Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı sentyabrın 15-də 141-ci mövsümü ənənəyə uyğun olaraq Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açıb. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
Yeni mövsümün başlanması münasibətilə mətbuat konfransı keçirən teatrın direktoru, professor İsrafil İsrafilov yaradıcı kollektivin fəaliyyəti, səhnələşdirilməsi nəzərdə tutulmuş tamaşalar barədə məlumat verib.
Qeyd olunub ki, Qarabağ həqiqətlərinin təbliği, dünyaya çatdırılması, ibrətamiz həqiqətlərlə dolu tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyan “Qarabağnamə” tamaşası, əvvəlki mövsümlərdə olduğu kimi, bu mövsümdə də Akademik Milli Dram Teatrının repertuarını bəzəyəcək.
Mövsümün ilk premyerası isə Əli Əmirlinin pyesi əsasında səhnələşdirilmiş “Şah Qacar” tamaşası olacaq. Bu mövsümdə hazırlanıb səhnəyə qoyulması nəzərdə tutulan bir neçə pyesdən biri də böyük ədib Hüseyn Cavidin “Topal Teymur” əsəridir. Bundan əlavə, Eduardo de Filipponun “Neapol - milyonerlər şəhəri”, gənc dramaturq Samid Ağayevin “Xəlifənin anası” pyesinin səhnələşdirilməsi nəzərdə tutulub.
Direktor Akademik Milli Dram Teatrının ötən mövsümdə təhvil verdiyi tamaşaların keyfiyyəti məsələsinə də toxunub, bəzi problemlərin mövcudluğunu dilə gətirib və onların həlli istiqamətində işlərin görüldüyünü deyib. Klassik müəlliflərin əsərlərinə daha çox yer veriləcəyini diqqətə çatdıran İ.İsrafilov bildirib ki, hazırda yeni mövsümdə nəzərdə tutulan iki qastrol səfəri ilə əlaqədar danışıqlar aparılır.
Bu yaxınlarda isə kollektiv Belarusun Brest şəhərində keçirilən “Belaya veja” XVIII beynəlxalq teatr festivalında iştirak edib. Festivala ölkəmizlə yanaşı, İsrail, İsveç, Çexiya, Yaponiya, Polşa, Belarus, Rusiya, Yunanıstan, Misir, Ukrayna, Latviya və Slovakiyadan teatr kollektivləri qatılıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı festivalda Hüseynbala Mirələmovun pyesi əsasında “Xəcalət” tamaşasını təqdim edib.