Üç-dörd il əvvələdək hansı teatr rəhbərini dindirirdiksə, gənc aktyorlardan, onların sənətə marağının zəifliyindən gileylənirdilər. Həqiqətən də aktyorluq peşəsini seçən bəzi gənclər öz üzərində ciddi çalışıb sənət aləminə uyğunlaşmağı bacarırdısa, əksəriyyəti güzəran dalınca başqa peşəyə üz tuturdu.
Bu günlərdə Mədəniyyət və İncəsənət Universitetinin «Dram teatrı və kino aktyoru» fakültəsinin 4-cü kurs tələbələrinin diplom tamaşasına baxandan sonra həm təəccübləndim, həm də sevindim. Son illər teatr və kino sahəsində aparılan islahatlar, teatrların maddi-texniki imkanlarının yaxşılaşdırılması, həmçinin istehsal olunan filmlərin sayının artması, o cümlədən telekanallarda çoxsaylı serialların ekranlaşdırılması gənc aktyorları öz peşələrinə daha ciddi yanaşmağa sövq edib.
Mədəniyyət və İncəsənət Universitetinin «Tədris» teatrında tələbələr diplom tamaşası kimi Nikolay Qoqolun «Evlənmə» pyesini təqdim etdilər. Kursun rəhbəri Xalq artisti Zemfira Nərimanovanın tələbələrini sonuncu dəfə Qoqolla sınağa çəkməsi təqdirəlayiq haldır. Bir dəfə böyük sənətkarımız Həsənağa Turabov ustadı, mərhum rejissorumuz Tofiq Kazımov haqqında söhbətimizdə dedi ki, o, çəkinmədən gənc tələbələrə klassik əsərlərdə baş rol verməklə onları gələcəyə hazırlayırdı. Bu səbəbdən Tofiq Kazımovun tələbələri Azərbaycan teatrının qızıl dövrünü yaratdılar.
“Evlənmə” Qoqolun ən müəmmalı pyeslərindən hesab edilir. Çünki ilk anda məişət komediyası təəssüratı bağışlasa da, dərinə getdikcə müəmmalı gülüşün əsas hədəfi aydın olur. Zemfira xanım tələbələrlə bu əsəri hazırlamaqla böyük risk etsə də, nəticədə maraqlı bir tamaşa ərsəyə gəlib.
Bu yerdə əsərin qısa məzmununu diqqətə çatdırmaq istəyirəm. Kiçik məmur İvan Kuzmiç Podkolyosin evlənmək istəyir. Lakin onu ən çox gələcək arvadının gözəlliyi və xasiyyəti deyil, sərvəti maraqlandırır. Əsərin digər baş qəhrəmanı tacir qızı Aqafya Tixonovnadır. Onun yaşı keçsə də, ərə gedə bilmir. Hər ikisi Fyokla İvanovna adlı aradüzəldənə bu işin müqabilində yaxşı pul boyun olurlar. Peşəsinin sənətkarı olan Fyokla İvanovna onları bir-birinə calamağa çalışır. Lakin ona mane olan var. Bu da Podkolyosinin dostu Koçkaryovdur. O, Podkolyosini özü evləndirmək istəyir. Aqafya Tixonovna ilə evlənmək istəyən digər dörd adaxlının ortalığa çıxması isə hadisələrin gedişatını qəlizləşdirir.
Əvvəla onu qeyd etmək yerinə düşər ki, kurs rəhbəri rolları tələbələr arasında böyük ustalıqla bölüşdürmüşdür. Tamaşada Aqafya Tixonovnanı Türkan Cahangirova, İvan Kuzmiçi Əlləz Əhmədov, Fyokla İvanovnanı Həmidə Əhmədova, İlya Koçkaryovu Seyran Sultanzadə, Arina Panteleymonovnanı Samirə Hüseynova, digər adaxlılar Baltazar Jevakini Vasif Həsənəliyev, İvan Yaiçnitsanı Elşən Talıbov, Nikolay Anuçkini Savaş İşık, Aleksey Starikovu Çağrı Duran, Dunyaşkanı Şəbnəm Cəbrayılova oynayırdı.
Zemfira xanımın uğurlu seçiminin digər göstəricisi də gənclərin onlara həvalə edilən rolları böyük həvəslə oynamaları idi. Bir neçə adın üzərində xüsusi dayanmaq istərdim.
İvan Podkolyosin rolunu oynayan Əlləz Əhmədov artıq Akademik Milli Dram Teatrında tamaşalarda səhnəyə çıxıb. “Evlənmə”də də parlaq ifa göstərdi. İlk baxışda bir qədər həyəcanlı görünsə də, rolun öhdəsindən məharətlə gəldi.
Pyesdə əsas konflikt xətti Koçkaryovla Fyokla İvanovna arasında baş verir. Seyran Sultanzadənin ifasında biz tamamilə başqa, sanki Koçkaryovun milliləşmiş obrazını görürük. Lerikdən olan Seyranın Gəncə ləhcəsində danışmağı həm tamaşaçını güldürür, həm də obrazı daha orijinal edir. Gənc aktyor özünü səhnədə çox sərbəst aparır ki, bu da aktyor üçün vacib şərtlərdəndir.
Türkan Cahangirovanın Aqafya Tixonovnası da bir tamaşaçı kimi məni yaxşı mənada təəccübləndirdi. O, sadəlövh, amma yeri gələndə düşünüb düzgün qərar verən tacir qızını məharətlə oynayır. Xüsusilə də Yaiçnitsa ilə dialoqları məlahətli ifa tərzi ilə seçilir.
Anuçkin rolunun ifaçısı, türkiyəli Savaş İşıkı ayrıca qeyd etmək istərdim. Əslən Diyarbəkirdən olan Savaş sanki bu sənət üçün doğulub. Rolu elə oynayır ki, sanki iki əsr əvvəl Qoqol bu obrazı məhz onun üçün yazıbmış. Onun oyununa baxanda görürük ki, Anuçkinin xarici görkəmi, danışığı və plastikası, daxili dünyası da Savaşın boyuna biçilib. Burada qeyd etmək istəyirəm ki, Savaş Fərhad İsrafilovun tələbəsidir, bu tamaşada qonaq aktyor kimi iştirak edir. Tamaşadan sonra söhbətimizdə Savaş Diyarbəkirə qayıdıb orada öz teatrını açmaq istədiyini dedi.
Qoqolun qələmindən çıxan əsərdəki hadisələr, üzərindən iki əsr keçsə də, günümüzlə, həyatımızla, məişətimizlə səsləşir. Sevindirici haldır ki, bugünkü gənclik klassikaya maraq göstərir və nəticədə belə keyfiyyətli tamaşa ərsəyə gəlir.
İltifat Hacıxanoğlu