Bugünlərdə maestro Niyazinin mənzil-muzeyində Üzeyir Hacibəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illiyinə həsr olunan tədbir keçirildi.
   
   Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova açaraq “Arşın mal alan” komediyasının Azərbaycanda və onun hüdudlarından kənarda qazandığı çoxsaylı uğurlardan danışdı. Bildirdi ki, ”Arşın mal alan” dünyanın üç qitəsini dolaşıb.
   Üzeyir bəy əsəri Peterburq konservatoriyasının tələbəsi ikən yazıb. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə iştirak edən Stalin nədən “Arşın mal alan”ın olmadığını soruşur. Bundan sonra təcili əsərin məşqləri başlanır və səhnəyə qoyulur. Əsər dörd dəfə Azərbaycanda, bir dəfə Amerikada ekranlaşdırılıb. 1916-1917-ci illərdə Bakıda səssiz film çəkilib. Sonradan bu filmlər ləğv edilib. Səbəb kimi musiqili xarakterə malik filmdə səsin olmaması göstərilib.
    Digər mədəniyyət yadigarlarımız kimi bu ölməz əsər də erməni fitnəkarlığına məruz qalıb. Belə ki, 1939-cu ildə Amerikada Ruben Mamulyan əsəri “erməni folklorundan gələn mövzu kimi” ekranlaşdırır və filmi müxtəlif ölkələrə satmaqla çoxlu pul qazanır. Filmdə ümumiyyətlə, Azərbaycanın və Üzeyir bəyin adı çəkilmir. 1945-ci ildə Azərbaycanda bu məsələdən xəbər tutulur, Leşşenko və Rza Təhmasib təcili olaraq “Arşın mal alan”ın çəkilişlərinə başlayırlar. Yuxarıda bəhs edildiyi kimi, film böyük uğur qazanır. Bununla da dünyaca məşhur əsərin Azərbaycana məxsusluğu bir daha sübut olunur.
   Sonra Niyazinin mənzil-muzeyinin şöbə müdiri Xanımbacı Abdinova çıxış edərək bildirdi ki, təkcə 1945-ci ildə bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27 milyon tamaşaçı baxıb. Film nəinki Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti qazandırıb. Rusiya kinosunun 100 illiyi münasibətilə sovet ekranlarında uzun illər nümayiş olunan və xarici ölkə filmləri arasından “100 sevimli film” seçilir. Həmin filmlər üç hissəyə - qızıl, gümüş və bürünc siyahılara ayrılır. 1945-ci ildə istehsal olunan “Arşın mal alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə “Qızıl siyahı” ya daxil edilir. Eyni zamanda 180 ölkədə nümayiş olunur və 86 dilə tərcümə olunur. Filmin istehsalı üçün beş milyon manat vəsait xərclənir. Ekran əsəri bu məbləğin qarşılığında 5 milyard manat gəlir gətirir.
   Tədbirin sonunda “Arşın mal alan” filmindən fraqmentlər və slayd-şou nümayiş olundu.
   
   Savalan Fərəcov 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar