. Biz əsərin müəllifi Əli Əmirli, bəstəkarı Siyavuş Kərimi, baş rolun ifaçısı Fuad Poladovla çalışmışıq ki, bu tamaşada Qacarın faciəsini göstərək.
   Tamaşada maraqlı dramaturji həll var, çox gözəl musiqi, gözəl aktyor oyunu var və mən də çalışmışam ki, tamaşa alınsın. Mənə elə gəlir ki, nə isə ortaya çıxara bilmişik. Təbii ki, qiyməti tamaşaçılar verəcək.
   Onu da deyim ki, tamaşaya hazırlıq keçən ilin mayından başlasa da, aktyorlarla qısa zamanda - ay yarıma bu əsəri hazırladıq. Tamaşa Azərbaycan teatrının 140 illiyinə həsr olunub. Vaxtilə mənim əziz dostum Vaqif İbrahimoğlu bu tamaşanı hazırlamaq istəyirdi, Həsənağa Turabov da Şah Qacar rolunu oynamalı idi. Onların arzusunu biz yerinə yetirdik. Ona görə də bu tamaşanı onların ruhuna ithaf edirik, ruhları şad olsun.
   Pyesin müəllifi Əli Əmirlinin də ürək sözlərini eşitdik. Görəsən, Əli Əmirlinin Qacarı Azərbaycan ədəbiyyatındakı Qacar obrazlarından nə ilə fərqlənəcək?
   - Biz bu tamaşada Qacarı olduğu kimi təqdim eləməyə çalışmışıq. Tarixi mənbələrə görə, Qacar çox ədalətli bir şah olub. Cinayəti cəzasız, xidməti mükafatsız qoymayıb. Çox dindar, Allahını tanıyan bir adam olub. Təbii ki, bütün orta əsr hakimlərinə məxsus keyfiyyətlər də onda olub. Azərbaycan ədəbiyyatında təhrif olunmuş şəkildə təqdim olunan Qacarı çalışmışıq ki, tamaşaçıya layiq olduğu şəkildə təqdim edək. Mənə elə gəlir, məqsədimizə nail olmuşuq.
   
   Qüdrətli və tənha şah
   
   Pərdələr açılır, tamaşaçı XVIII əsrə düşür. Tarixdə ilk dəfə xacə şah başına tac qoyub, taxta çıxacaq. Böyük bir məmləkət, qüdrətli bir dövlət xəcalət, tərəddüd, şübhə içində çırpınır. Heç kimin arzulamadığı şah - Ağa Məhəmməd şah Qacar taxta çıxır, yeni bir tarix başlayır.
   Uzun illər ağlı və qılıncıyla dünyanın bir parçasına sahib olan Qacar tarixin qaranlıqlarından üzə çıxır. Qüdrətli olduğu qədər bədbəxt, bədbəxt olduğu qədər tənha Ağa Məhəmməd şah Qacarı səhnədə Xalq artisti Fuad Poladov “dirildir”. Əzəmətli, ağıllı, şübhəli, inamlı və eyni zamanda inamsız Qacar bütün səhnəyə hakim kəsilir.
   Şah Qacar rolunu Fuad Poladov misilsiz dərəcədə gözəl oynayır. Sanki aktyor bu rolu oynamaq üçün illərlə, səbirlə, təmkinlə gözləyib, xəlvəti məşq edib, onun faciəsini, iztirablarını, ağrılarını ruhuna köçürüb ki, bir gün səhnəyə çıxıb gerçək Qacarı hər kəsə tanıtsın.
   Əli Əmirlinin yazıçı fəhmi, yazıçı manevrləri, işarə və simvollarla yüklənmiş dramaturji mətni, qüsursuz lakonik dili, zəngin tarixi faktlardan yerli-yerində istifadəsi tamaşaçını yormur, usandırmır, apardıqca aparır. Qacarın keçmişi yuxu, xəyal kimi səhnəni dolaşır, tamaşaçının qulağına bu sözləri pıçıldayır: heç kim bədbəxt və günahkar doğulmur, heç kim alın yazısını poza bilmir, heç kim gələcəyi, qeybi bilmir!
   Azər Paşa Nemətovun özünəməxsus dəst-xətti tamaşaçını nəfəs dərməyə qoymur. Seyrçi göz qırpmadan hadisələrin axarına düşüb gedir. Dinamika, musiqi, səhnə tərtibatı, aktyor oyunu yüksək peşəkarlıqdan xəbər verir.
   Tamaşada Xalq artisti Laləzar Mustafayeva Qacarın anası Ceyran xanım, əməkdar artistlər Sabir Məmmədov Sadıq xan, Məmməd Səfa Kərim xan Zənd, Vidadi Həsənov Şeyx Cəfər Tonkabuni rollarını yüksək peşəkarlıqla ifa edirlər.
   Bəlkə də həyatlarında ilk dəfə səhnəyə çıxan balaca artistlər Samirə Xanlarova, Canəli Canəliyev, Fəridə Əliyeva, Adil Dəmirov rollarının öhdəsindən məharətlə gəldikləri üçün alqışlanırlar.
   “Şah Qacar” iki saat tamaşaçıya tarixi anlar yaşadır - heyrətləndirir, düşündürür, kədərləndirir...
   Son pərdə - Qacar Qarabağın ürəyini - Şuşanı ələ keçirib. Bir əlində qılınc, bir əlində Quran tutan hökmdarı dünyanın cənnətinə hansı qüvvə gətirib? Qalib hökmdarın ətrafında xəyanət kölgəsi dolaşır. Qüdrətli və bədbəxt şah canını məhz Allahın qələm çəkdiyi bu torpaqda tapşırır.
   Pərdələr bağlanır, zal ayağa qalxıb “Şah Qacar”ı ayaq üstə alqışlayır! Bütün yaradıcı heyət səhnədə tamaşaçı ilə üz-üzə, göz-gözə dayanıb sənətin təntənəsini yaşayır. Alqışlar, gül çiçəkləri onlar üçündür. 140 yaşlı Azərbaycan teatrı öz salnaməsinə yeni, uğurlu bir tamaşanın adını yazır: “Şah Qacar”!
   
   Təranə Vahid






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar