V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində premyera
Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin “Sevgi şərbəti” operasının premyerası olub. Dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olan bu əsər operasevərlər tərəfindən çox bəyənilir. Tamaşanın quruluşçu rejissoru Ukraynadan dəvət edilmiş istedadlı teatr rejissoru Nikola Tretyak, musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.
Tamaşada teatrın aparıcı solistləri - əməkdar artistlər Əkrəm Poladov, Səbinə Əsədova, həmçinin gənc solistlər Afaq Ağayeva, Azər Rzazadə, Anton Ferştandt və başqaları çıxış edib.
60-dan çox operanın müəllifi olan görkəmli bəstəkar Q.Donisetti İtaliya opera sənətinin ən yaxşı ənənələrini davam etdirib gələcək inkişaf yolunu göstərib. XIX əsrin 30-40-cı illəri onun yaradıcılığının çiçəkləndiyi dövrə təsadüf edir. Bəstəkara şöhrət qazandıran “Sevgi şərbəti” operası məhz həmin dövrdə yazılıb. Opera ilk dəfə 1832-ci ildə Milan Teatrında səhnəyə qoyulub və bundan sonra dünyanın bir çox teatrlarının repertuarına daxil edilib.
Azərbaycan teatrında ilk dəfə nümayiş olunan tamaşa alqışlarla qarşılanıb.