İyunun 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatr Rəhbərləri Şurasının 2-ci iclası keçirildi.
   
   Toplantıda TÜRKSOY baş katibinin müavini Fırat Purtaş, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin qurumdakı təmsilçisi Elçin Qafarlı, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, habelə Başqırdıstan, Tatarıstan, Saxa Yakutiya, Tuva (Rusiya Federasiyası) teatrlarının direktorları, bədii rəhbərləri və baş rejissorları iştirak edirdilər.
   Qeyd edək ki, 2011-ci ildə Türkiyənin Antalya şəhərində təsis toplantısı keçirilən Şuraya sədrliyi hazırda Azərbaycan həyata keçirir. İclasa sədrlik edən Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov açılış nitqində qurumun yaranma tarixindən söz açdı. Qeyd olundu ki, Şura türkdilli ölkələrin teatrları arasında qarşılıqlı əlaqələrə, sənət və təcrübə mübadiləsinə kömək edir: “Bu məsələdə ən böyük istiqamətverici isə TÜRKSOY-dur. Bu il iki əlamətdar yubileyi - Azərbaycan peşəkar milli teatrının 140 illiyini və TÜRKSOY-un yaranmasının 20 illiyini qeyd edirik. Sevindirici haldır ki, türkdilli ölkələrin teatr rəhbərləri Azərbaycan teatrının yubiley təntənəsində Bakıda bir araya gəliblər”.
   TÜRKSOY baş katibinin müavini Fırat Purtaş Azərbaycan peşəkar teatrının 140 illiyi münasibətilə teatrsevərləri təbrik etdi. Bildirdi ki, teatr mədəniyyəti yaşadan önəmli faktorlardan biridir və türkdilli xalqlar arasında teatrla bağlı işbirliyinin qurulmasında TÜRKSOY birləşdirici rol oynayır.
   Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrları baş direktoru Mustafa Kurt isə gələcəkdə türkdilli dövlətlər arasında həyata keçirilməsi nəzərdə tutulan layihələrə toxundu. Digər çıxış edənlər qarşılıqlı əlaqələrin perspektivləri və türkdilli respublikaların müasir teatr problemlərindən bəhs etdilər.
   Toplantıda Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı yeni çapdan çıxmış “TÜRKSOY teatr almanaxı”nın birinci nömrəsini iştirakçılara təqdim etdi. Bildirildi ki, hər il işıq üzü görəcək almanaxa türkdilli ölkələrin yazıçılarının pyesləri daxil ediləcək. Nəşrin ilk sayında müxtəlif türkdilli xalqların dilində ümumilikdə 12 pyes yer alıb.
   Sonra iştirakçılar Dövlət Akademik Milli Dram Teatrı haqqında qısa filmə baxdılar. TÜRKSOY-un 20 illiyi ilə əlaqədar təşkilatın baş katibinin müavini Fırat Purtaş Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, TÜRKSOY-un Dövlət Teatr Rəhbərləri Şurasının sədri İsrafil İsrafilova xatirə hədiyyəsi təqdim etdi.
   İclasda türkdilli teatrlar arasında əməkdaşlıq, perspektiv fəaliyyət, ortaq layihələr, təcrübə mübadiləsi və s. məsələlər ətrafında müzakirələr aparıldı. TÜRKSOY ölkələri Dövlət Teatr Rəhbərləri Şurasının növbəti toplantısının Tatarıstanda keçirilməsi qərara alındı.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar