Azərbaycanda bu möcüzənin 140 yaşı tamam oldu
   
   İyunun 25-də Azərbaycan peşəkar milli teatrının 140 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirildi. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov və tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə əklil və gül dəstələri qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı, məzarı üzərinə güllər düzüldü.
   
   Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək məzarları üzərinə tər çiçəklər düzdülər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.
   * * *
   Heydər Əliyev Sarayında peşəkar teatrımızın 140 illik yubiley mərasiminə toplaşmış iştirakçılar əvvəlcə sarayın foyesində teatr sənətimizin tarixini əks etdirən fotosərgiyə, teatr salnaməmizdən bəhs edən kitab sərgisinə və Azərbaycan səhnəsinin ən uğurlu tamaşalarında istifadə olunan geyimlərə tamaşa etdilər.
   Yubiley gecəsində çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev Azərbaycan teatrının keçdiyi çətin, zəngin və şərəfli yoldan söz açdı. Qeyd etdi ki, 140 il bundan əvvəl Bakı realnı məktəbinin şagirdləri Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyesini tamaşaya qoydular və 1873-cü ilin 10 mart tarixi xalqın mədəni mədəniyyətində yeni mənəvi sərvətin təməli oldu: “Axundzadənin ölməz komediyaları Şərqdə və İslam dünyasında yeni bir yolun başlanğıcını qoydu. Azərbaycan teatrı inkişaf etdi və teatr fədakar sənətkarların sayəsində yaşamaq haqqı qazandı. Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Hacıağa Abbasov, Hüseynqulu Sarabski, Səməd Mənsur, Mirmahmud Kazımovski, Mirzəağa Əliyev, Şövkət Məmmədova, Mərziyyə Davudova, Sidqi Ruhulla və adını teatr tarixinə qızıl hərflərə yazan onlarca sənətkarın fədakarlığı sayəsində Azərbaycan teatrı bir-biri ilə vəhdətdə olan iki xətt üzrə sürətlə inkişaf etməyə başladı. Bir tərəfdən Şekspir, Molyer, Şiller, Tolstoy, digər tərəfdən isə Mirzə Fətəli, Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Cəfər Cabbarlı və başqaları. Bir-biri ilə sıx əlaqədə olan bu iki estetik istiqamət Azərbaycan teatrında milli ilə bəşərini, Şərqlə Avropa mədəniyyətinin vəhdətini yaratdı. Bu vəhdət təkcə milli teatrın yox, ümumiyyətlə, Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynadı. Mirzə Fətəli teatrı, Cavid teatrı, Cabbarlı teatrı, sonrakı dövrlərdə Səməd Vurğun teatrı, İlyas Əfəndiyev teatrının yaranması ümumilikdə Azərbaycan teatrının inkişafında mühüm mərhələlər oldu”.
   Teatrın kollektiv sənət olduğunu vurğulayan natiq qeyd etdi ki, teatrın inkişafı eyni zamanda ədəbiyyatın, musiqinin, vokal sənətinin, rəngkarlığın, sənətşünaslığın inkişafıdır: “Avropa opera və operettasının illər boyu keçdiyi kəşməkəşli yaradıcılıq yolunu Azərbaycan teatrı bütün Şərqdə ilk dəfə olaraq Üzeyir bəyin yaradıcılığının timsalında “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər qısa bir müddətdə qət etdi. Üzeyir bəy bütün Şərqdə ilk dəfə olaraq “Arşın mal alan”, “O olmasın, bu olsun” kimi klassik operettaları yazaraq, onları Azərbaycan teatrının səhnəsinə gətirdi”.
   Qeyd olundu ki, Şərqdə ilk dəfə qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1919-cu ildə dövlət teatrının yaradılması barədə qərar teatr sənətinə olan sevginin ən bariz nümunəsidir.
   Elçin Əfəndiyev məruzəsində milli teatrımızın keçdiyi yola nəzər saldı. Ən çətin dönəmlərdə belə teatrların fədakar, cəfakeş sənətkarlar tərəfindən yaşadıldığını bildirdi: “Azərbaycan milli teatrı öz bəşəri missiyasını yerinə yetirir”. Bu gün İrəvan, Şuşa, Ağdam teatrlarının qaçqın və köçkünlük həyatı yaşadığını vurğulayan natiq bu teatrların ən çətin məqamlarda yaşamasını sənət eşqi adlandırdı: “Biz hərdən teatr möcüzədir ifadəsini işlədirik və teatr möcüzəsi, şübhəsiz ki, mücərrəd anlayış deyil. Həmin möcüzəni dediyim o insanlar, teatr kollektivləri yaradırlar”.
   Elçin Əfəndiyev yeni inkişaf mərhələsini yaşayan Azərbaycan teatrına dövlətin göstərdiyi qayğı və diqqətdən danışdı və əlamətdar yubiley münasibətilə teatr ictimaiyyətini, sənətsevərləri və bütövlükdə Azərbaycan xalqını təbrik etdi.
   Mərasimdə teatrımızın keçdiyi yolu əks etdirən kadrlar, bu sənətin inkişafına daima qayğı və diqqət göstərən ümummilli lider Heydər Əliyevin Azərbaycan teatrının 100 illik yubileyində və eləcə də müxtəlif teatr tədbirlərində iştirakını əks etdirən kadrlar nümayiş olundu.
   * * *
   140 ilin tamamında 140 ilin inciləri bir səhnədə birləşdi. Xalq oyunlarının ölümsüz qəhrəmanları Kosa və Keçəl bütün personajları ilə bir anda səhnəni canlandırdı. Ənənəvi və hər zaman da baxımlı olan xalq oyununu şux rəqslər əvəz etdi. “Lənkəran xanının vəziri” yerini “Ölülər”ə verdi. “Leyli və Məcnun”un ən gözəl səhnələrindən biri təqdim edildi. “Oqtay Eloğlu”, “Ölülər” və “Hamlet”in uğurlu “sintezi” Azərbaycan teatrının sərhədsizliyini göstərdi. “Arşın mal alan” səhnədə yenə öz sevgilisini axtardı, dünya incilərindən olan “Min bir gecə”, “Məhəbbət əfsanəsi” baletlərindən parçalar nümayiş olundu. Rus Dram Teatrının aktyorları yenə öz məharətlərini göstərdi, Dövlət Kukla Teatrı bütün personajları ilə səhnədən iştirakçıları salamladı.
   Azərbaycan teatrının keçdiyi 140 illik yolu tədbirin rejissoru Xalq artisti Vaqif Əsədov al-əlvan buket şəklində tamaşaçılara təqdim etdi.
   Gecənin sonunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səhnəyə çıxaraq əlamətdar yubiley münasibətilə bütün teatr ictimaiyyətini ürəkdən təbrik etdi və ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan teatr xadimlərinin təltif edilməsi haqqında sərəncamlarını təqdim etdi. Azərbaycan teatrının 140 illik yubileyi sənət adamlarının hədsiz sevinci və sürəkli alqışlarla başa çatdı.
   
   Təranə Vahid
   Fəxriyyə Abdullayeva 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar