Sentyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 141-ci teatr mövsümünü görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açacaq.
Teatrın mətbuat xidmətindən bildiriblər ki, səhnə əsəri teatrın repertuarında xüsusi yer tutan tamaşalardandır. Torpaqlarımızın 20 faizinin işğal altında qaldığı, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın ən böyük dərdi olduğu indiki məqamda bu tamaşa xüsusilə aktual səslənir. Qarabağ həqiqətlərinin təbliği, dünyaya çatdırılması, ibrətamiz həqiqətlərlə dolu tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyan “Qarabağnamə” tamaşası, əvvəlki mövsümlərdə olduğu kimi, yeni teatr mövsümündə də Akademik Milli Dram Teatrının repertuarını bəzəyəcək.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadədir.