Şəhərin yay günləri başa çatıb. Tətildən qayıdan teatr kollektivləri də yeni mövsümün hazırlıqlarına başlayıblar. Dövlət Gənc Tamaşaçılar Teatrı bugünlərdə özünün 86-cı mövsümünə start verir. Müsahibimiz teatrın direktoru, Əməkdar artist Mübariz Həmidovdur.
   
   - Mübariz müəllim, istərdim ki, əvvəlcə ötən mövsümün yekunlarını dəyərləndirək...
   - Ötən mövsüm bir çox əlamətdar hadisələrlə yadda qaldı. Dövlət başçısının sərəncamı ilə Azərbaycan milli peşəkar teatrının 140 illiyi təntənəli şəkildə qeyd olundu. Heydər Əliyev Sarayında keçirilən yubiley tədbirinin hazırlanmasında teatrımızın 80-nə yaxın işçisi - yaradıcı və texniki heyətin üzvləri yaxından iştirak etdi. Sevindirici haldır ki, yubiley mərasiminə quruluş verilməsi məhz bizim teatrın rejissoru, Xalq artisti Vaqif Əsədova həvalə olunmuşdu. Tədbirin sonunda çox maraqlı və həyəcanlı anlar yaşadıq. Səhnəyə çıxan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin bir qrup teatr xadiminə dövlət təltiflərinin və fəxri adların verilməsi ilə bağlı sərəncamlarını oxudu. Fürsətdən istifadə edib teatr işçilərinə göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimizə kollektivimiz adından minnətdarlığımı bildirirəm. Son illər mədəniyyətə, incəsənətə dövlət qayğısı göz qabağındadır. Bütün ölkə boyu aparılan abadlıq-quruculuq işləri mədəniyyət müəssisələrindən, teatrlardan da yan keçməyib. Bakıdakı teatrlar təmir edilib, yenidən qurulub. Proses artıq rayonlarımızda fəaliyyət göstərən dövlət teatrlarında da davam edir, orada çalışan həmkarlarımız üçün də müasir tələblərə uyğun şərait yaradılır. Təbii ki, görülən bütün bu işlər fəaliyyətimizin məzmununa və keyfiyyətinə müsbət təsir edir. Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru kimi bunu kollektivimizin gündəlik həyatında yaxından görürəm.
   Ötən mövsüm bizim üçün daha bir yubileylə əlamətdar oldu. Dövlət Gənc Tamaşaçılar Teatrı 85-ci mövsümünü başa vurdu. Azərbaycanın teatr tarixində özünəməxsus izi olan teatrımız yubiley mövsümündə maraqlı tamaşalar hazırladı, uğurlu yaradıcılıq işlərinə imza atdı. Beynəlxalq layihə əsasında Aleksey Tolstoyun “Buratinonun macəraları” tamaşasını hazırladıq. Tamaşaya Xorvatiyadan dəvət etdiyimiz rejissor İvisa Simiç quruluş verdi. Onunla birgə çalışan xorvatiyalı quruluşçu rəssam Dinka Jeriçeviç və bəstəkar İqor Karliç təxminən bir ay müddətində yaradıcı heyətlə sıx əməkdaşlıq etdilər, nəticədə maraqlı bir tamaşa alındı. Ukraynanın Donetsk şəhərindəki Gənc Tamaşaçılar Teatrının rejissoru Tatyana Şevçenko isə bizim kollektivlə İsveç dramaturqu Astrid Lindqrenin “Balaca və damda yaşayan Karlson” əsərini təqdim etdi. Xalq artisti Cənnət Səlimova italyan dramaturqları Dario Fonun “Markolfa” və Pepino de Filipponun “Don Raffael trambonçu” əsərləri əsasında “İtalyansayağı xoşbəxtlik” tamaşasına quruluş verdi. Əməkdar artist Nicat Kazımovun quruluşunda isə Mikayıl Müşfiqin “Şəngül, Şüngül, Məngül” tamaşası balacalara təqdim olundu.
   - 85-ci mövsümün uğurlarından söhbət açarkən “Müharibə” tamaşasından danışmamaq mümkün deyil...
   - “Müharibə”ni mən özüm qəsdən sona saxlamışdım. Bilirdim ki, bu barədə sual olacaq. Çünki bu tamaşa geniş əks-səda yarada bilib, haqqında müsbət fikirlər səslənib. Teatrımızın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun İsveç dramaturqu Lars Norannın “Müharibə” pyesinə verdiyi quruluş ötən mövsümdə ən uğurlu yaradıcılıq işlərimizdən biridir.
   - Tamaşanın xarici ölkələrdə oynanılması, beynəlxalq festivallarda göstərilməsi üçün planlarınız varmı?
   - Təbii ki, teatrımızın ən uğurlu işlərindən birini başqa ölkələrdə də nümayiş etdirməkdə maraqlıyıq, bu yöndə işlər görürük. Sentyabrın 30-dan oktyabrın 2-dək Rusiyanın Həştərxan vilayətində qastrolda olacağıq. Həştərxan Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılacaq əsərlər arasında “Müharibə” də var. Oktyabrın 3-də Rusiya Federasiyasının Kalmıkiya Respublikasına qastrola gedəcəyik. Kalmıkiya Milli Dram Teatrı rəhbərliyinin xahişi ilə “Müharibə” tamaşasını da aparacağıq. Bir neçə nüfuzlu beynəlxalq teatr festivalının təşkilatçıları ilə danışıqlarımız gedir, tamaşa barədə məlumatları artıq onlara göndərmişik. İnanıram ki, bizim “Müharibə” hələ çox ölkələrdə səs-küy yaradacaq.
   - Yeni mövsümdə hansı tamaşaların hazırlanması nəzərdə tutulur?
   - Tamaşaçılarla hər görüş bizim üçün böyük məsuliyyətdir. Bu ilin sonuna kimi bir neçə yeni tamaşa üzərində yaradıcılıq işi aparılacaq. İstedadlı dramaturq Əli Əmirli yeni pyesini teatrımıza təqdim edib. “Hasarın o üzündə” adlı əsərə Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verəcək. Əməkdar artist Nicat Kazımov balaca tamaşaçılarımız üçün Abdulla Şaiqin “Danışan gəlincik” əsərini hazırlayacaq. Bu mövsümdə kiçik səhnəmizdə daimi tamaşalar oynamağı düşünürük. Həmin tamaşalar üzərində iş gedir. Əvvəlki illərdə olduğu kimi, yeni mövsümdə də bölgələrimizə qastrollara gedəcəyik. Biz bu məsələyə həmişə diqqətlə yanaşmışıq. Ölkə Prezidentinin təsdiq etdiyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı isə bunu bir vəzifə olaraq qarşımıza qoyur. Bölgələrimizdə tamaşaçılarımızla görüş bizim üçün çox maraqlı olur. Onlarla təmas quranda teatr üçün necə darıxdıqlarını görürük.
   - Dünya şöhrətli teatr və kino xadimi Kşiştof Zanussi deyir, biz necə edək ki, tamaşaçı teatra gəlmədiyinə görə utansın? Sizin teatr bunun üçün nə iş görür?
   - Bu gün teatrın funksiyası dəyişib, ona qarşı tələblər də artıb. İnformasiya əsrində yaşayan, evində rahat oturub 100-dən çox telekanalı izləmək imkanı olan tamaşaçını teatra gətirmək asan məsələ deyil. Biz tamaşaçını utandırmaq yox, maraqlandırmaq istəyirik. Mənim fikrimcə, əgər tamaşaçı teatrdan narazı gedirsə, günah onda yox, teatrdadır. Teatrımızda işi elə qurmaq istəyirik ki, tamaşaçı bizdən narazı getməsin, növbəti dəfə yenə gəlsin. Qismən də olsa, buna nail ola bilmişik. Bu yöndə fəaliyyətimizi davam etdiririk.
   
   Etibar Cəbrayıloğlu







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar