Milli peşəkar teatrımız 1873-cü il mart ayının 10-da Bakıda və Tiflisdə təşəkkül tapandan sonra müxtəlif rus mətbuatı, XX əsrin əvvəllərindən etibarən isə Azərbaycan dilində çıxan qəzetlər teatr tamaşaları, aktyorlar barəsində kiçik həcmli yazılar çap etməyə başlayıblar. Getdikcə bu ənənə daha da formalaşıb, qəzetlərdə sənətçilər, tamaşalar barədə portret və resenziya janrlarında yazılar dərc olunub.

1909-cu ildə Gəncədə maarifpərvər ziyalı, müəllim, dramaturq Mirzə Məhəmməd Axundzadə «Teatro nədir» adlı kiçik bir kitabça çap etdirib. Bu, milli teatrşünaslığımızda kitab nəşrinin ilk qaranquşu sayılır.

1920-1940-cı illərdə Azərbaycanda, eləcə də Tiflisdə, İrəvanda fəaliyyət göstərən teatrlarla bağlı əsasən filoloqlar məqalələr yazıblar. Bu baxımdan Mustafa Quliyev, Hənəfi Zeynallı, bir qədər sonralar Əli Sultanlı, Məmməd Arif, Məmməd Cəfər, Əziz Şərif, yazıçılarımız Mehdi Hüseyn, Rza Şahvələd, Mirzə İbrahimov, tənqidçi Yaşar Qarayev böyük xidmətlər göstəriblər.

1920-1930-cu illərdə İ.Cahangirovun bugünkü Akademik Milli Dram Teatrı, Məmmədsadıq Əfəndiyevin Bakı Türk İşçi Teatrı haqqında, Ağakərim Şərifovun «Azərbaycan Türk teatrı tarixinin materialları» kitabları dərc olunub.

Bunlar teatrşünaslığımızın inkişafında nə qədər səmərəli rol oynasa da, teatr barədə daha peşəkar tədqiqat işi professor Cəfər Cəfərova məxsusdur. Onun «Azərbaycan Dram Teatrı» kitabı müəyyən işləmələrlə 1948, 1959, 1974-cü illərdə nəşr olunub. Bununla da peşəkar teatrşünaslığımız yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bu gün 1950-2013-cü illərdə Azərbaycan teatrına həsr edilmiş kitabları nəzərdən keçirəndə onları şərti olaraq yeddi qola bölmək mümkündür:

1. Müxtəlif teatrların tarixinə, keçdiyi yaradıcılıq yoluna həsr olunmuş kitablar.

2. Milli xalq teatrının tarixini, peşəkar teatrın nəzəri-estetik prinsiplərini, poetika səciyyələrini təcəssüm etdirən kitablar.

3. Müxtəlif sənət adamları haqqında monoqrafiyalar və portret-oçerklər.

4. Sənət adamlarının xatirələri.

5. Salnamə xarakterli tədqiqat və araşdırmalar.

6. Dramaturgiya və teatr problemlərini müxtəlif aspektlərdə təhlilə çəkən, elmi-nəzəri araşdırmalar aparan əsərlər.

7. Aktyor, rejissor, teatrşünas ixtisaslarına aid müxtəlif dərsliklər.

Birinci bölümə aid kitablar.

Bu bölüm içərisində daha çox əsərlər Akademik Milli Dram Teatrının inkişaf mərhələlərinə aiddir. Cabir Səfərov və Adil Babayevin «Şərəfli yol», Adilə Əliyevanın «Azərbaycan teatrı - 100», «Bizim Gənc Tamaşaçılar Teatrı», İnqilab Kərimovun «Azərbaycan teatrı», «Gənclik və gözəllik teatrı», Yaqub Əlioğlunun «Şuşa teatrı» kitabları çap olunub.

Haqqında söhbət gedən bölümə aid İlham Rəhimlinin aşağıdakı kitabları işıq üzü görüb:

“Akademik Milli Dram Teatrı” (2 cilddə);

“Tiflis Dövlət Azərbaycan Dram Teatrı”;

İrəvan Dövlət Azərbaycan Dram Teatrı”;

“Aşqabad Dövlət Azərbaycan Dram Teatrı”;

“Azərbaycan Dövlət Opera və Balet Teatrı”;

“Azərbaycan Dövlət Musiqili Teatrı”;

“Naxçıvan Dövlət Musiqili Dram Teatrı” (Cəlil Vəzirovla birlikdə);

“Sumqayıt Dövlət Dram Teatrı”;

“Bakı Türk İşçi Teatrı”. Bu kitablar maraqlı tədqiqat əsərləridir. Müəllifin bu günlərdə işıq üzü görən “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı” üçcildliyi fundamental elmi tədqiqat işidir.

Vaxtilə Soltan Dadaşov Opera və Balet Teatrının, Bağır Bağırov Gəncə Dövlət Dram Teatrının, Əli Xəlilov isə Naxçıvan teatrının yaradıcılıq yolu haqqında əsərlər nəşr etdiriblər.

İkinci bölümə aid kitablar.

Mahmud Allahverdiyevin «Qaravəlli tamaşaları», «Azərbaycan xalq teatrı tarixi», Elçin Aslanovun «El-oba oyunu, xalq tamaşaları», İlham Rəhimlinin «Xalq oyun-tamaşaları» kitablarında qədim tarixə malik milli səhnə sənətimizin elmi-nəzəri problemləri tədqiq və təhlil olunub.

Mehdi Məmmədovun «Teatr düşüncələri», Məryəm Əlizadənin «Teatr: seyr və sehr», Adilə Səfərovanın «Teatr və zaman», İlham Rəhimlinin «Azərbaycan milli teatrının poetikası», İsrafil İsrafilovun «Zaman. Rejissor. Poetika», «Azərbaycan teatrında rejissor sənətinin poetikası», Yaşar Qarayevin «Səhnəmiz və müasirlik» kitabları dərin bədii-estetik səciyyələri ilə seçilir.

Üçüncü bölümə aid kitablar.

Vaxtilə Azərbaycan Teatr Cəmiyyəti (bugünkü Teatr Xadimləri İttifaqı) rejissor və aktyorlar haqqında kiçik monoqrafiyalar çap edirdi. Eyni zamanda «Azərnəşr», «Gənclik», «İşıq» nəşriyyatları sanballı monoqrafiyalar çap ediblər. Onların bir qismini xatırlayaq.

Adil Babayev: Leyla Bədirbəyli, Ağahüseyn Cavadov.

Adilə İsmayılova: Zəroş Həmzəyeva, Əli Qurbanov, Nəsibə Zeynalova, Sona Hacıyeva.

Altay Məmmədov: Ələkbər Seyfi (Alp Ağamirovla birlikdə), Əşrəf Yusifzadə.

Atababa İsmayıloğlu: Rza Əfqanlı; Müharibə iştirakçıları olan aktyorlar barədə oçerklər.

Azad Dadaşov: Möhsün Sənani.

Cabir Səfərov: İbrahim İsfahanlı, Hacıağa Abbasov.

Cəfər Cəfərov: İsmayıl Hidayətzadə, Mehdi Məmmədov, Həqiqət Rzayeva.

Cəlal Məmmədov: Rza Təhmasib, Mərziyə Davudova, Ələsgər Ələkbərov, Ədil İsgəndərov.

Cəlil Vəzirov: Zemfira Əliyeva, Zəroş Həmzəyeva.

Emin Şeyxzadə: Sidqi Ruhulla.

Elmira Əliyeva: İsmayıl Dağıstanlı.

Ədilə Əliyeva: Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Ələsgər Şərifov.

Əflatun Nemətzadə: İsmayıl Dağıstanlı.

Əliheydər Ələkbərov: Sona Hacıyeva.

Fatma Həsənqızı: Məhluqə Sadıqova.

İsmayıl Dağıstanlı: Möhsün Sənani.

İsrafil İsrafilov: Ədil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov.

İnqilab Kərimov: Amaliya Pənahova.

Mahmud Allahverdiyev: Ələsgər Ələkbərov, Mirzağa Əliyev.

Mehdi Məmmədov: Hökümə Qurbanova, Hüseyn Ərəblinski, Aleksandr Tuqanov.

Məmmədşah Atayev: Həsənağa Salayev.

Məryəm Əlizadə: Tofiq Kazımov, Afaq Bəşirqızı.

Sabit Rəhman: Hüseyn Ərəblinski.

Tələt Əyyubov: Lütfəli Abdullayev, Hökümə Qurbanova.

Tofiq Kazımov: Kazım Ziya, İsmayıl Osmanlı, Məmmədəli Vəlixanlı, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev (Zəfər Nemətovla birlikdə).

İlham Rəhimlinin Barat Şəkinskaya, Mehdi Məmmədov, Ağasadıq Gəraybəyli, Zəfər Nemətov, İsmayıl Dağıstanlı, İbrahim Həmzəyev, Bəşir Səfəroğlu, Həsən Turabov, Siyavuş Aslan, Amaliya Pənahova, Rəhilə Cabbarova, Azər Paşa Nemət, Vaqif İbrahimoğlu, Zərnigar Ağakişiyeva, Yaşar Nuriyev haqqında irihəcmli, illüstrativ monoqrafiyaları var.

Adilə İsmayılovanın «Azərbaycan qadınları səhnədə» kitabında müəllifin aktrisalarımız haqqında silsilə portret-oçerkləri toplanıb. Cəfər Cəfərovun 2 cildlik “Seçilmiş əsərləri”ndə Rza Təhmasib, Abbasmirzə Şərifzadə, Hüseyn Ərəblinski, Tofiq Kazımov və başqaları, Yaqub Əlioğlunun «Səhnə lampasının sehri», «Sənət çevrəsinin sakinləri» kitablarında gənc aktyorlar və rejissorlar barədə yığcam monoqrafiyalar verilib.

Dördüncü bölümə aid kitablar.

SSRİ xalq artistləri Mirzağa Əliyevin, İsmayıl Dağıstanlının, respublikamızın xalq artistləri Barat Şəkinskayanın, Əli Zeynalovun, Mustafa Mərdanovun, Hacıağa Abbasovun, Zəroş Həmzəyevanın, Fatma Qədrinin, Hüseynqulu Sarabskinin, Solmaz Orlinskayanın, Əməkdar artist Mirmahmud Kazımovskinin, səhnə korifeyi Cəlil Bağdadbəyovun xatirə və gündəlik janrlarında yazılmış kitabları müxtəlif illərdə çap olunub. Onlarda son dərəcə zəngin materiallar, dəyərli tarixi faktlar var. Həmin kitablar araşdırıcı teatrşünaslar üçün zəngin fakt mənbəyi sayıla bilər. Xatirələr, həmçinin, onun müəllifinin fərdi dünyagörüşünü, estetik qənaətlərini və keçdiyi yaradıcılıq yolunun mahiyyətini öyrənmək üçün də səmərəlidir.

Beşinci bölümə aid kitablar.

Bu istiqamətdə ən səmərəli fəaliyyəti Qulam Məmmədli göstərib. Onun “Azərbaycan teatr salnaməsi” (2 cilddə), Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, səhnə ustaları Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Abbasmirzə Şərifzadə haqqında salnamə-kitabları nəşr olunub. Bu salnamə-oçerklər əvəzsiz tədqiqat əsərləridir.

Altıncı bölümə aid kitablar.

Mehdi Məmmədovun «Azərbaycan dramaturgiyasının estetik prinsipləri», Ədilə Əliyevanın «Rus klassikləri Azərbaycan səhnəsində», Cabir Səfərovun «Dramaturgiya və teatr», Mahmud Allahverdiyevin «Teatr və müasirlik» tədqiqatları fundamentallıqları ilə seçilir. Rahib Hüseynovun «Cəfər Cabbarlı və teatrda müasirlik problemi», «Cəfər Cabbarlının tarixi dramlarının səhnə təcəssümü, «Cəfər Cabbarlı dramaturgiyasında istismar dünyasının ifşası», Cəfər Cəfərovun «Mirzə Fətəli Axundzadə və teatr», Ədilə Əliyevanın «Mirzə Fətəli Axundzadə və teatr», «Nəcəf bəy Vəzirov və teatr», Tamilla Təhmasibin «Hüseyn Cavid və teatr», İnqilab Kərimovun «Nəriman Nərimanov və teatr», «Əbdürrəhim bəy Haqverdiyev və teatr», İlham Rəhimlinin «Teatr naxışları» (İlyas Əfəndiyev və teatr), Məmmədşah Atayevin «Cəlil Məmmədquluzadənin əsərlərinin səhnə təcəssümü» kitabları məzmun dərinliyi, elmi sanbalı ilə seçilir.

Yeddinci bölümə aid kitablar:

Kazım Ziyanın «Səhnə danışığı», Mehdi Məmmədovun «Rejissor sənəti», İlham Rəhimlinin «Azərbaycan teatr tarixi», «Azərbaycan teatrının estetik prinsipləri», «Yığcam teatr sözlüyü» kitabları çap olunub. Aydın Talıbzadənin «Şərq teatr tarixi», Hüseynağa Hüseynovun «Səhnə texnikası», Nəzakət Hüseynovanın, Əzizağa Quliyevin aktyor və rejissor sənətinə, səhnə danışığına aid dərslikləri var.

Son illər Mədəniyyət və Turizm Nazirliyi teatra aid son dərəcə maraqlı və fundamental kitablar çap edib. Bunların içərisində 2 cildlik «Azərbaycan teatr salnaməsi» (tərtibçi İlham Rəhimli), İlham Rəhimlinin səhnə xadimləri haqqında 100-dən çox portret-oçerki toplanmış «Səhnəyə qovuşan cığırlar» əsərlərini göstərmək olar. Nazirliyin xətti ilə «Yeniləşən mədəniyyət, yeniləşən məkanlar» silsiləsindən 5 cildlik nəfis şəkildə çap olunub. Bu silsilədən 6-cı, 7-ci və 8-ci cildlər də çap prosesindədir.

Nazirliyin xətti ilə işıq üzü görən kitablar Azərbaycanın nəşr səviyyəsini, teatr sənətimizin inkişaf mərhələlərini izləmək üçün dəyərli xəzinədir.

İ.Əzizoğlu







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar