“İstəyirik ki, yaradıcı kollektiv bu imkanlardan yararlanaraq yenidən böyük qastrol səfərlərinə çıxsın, uğurlu tamaşaları ilə hamımızı sevindirsin”

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı əsaslı təmir və yenidənqurma işlərindən sonra oktyabrın 31-də qapılarını yenidən sənətsevərlərin üzünə açıb. Bu münasibətilə keçirilən mərasimdən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, şəhər rəhbərliyi, tanınmış teatr xadimləri və digər qonaqlar teatr binasında yaradılmış şəraitlə tanış olublar.

Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, teatr binasında aparılan əsaslı təmir-yenidənqurma işlərində iştirak etmiş “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin sədri Dünyamin Xəlilov teatrsevərlərə əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıb, kollektivə yeni yaradıcılıq uğurları arzulayıblar.
Qeyd edək ki, 1973-cü ildə İpəkçilərin Mədəniyyət Sarayı kimi fəaliyyətə başlayan bina iki ildən sonra Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı kollektivinin ixtiyarına verilib. Teatr maraqlı çıxışları ilə sənətsevərlərin rəğbətini qazanıb. Ötən müddətdə binada əsaslı təmir işləri aparılmayıb. Prezident İlham Əliyevin 2011-ci il 25 noyabr tarixli sərəncamına əsasən, 2012-ci ilin martında burada əsaslı təmir işlərinə başlanılıb, bina müasir standartlar səviyyəsində yenidən qurulub. Dövlət başçısı bu il avqustun 14-də Şəkiyə səfəri zamanı görülən işlərlə tanış olub, tövsiyələrini verib. 300 yerlik tamaşaçı zalına malik teatrda kollektivin fəaliyyəti üçün zəruri şərait yaradılıb.
Natiqlər son illər respublikamızın hər yerində sənət ocaqlarının, tarixi abidələrin əsaslı şəkildə yenidən qurulduğunu bildirib, Azərbaycan mədəniyyətinin, incəsənətinin, o cümlədən teatr sahəsinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, eləcə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya minnətdarlıq ifadə ediblər.
“Bu gün hər birimiz üçün çox əlamətdar bir gündür. Möhtərəm Prezidentin sərəncamı ilə təsdiq edilən “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının, necə deyərlər, növbəti səhifəsinin açılış mərasimindəyik. Şəki teatrı yeni mövsümdə əsaslı şəkildə yenidən qurulmuş binada ilk tamaşaçılarını qəbul edir. Bina ilə tanış olarkən çox qarışıq və möhtəşəm hisslər keçirdim. Burada 80-ci illərdən bəri bir çox dəyişikliklərin şahidi olmuşam, çoxlu tamaşaların iştirakçısı olmuşam. Bu gün bu binada nəinki bölgə, respublika miqyasında, hətta Avropanın bir çox ölkə və şəhərləri ilə müqayisəyə gəlməyəcək dərəcədə aktyorlar üçün yaradılmış möhtəşəm şərait məni çox sevindirdi, qürur duydum”, - deyə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib.
Nazir müavini qeyd edib ki, yeganə arzumuz, təbii ki, Şəki teatrını ötən əsrin 70-ci, 80-ci illərdəki tanıtım səviyyəsinə çatdırmaqdır: “İstəyirik ki, yaradıcı kollektiv bu binanın imkanlarından yararlanaraq Avropaya, MDB məkanına yenidən böyük qastrol səfərlərinə çıxsın, uğurlu tamaşaları ilə hamımızı sevindirsin”.
Rəsmi hissədən sonra teatrın yaradıcı kollektivi fransız dramaturqu Jan Batist Molyerin “Aldadılmış ər” iki hissəli komediyasını təqdim edib. Tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu rəssamı Qüdrət Məmmədovdur. Rolları teatrın aktyorları Xanlar Həşimzadə, Sima Şabanova, Akif Yusifov, Brilyant Babayeva, Nərmin Kərimova, Rəhim Qocayev və başqaları ifa ediblər.
Tamaşa böyük alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar