75 illik yubileyini qeyd etməyə hazırlaşan Qazax Dövlət Dram Teatrı yeni mövsümdə tamaşaçılar qarşısına yeni bir səhnə əsəri ilə çıxdı. Ənənəvi olaraq klassik ədəbi nümunələrə üstünlük verən teatr bu dəfə görkəmli Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığına müraciət edərək onun “Kimdir müqəssir” əsərini səhnələşdirdi. Dövlət sifarişi ilə hazırlanan tamaşaya Əməkdar artist Vidadi Əliyev quruluş verib.

Ə.Haqverdiyevin XX əsrin əvvəllərində qələmə aldığı bu əsərdə hadisələr ailə-məişət zəminində verilməsinə baxmayaraq, ideyasına görə bu çərçivədən çıxaraq bəşəri xarakter alır. Pyesin motivləri arxasında dünyanın yaranması, ilk insanlar sayılan Adəm və Həvvanın cənnətdən qovulması və kiçik bir ailənin timsalında qarşılıqlı bəşəri ittihamların səslənməsi durur. Elə bundan irəli gələn məqamlar tamaşanın quruluşunda da öz həllini tapıb. Quruluşu etibarilə maraqlı alınan nümunədə pyesdən irəli gələn klassik forma ilə rejissorun yozumunda əlavə olunan müasirlik bir-birini tamamlayır. Məzmuna və müəllifin ideyasına xələl gətirmədən rejissorun qurduğu pantomimlər tamaşanın təsir gücünü daha da artırır. Rəssam Sevda Məmmədovanın verdiyi bədii tərtibat isə rejissor fikrinin açılmasına böyük kömək göstərir.
Pyesdə üç personaj olsa da, rejissor tamaşada iştirakçıların sayını artırıb. O, müəllifin dünyanın yaranması, Adəm və Həvvanın Tanrı tərəfindən canlandırılması kimi məqamlar ətrafındakı ötəri gəzişmələrini tamaşaya əlavə etdiyi obrazlar vasitəsilə qabartmağa çalışıb.
Maraqlı elementlərlə zəngin tamaşada teatrın aparıcı aktyorlarından İlqar Hacəliyev, Sayalı İsmayılova, Allahverdi Musayev, Nazilə Məmmədova, Turac Mahmudova, Arif Almədədovla yanaşı, gənc aktyorlar Zəmanə Orucova və Yusif Həsənov rol alıblar.
Səhnə əsərində aktyor İlqar Hacəliyevin yaratdığı Mahmud obrazı tənbəl, aciz, iradəsiz, “ver yeyim, ört yatım”ı özünə şüar etmiş bir tipdir. Onun tərəf-müqabili isə Sayalı İsmayılovadır. Bahar obrazı onun ifasında Mahmuda görə daha fəal, daha şıltaq və daha hiyləgərdir. Bu elementləri qabardan aktrisa ona verilən tapşırığın öhdəsindən məharətlə gəlir. Allahverdi Musayevin ustalıqla canlandırdığı Qasım bəy obrazına gəlincə, səhnədə az görünməsinə baxmayaraq, tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Onu da qeyd edək ki, Allahverdi Musayevi sonrakı səhnələrdə Şeytan obrazında da görürük. Bir tamaşada müxtəlif xarakterli ayrı-ayrı obrazları canlandıran aktyor öz peşəkarlığı ilə tamaşaçı alqışı qazandı.
Gənc aktyorlar Zəmanə Orucova və Yusif Həsənovun yaratdıqları Həvva və Adəm obrazları isə maraqlı plastikası, səmimiliyi ilə seçilirdi. Aktyorlardan Arif Almədədovun, Turac Mahmudovanın və Nazilə Məmmədovanın oyunları da tamaşanın müvəffəqiyyətində mühüm rol oynayır.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar