Oktyabrın 25-də Üzeyir Hacıbəylinin ev-muzeyində “Arşın mal alan” operettasının 100 illiyi münasibətilə tədbir keçirildi.

“Əsrləri fəth edən arşın malçı” adlı tədbiri muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq musiqili komediyanın Azərbaycanda və onun hüdudlarından kənarda qazandığı uğurlardan danışdı. Bildirdi ki, Üzeyir Hacıbəyli bu əsəri 1913-cü ildə, Sankt-Peterburq Konservatoriyasında oxuyarkən yazıb. Üzeyir bəy operettanı tamamladıqdan sonra konservatoriyanın direktoru, görkəmli rus bəstəkarı A.Qlazunova göstərib. O, əsəri çox bəyənib və onu bütün Rusiyada ilk operetta adlandırıb. “Arşın mal alan”a verilən bu cür yüksək qiymətdən sonra Üzeyir bəy əsərin partiturasını və librettosunu Bakıya, dostlarına göndərib.
Muzeyin elmi işçisi Sevinc Quliyeva operettanın bir neçə dəfə ekranlaşdırıldığını qeyd edərək 1945-ci ildə lentə alınmış filmin dünya şöhrəti qazandığını diqqətə çatdırdı. Film nəinki Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti qazandırıb. Rusiya kinosunun 100 illiyi münasibətilə xarici ölkə filmləri arasından “100 sevimli film” seçilib və üç qrupa - qızıl, gümüş və bürünc siyahılara ayrılıb. “Arşın mal alan” filmi kino mütəxəssislərinin yekdil rəyi ilə “Qızıl siyahı”ya daxil edilib. Ekran əsəri 180 ölkədə nümayiş etdirilib, 86 dilə tərcümə olunub.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə qeyd etdi ki, Üzeyir bəyin bu əsəri bundan sonra da şöhrət yollarında yeni-yeni zirvələrə ucalacaq: “Hər dəfə bu məbədə yolum düşəndə pərvanə işığa gələn kimi gəlirəm. Üzeyir Hacıbəyli haqqında hər dəfə söhbət düşəndə və danışanda qəlbimdə yeni-yeni hisslər, duyğular baş qaldırır. İnanırıq ki, gələcəkdə bu əsərin şöhrəti daha yüksək zirvələr fəth edəcək. Bu dahi sənətkarla bağlı hələ çox araşdırmalar aparılacaq. Onun əsərləri və insani keyfiyyətləri hamımız üçün örnək olub və gələcəkdə də olmalıdır”.
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev, professor Telman Ağdamski və digər çıxış edənlər Üzeyir Hacıbəylinin bənzərsiz yaradıcılığından danışdılar. Bildirildi ki, görkəmli sənətkar ölməz əsərləri ilə nəinki Azərbaycan mədəniyyətinə, habelə dünya musiqi mədəniyyətinə misilsiz töhfələr verib.
Sonda söz musiqiçilərə verildi. Müğənnilərdən İlahə Əfəndiyeva, Ramil Qasımov, Nərgiz Xəlilova “Arşın mal alan”dan parçalar oxudular. Musiqili Teatrın aktyorları Əzizağa Əzizov və Nahidə Orucova operettadan kiçik səhnəciklər təqdim etdilər.
Muzeyin foyesində “Arşın mal alan” operettasına həsr olunmuş sərgi təşkil olunmuşdu.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar