Multimedia portalının təqdimatı
   
   İyunun 20-də Muzey Mərkəzində "Azərbaycan teatrı: dünən, bu gün və sabah - multimedia janrı teatrlarda" adlı layihənin təqdimat mərasimi keçirildi. Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyi ilə bir vaxtda ərsəyə gələn elektron portal teatr sənətimizin tarixini və bu gününü geniş şəkildə əhatə edir.
   
   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev respublikamızda teatr sahəsinə olan dövlət qayğısından söz açdı, son dövrlərdə bu sahədə görülən işlər barədə danışdı.
   Bildirildi ki, Azərbaycan teatrı 140 illik fəaliyyəti dövründə böyük bir yol keçərək bu gününə gəlib çatıb. İstər sovet dövründə, istərsə də müstəqilliyimizi bərpa edəndən sonra dövlətimiz heç zaman teatr sahəsinə diqqət və qayğısını əsirgəməyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramında respublika ərazisində fəaliyyət göstərən dövlət teatrlarının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulub. Son illər bir sıra teatrlarımız - Akademik Milli Dram Teatrı, Kukla Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı, Dövlət Musiqili Teatrı əsaslı təmir edilib, ayrı-ayrı teatrlarımız binalarla təchiz olunub. 
   Hazırda dövlətin bu sahəyə diqqət və qayğısının nəticəsidir ki, ölkəmizdə beynəlxalq teatr forumları, festivallar keçirilir: “Bu gün Amerikadan Yaponiyaya qədər dünyanın bir çox ölkələrindən gələn rejissorlar bizim teatrlarda tamaşalar səhnəyə qoyur, bizim sənət adamlarımız da həmçinin dünya teatrlarına dəvət alırlar. Dünyanın heç bir ölkəsində teatr sahəsinə bu qədər diqqət yoxdur desəm, yanılmaram. Son iki ildə teatrlarımızda dövlət sifarişi ilə neçə-neçə əsərlər tamaşaya qoyulmuşdur. Azərbaycan peşəkar milli teatrının 140 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində teatr ensiklopediyamız da nəşr edilərək geniş ictimaiyyətə təqdim olunacaq. Bu gün təqdimatına toplaşdığımız "Azərbaycan teatrı: dünən, bu gün və sabah - multimedia janrı teatrlarda" adlı layihə də milli teatrımızın yubileyinə əlamətdar töhfədir. Bu portal vasitəsilə teatr tariximizlə yaxından tanış ola biləcəksiniz”.
   Qeyd olundu ki, teatr sənətimizin keçmişini və bu gününü geniş şəkildə əks etdirən belə bir portalın hazırlanmasına tələbat çoxdan yaranmışdı. Layihədə Azərbaycan teatrının dünəni ilə bağlı sayt və resursların təqdim olunması, Azərbaycan teatr sənətinin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı haqqında materialların hazırlanması, arxiv sənədlərinin toplanılması və veb-səhifələrdə yerləşdirilməsi, foto, audio və video materialların yazılışı, veb-səhifələrin əlaqəli istifadəsi nəzərdə tutulub. Portalda respublikamızda fəaliyyət göstərən dövlət teatrlarının saytlarının yaradılması, Azərbaycan teatr sənətinin beynəlxalq miqyasda təbliği, eksponatların 3D formatında canlandırılması, bütün audio və video materialların üç dildə səsləndirilməsi, elektron multimedia resurslarının imkanlarından istifadə edərək rəngarəng audiovizual materiallar əsasında virtual sərgi salonlarının yaradılması planlaşdırılır.
   Mədəniyyət və Turizm Nazirliyi layihənin həyata keçirilməsini bu sahədə ixtisaslaşan, yüksək təcrübəyə malik "Musiqi dünyası" jurnalının kollektivinə həvalə edib.
   Təqdimatda çıxış edən layihənin rəhbəri, “Musiqi dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədov portal haqqında ətraflı məlumat verdi. Bildirildi ki, jurnalın elektron nəşrlər mərkəzinin mütəxəssislərinin ikiillik zəhmətinin nəticəsi olaraq ərsəyə gətirilən layihə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən hazırlanıb. Azərbaycan, rus və ingilis dillərində yaradılan portala böyük miqdarda arxiv materialları daxil edilib. Burada teatr xadimlərinin səs yazıları, videosu, 100-ə yaxın pyes, 500 saatdan çox video material, 300-dən artıq məktub, 15 min fotoarxiv yer alıb.
   Layihə teatr ictimaiyyəti nümayəndələri tərəfdən yüksək qiymətləndirildi, onun ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq ifadə olundu.
   
   Lalə Azəri 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar