İyunun 24-də “Qalereya-1969” salonunda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə teatr rəssamlarının əsərlərindən ibarət “Azərbaycan teatrı-140” mövzusunda sərgi açıldı.
   
   Teatr tariximizin XX əsrin əvvəlindən bu günə qədər olan dövrünü əks etdirən sərgidə Eldar Qurbanov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Kazım Kazımzadə, Əzim Əzimzadə, İzzət Seyidova, Həsən Mustafayev, Kamil Xanlarov, Nazim Bəykişiyev, Fyodor Qusak, İsmayıl Axundov, Sadıx Şərifzadə, Ənvər Almaszadə, Elçin Məmmədov və digər rəssamların müxtəlif teatr tamaşalarına çəkdikləri dekorasiya eskizləri nümayiş olunur.
   Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sərginin ölkə Prezidentinin “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında” 2013-cü il 1 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planı çərçivəsində təşkil edildiyini dedi. Azərbaycan dövlətinin mədəniyyətin, o cümlədən teatr sənətinin inkişafına hər zaman qayğı və diqqət göstərdiyini vurğulayan nazir müavini Prezident İlham Əliyevin sərəncamı ilə 10 martın Azərbaycanda Milli Teatr Günü elan olunduğunu nəzərə çatdırdı: “Bu, cənab Prezidentin Azərbaycan teatr sənətinə diqqətinin bariz göstəricisidir. Peşəkar teatrımızın 140 illiyinin qeyd edilməsi ilə bağlı sərəncama müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyi əlaqədar qurumlar və yaradıcı ittifaqlarla birgə bu ilin martından indiyədək müxtəlif mövzuda tədbirlər həyata keçirmişdir”. Teatrımızın zəngin inkişaf yoluna nəzər salan nazir müavini müstəqillik dövründə görülən işlər və teatr sənətimizin bugünkü inkişafı barədə fikirlərini bölüşdü. Qeyd olundu ki, son üç il ərzində dövlət sifarişi ilə 350-dək tamaşanın hazırlanması üçün teatrlara vəsait ayrılıb və yaradıcı heyətlər maraqlı sənət nümunələri ərsəyə gətiriblər. Ötən müddətdə teatra həsr olunmuş 20-dək monoqrafiya və portret janrında əsər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görüb: “Bu statistik rəqəmlərin sayını artırmaq olar. Amma görülən işlər göz qabağındadır. Elə bu səbəbdən də biz 2014-cü ildə Dünya Teatr Qurultayının Azərbaycanda keçirilməsinə iddialıyıq. Bu istiqamətdə Beynəlxalq Teatr İnstitutu ilə danışıqlar aparırıq. Teatr kollektiv sənətdir. Burada çalışan dekorator, butafor, rejissor, rəssam və digərləri çox zaman səhnə arxasında qalırlar, tanınan isə aktyorlar olur. Bu gün təşkil olunan sərgi bizi zaman-zaman sevərək seyr etdiyimiz tamaşaların rəssamları ilə tanış edir və bir çox tamaşaların səhnə dekorasiyalarını uzun illərdən sonra məhz bu rəsmlərdə görə bilirik. Teatr rəssamlarının sərgisini təşkil etməklə bu sahədə çalışan bütün insanların da unudulmadığını diqqətə çatdırmaq istəyirik”.
   Tədbirdə çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov peşəkar milli teatrımızın inkişafında teatr rəssamlarının rolundan söz açdı.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar