Xalq artisti, görkəmli aktyor Ramiz Ağarza oğlu Məlik 1943-cü il avqustun 4-də Bakıda doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasib, Tofiq Kazımov, Məlik Dadaşov kimi görkəmli sənətkarlardan dərs alıb. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Aktyorluqla yanaşı, İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

İnsan mühitin məhsuludur, deyirlər. Bu il 70 yaşını qeyd edən Ramiz Məlik də sənətə gəlişini, sənət aləmi ilə bağlılığını yaşadığı mühitlə əlaqələndirir. 70 illik yubiley mərasimi öncəsi sənətkarla çalışdığı Akademik Milli Dram Teatrında görüşdük. Söhbətimiz əhatəli oldu. Xalq artisti danışdıqca 47 ildən artıq teatrda, kinoda, televiziya tamaşalarında yaratdığı bir-birindən maraqlı obrazlar qalereyası gözlərimin önündə canlanır, bir insanın sənət dünyası öz rəngləri ilə bənzərsiz tablo yaradırdı. Sevimli aktyorumuzun bənzərsiz səs tembrini də nəzərə alsaq, deyə bilərik ki, həmin gün o, həyat və sənət tarixçəsini ecazkar bir şəkildə nəql edirdi.

Sənətə yol 31 nömrəli məktəbdən başlandı

- Sənətə 14 yaşımda gəldim. O vaxtı sinif yoldaşım Qasım Səfəroğlu məni özü ilə İ.Əbilov adına mədəniyyət evinə apardı. Orada görkəmli sənətkarımız Məmmədağa Dadaşovun dram dərnəyi fəaliyyət göstərirdi. Həmin vaxt Qasimgil Yusif Əzimzadənin “Anacan” pyesi üzərində işləyirdilər. Məmmədağa müəllim dedi ki, bəlkə səni dərnəyə üzv yazaq. Tamaşada bir rol var, sənin görünüşün həmin rola uyğundur. Mən ilk əvvəl razılıq vermədim. Bir-iki gündən sonra Məmmədağa müəllim yenidən məni çağırdı. Getdim. Rolu mənə verdilər... Onu deyim ki, bizim məktəb teatr aləmi ilə çox bağlı olub. Azərbaycan teatr aləminin görkəmli nümayəndələri Həsənağa Turabov, Həsən Əbluc, Azər Paşa Nemətov, İsrafil İsrafilov, Məryəm Əlizadə, İlham Namiq Kamal, daha sonralar sənətə gəlmiş istedadlı aktrisa Məsmə Aslanqızı məktəbimizin yetirmələridir.
Yadıma gəlir ki, biz aşağı siniflərdə oxuyanda məktəbin idman zalında Həsən Əbluc, Həsənağa Turabov səhnə qurardılar və orada Mir Cəlalın “Bir gəncin manifesti”, C.Cabbarlının “Aydın” əsərlərini oynayardılar. Mən də gedib onların tamaşalarına baxardım. Beləliklə, sənətə ilk gəlişim dram dərnəyində “Anacan” tamaşası ilə oldu. Əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində müvəffəqiyyətlə oynadıq. 1957-ci ildən başlayaraq taleyim dram dərnəyinə bağlandı. Məktəbi bitirdim, iki ildən sonra Teatr İnstitutuna daxil oldum.
Üçüncü kursdan görkəmli rejissorumuz Tofiq Kazımov kurs rəhbərimiz oldu. Mən özümü onun yetirməsi sayıram. Tofiq müəllim 1964-cü ildən Akademik Milli Dram Teatrının baş rejissoru idi və novator rejissor kimi öz ideyalarını həyata keçirə bilmişdi. Yeni aktyor nəslinin yetişməsində böyük əməyi vardı. Kollektivin indiki yaşlı nəsil nümayəndələri o vaxt Tofiq müəllimin teatra gətirdiyi aktyorlardır. Tofiq müəllimin sayəsində teatrda üç nəsil birləşdi: korifey sənətkarlar, orta və gənc nəsil. Bu zaman teatr inkişaf etməyə başlayır.

Teatr, teatr... yenə də teatr

1967-ci ildə institutu bitirdik. Teatra gəldim. Görkəmli rejissor Mehdi Məmmədovun quruluşunda üç əsərdə rol oynamışam: “Xəyyam”, “Dəli yığıncağı” və “İblis”. Hüseyn Cavidin 100 illiyi ərəfəsində “İblis” tamaşası böyük müvəffəqiyyətlə nümayiş olundu. Bu əsərdə Arif rolunu oynayırdım. 1984-cü ildə bu tamaşaya görə Azərbaycan SSR Dövlət mükafatına layiq görüldük. Tofiq müəllim bilirdi ki, mənim rejissor olmaq arzum var. Ona görə də məni öz tamaşalarına ikinci rejissor, rejissor assistenti kimi dəvət edirdi. 1980-ci ilin iyul ayında bildirdi ki, avqustun sonunda məni Moskvaya rejissorluq kursuna göndərmək üçün əmr imzalayacaq. Ondan sonra hansı hadisələr baş verdiyini bilirik. Tofiq müəllim dünyasını dəyişdi və mənim rejissor olmaq arzum elə arzu olaraq da qaldı.
Bütün bunlara baxmayaraq mən 47 ildir ki, bu teatrda işləyirəm. Müxtəlif səpkili rollar oynamışam. Həmişə də Mehdi müəllimin və Tofiq müəllimin mənə diqqət və qayğısı gözlərimin önündə olub. Sənəti korifey aktyorlarımızdan öyrəndim. Hökümə Qurbanova, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Leyla Bədirbəyli... Elə buna görə də heç vaxt bu sənətə gəldiyimə görə peşmançılıq çəkməmişəm. Bəzən olub iki, üç, dörd il teatrda rolum olmayıb, amma yenə də bədbinliyə qapılmamışam. Teatr canlı sənətdir. Rejissor quruluş verdiyi tamaşada öz duyumuna görə aktyorları seçir. Ola bilər ki, mən əsərdəki rola uyğun gəlmirəm. Bu yenə də rejissorun duyumundan asılıdır. O vaxt mənə Arif rolu veriləndə hamı fikirləşirdi, Ramiz bu rolu necə oynayacaq. Amma mən öhdəsindən gəldim. Bir hadisəni də xatırladım. 1969-cu ildə Bakıda ümumittifaq miqyasında bolqar dramaturgiyası festivalı keçirilirdi. Azərbaycanda həmin festivalın ilk laureatı adını S.Stoyanovun “Falçı” tamaşasında Manco obrazına görə mən aldım.
Akademik Milli Dram Teatrının səhnəsində isə ilk rolum C.Cabbarlının “Almaz” pyesində Barat obrazı oldu. O vaxt unudulmaz aktyorumuz Bürcəli Əsgərov tamaşa vaxtı xəstələndi və onun rolunu mən oynadım. Beləcə rollar bir-birini əvəz etdi və mən həyatımı teatra bağladım. Ötən illərdə Marsel ("Hamlet", Uilyam Şekspir), Aqşin ("Od gəlini", Cəfər Cabbarlı), Mayis ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev), Valter ("Yad adam", L.Frank), Jan ("Dəfn edilməmiş ölülər", J.P.Sartr), Toğrul ("Atabəylər", Nəriman Həsənzadə), Antoni ("Kölgələrin oyunu", Y.Edlis), Katib ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Vilyams ("Kəllə", Nazim Hikmət) və onlarla digər obraza imza atdım. Bu il isə bu sənət məbədində 70 illik yubileyimlə bağlı rumın dramaturqu Mate Vişneçin “Qoca kloun tələb olunur” əsərinin tamaşasında oynayıram. Bu, teatrın direktoru İsrafil İsrafilovun biz yaşlı aktyorlara hədiyyə etdiyi tamaşadır. Tamaşada xalq artistləri Rafiq Əzimov, Rafael Dadaşov və mən oynayıram. Əsərin premyerası sentyabrın 26-da keçirildi. Tamaşaçıların müsbət fikirləri biz aktyorlara ilham verir. Rol aktyorun ürəyincədirsə, onu can-başla oynayır. Baxmayaraq ki, rolda fiziki hərəkətlər çoxluq təşkil edir, yorğunluq olur, amma səhnəyə çıxdığımız zaman bütün bunları unuduruq. Rafael Dadaşov da, mən də ürəyimizdən əməliyyat olunmuşuq, amma tamaşa zamanı bunu hiss etmirik. Çünki aktyoru yaşadan səhnədir.
Teatrın 140 illiyi ərəfəsində hazırlanan tamaşaya həm teatr mütəxəssislərinin, həm də ictimaiyyətin müsbət rəyi oldu. Tamaşanın baş rejissoru İradə Gözəlovadır. Əsərdə yaşlı insanlar belə bir elana rast gəlirlər ki, harasa üç kloun tələb olunur. Onlar elan üçün gəldikləri yerin hara olduğunu belə bilmirlər. Bir komissiya onlardan klounluq etmək bacarığını göstərməyi tələb edir. Əslində məqsəd onların klounluq bacarığından şou yaradaraq pul qazanmaq imiş.
Mən teatrı təbiətlə müqayisə edirəm. Canlı orqanizmin bir hissəsidir teatr. Necə ki, ağaclar, çiçəklər torpaqdan qüvvə alır, aktyor da teatrda tamaşaçı ilə canlı ünsiyyətdən qidalanır və öz rolunu daha da gözəl oynayır. İnşallah, oktyabrın 19-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 70 illik yubileyim keçiriləcək və biz bu tamaşanı oynayacağıq. Yubiley tədbirini başqa formada daha da təmtəraqlı təşkil edə bilərdik. Amma istədim ki, qısa rəsmi hissədən sonra tamaşa nümayiş olunsun və mən aktyor olaraq öz tamaşaçıma sənətimi göstərə bilim.

Kinoya həvəs

Kinoda debütüm 1966-cı ildə “Mehman” filmində sonuncu kadrda oldu. Filmdə Mehmanın yerinə gələn gənc prokuroru oynadım. Epizodik bir rol idi. O zaman hələ institutu bitirməmişdim. Sonralar Həsən Seyidbəyli, Tofiq Tağızadə, Hüseyn Seyidzadə, Eldar Quliyev və başqa rejissorların quruluş verdiyi və kino sənəti tariximizdə uğur qazanan ekran əsərlərində rol almışam. 1970-də isə Həsən Seyidbəylinin “O qızı tapın” filmində Ziyanı oynadım. Kinoda ən çox Eldar Quliyevlə işləmişəm. Son olaraq “İstanbul reysi”ndə (Şef) çəkilmişəm. Ümumilikdə 50-dən artıq filmdə irili-xırdalı rollar oynamışam. Rejissorluq həvəsi məndə heç vaxt itmədi. Heç indi də itməyib. Buna görə də özüm 1991-ci ildə qısametrajlı “Divar” filmini çəkdim. 38 dəqiqəlik film “Debut” studiyasında ərsəyə gəldi. Filmdə xalq artistlərimiz Laləzar Mustafayeva, Zərnigar Atakişiyeva çəkiliblər. “Retro” filmlər festivalında ekran əsəri yüksək qiymətləndirildi. Bu filmi çəkməklə mən kinonun mətbəxinə daxil olub, onu öyrənmək istəyirdim. Ekran arxasındakı iş prosesi mənim üçün həddən artıq maraqlı idi. Montaj, səsləndirmə, rəssam işi və s. Vaxtilə Hüseyn Cavidin “İblis”ini ekranlaşdırmaq istəyirdim, amma bu arzumu həyata keçirə bilmədim.

Arzular

Allah hamıya cansağlığı versin, inşallah, teatrda yeni rollarımız olacaq. Əsas odur ki, biz hələ də səhnədəyik, səsimiz gəlir. Aktyor səhnəsiz aktyor deyil. Bu gün mənim səsim də, fiziki sağlamlığım da imkan verir ki, səhnədə olum. Gənclərə isə tövsiyəm budur ki, qalaq-qalaq kitabları mütaliə etsinlər. Bu, aktyora kömək edir. Mən bu gün də oxuyuram. Gənc aktyorlar öz səsləri və diksiyaları üzərində işləməlidirlər. Aktyorun pıçıltısı ikinci mərtəbəyə belə çatmalıdır. Bunu bizə müəllimlərimiz öyrədiblər. Səhnədə canını, beyninin məhsulunu qoymalısan. Səhnənin ecazkar cazibə qüvvəsi var. Bu cazibə qüvvəsi səni özünə çəkdisə, deməli, sən artıq sənətə gəlmisən.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar