Oktyabrın 28-də Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ənənəvi “2+1” eksperimental teatr festivalı başlayıb.

Həmin gün Teatr Xadimləri İttifaqında keçirilən mətbuat konfransında sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə festival barədə geniş məlumat verdi, əhəmiyyətindən söz açdı. O, teatrsevərlərə maraqlı, fərqli və ən əsası eksperiment xarakterli tamaşaların ərməğan olunduğu festivalın artıq teatr hadisəsinə çevrildiyini dedi.
Qeyd olundu ki, 2011-ci ildən keçirilən festival əhatə dairəsini daha da genişləndirir: “Festival Azərbaycan teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, gəncləri yeni teatral axtarışlara cəlb etmək məramına xidmət edir. Həmçinin gənclərin çağdaş dünyanın teatr proseslərinə qoşulmaq meyllərinə istiqamət vermək məqsədi güdən tədbir potensiallı və istedadlı axtarışlara dəstək durmaq missiyasını da yerinə yetirir”.
Səkkiz kollektivin doqquz tamaşa ilə iştirak edəcəyi budəfəki festivalda ən yaxşı səhnə əsərləri mütəxəssislər tərəfindən seçilərək Teatr Xadimləri İttifaqının festivallar bankına daxil ediləcək. Bundan başqa, qalib səhnə əsərləri gələcəkdə müvafiq festivallara göndəriləcək.
M.Əlizadə festival çərçivəsində Teatr Xadimləri İttifaqının tamaşa salonunda nümayiş olunacaq bütün səhnə əsərlərinin ilk dəfə təqdim ediləcəyini və nümayişlərə girişin sərbəst olduğunu da xatırlatdı. O həmçinin tədbirdə qonaq teatr qismində Tbilisi Azərbaycan Dram Teatrının iştirak edəcəyini dedi.

* * *
Həmin gün Teatr Xadimləri İttifaqında “2+1” eksperimental teatr festivalının açılış mərasimi keçirilib. İttifaqın sədri, Xalq artisti Azər Paşa Nemətov festivalın əhəmiyyətindən, məram və məqsədindən danışıb. Bildirilib ki, iki il əvvəl ilk festival keçiriləndən sonra ATXİ-yə çoxsaylı tamaşaçı məktubu daxil olub və onlar bu tədbirin davamlı olmasını təklif ediblər: “Biz də tamaşaçı marağını nəzərə alaraq festivalın yenidən keçirilməsinə qərar verdik”.
Sonra ATXİ-nin səhnəsində Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Nofəl Vəliyevin təqdim etdiyi “Bir səbət tənhalıq” tamaşası nümayiş olunub. M.Vahabzadənin eyniadlı əsəri əsasında hazırlanmış 40 dəqiqəlik səhnə əsərində rolları Güşvər Şərifova və Anar Seyfullayev canlandırıblar. Tamaşa fiziki cəhətdən sağlamlıq imkanları məhdud olan bir qızın taleyindən bəhs edir.
Festivalın ilk günü yazıçı-dramaturq Elçin Hüseynbəylinin 60 dəqiqəlik xronometrajlı “İki nəfər üçün oyun” tamaşası da göstərilib. Bakı Uşaq Teatrı tərəfindən təqdim edilən tamaşanın quruluşçu rejissoru Rəşad Nuridir. Rolları Könül Şahbazova və Niyaz Qasımov oynayırlar.
Festivala noyabrın 6-da yekun vurulacaq.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar