Sentyabrın 7-də ABŞ-ın Los-Anceles şəhərinin “Dorothy Chandler Pavilion” opera teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş etdiriləcək. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşəcək tamaşa operettanın 100 illik yubileyinə həsr olunub.
Tamaşanın prodüseri amerikalı bəstəkar Maykl Şnakdır. O, 2006-cı ildə “Arşın mal alan”ı Vyanada uğurla səhnələşdirib. Operettada bütün rolları amerikalı opera müğənniləri ifa edəcək. Mahnılar Azərbaycan dilində ifa ediləcək, dialoqlar isə ingilis dilində aparılacaq. Musiqini Los-Ancelesdə fəaliyyət göstərən tanınmış orkestr ifa edəcək. “Arşın mal alan” ingilisdilli məkanda, xüsusilə də ABŞ-da belə miqyasda və formada ilk dəfə səhnələşdirilir.