II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı doqquz ölkənin sənət adamlarını bir araya gətirib

Son illər ölkəmiz bir sıra beynəlxalq teatr tədbirlərinə ev sahibliyi edib. Bu dəfə Bakı yenidən müxtəlif ölkələrin kukla teatrlarını bir araya gətirib. Paytaxtımızda ilk belə tədbir 2011-ci ildə gerçəkləşib. Noyabrın 9-da Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA) və A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə “Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalına start verildi.

Rəsmi açılışdan öncə Azərbaycan Dövlət Kukla Teatrında keçirilən mətbuat konfransında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkəmizin artıq ikinci dəfə kukla teatrları festivalına ev sahibliyi etdiyini dedi. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq təşkil edilən festival xalq nağıl qəhrəmanımız Cırtdanın adını daşıyır.
Ölkəmizdə teatrların inkişafına göstərilən diqqət və qayğıdan danışan nazir müavini dünyada ilk dəfə olaraq Azərbaycan teatrının 10 illik inkişaf strategiyası haqqında Dövlət Proqramının qəbul olunduğunu qeyd etdi: “Son illərdə Azərbaycanda teatr sahəsində bir çox möhtəşəm layihələr həyata keçirilmişdir. 2006-cı ildə regionda və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” qanun qəbul edilmişdir. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilmişdir. 2007-ci ildə ölkə teatrlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən sərəncam imzalandı. 2009-cu ildə Azərbaycan teatrının 10 illik inkişaf strategiyası haqqında Dövlət Proqramı qəbul olundu. Azərbaycan dövləti teatrların inkişafına böyük diqqətlə yanaşır. Paytaxt Bakıda növbəti dəfə təşkil edilən beynəlxalq kukla teatrları festivalı buna bariz nümunədir”.
Son illər Azərbaycan teatrının inkişafında yeni mərhələnin başlandığını qeyd edən Ədalət Vəliyevin sözlərinə görə, bu, teatrların maddi-texniki bazasının möhkəmləndirilməsində, yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində özünü göstərir: “2008-ci ildən teatr binalarımız köklü şəkildə yenilənməyə başladı. Bu gün festivala ev sahibliyi edən Dövlət Kukla, Rus Dram və Gənc Tamaşaçılar teatrları dünya standartlarına uyğun və ən son texnoloji avadanlıqlarla təmin edilmişlər. Paytaxt teatrları ilə yanaşı, bölgələrdəki teatrlarımızın da binaları yenilənərək qapılarını teatrsevərlərin üzünə açmışdır. Ötən illər ərzində respublika teatrları 50-dən artıq ölkədə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişlər. Eyni zamanda, xarici dövlətlərdən tanınmış rejissorlar, baletmeysterlər, xoreoqraflar, teatr rəssamları tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunmuşlar. Bizim dəyərli dramaturqlarımızın əsərləri dünyanın bir çox teatr səhnələrində uğurla tamaşaya qoyulur. Azərbaycan teatrı beynəlxalq qurumlarla iş birliyini genişləndirib, o cümlədən bir neçə beynəlxalq səviyyəli tədbirə ev sahibliyi etməyə başlayıb. 2010-2012-ci illərdə Bakıda I və II Beynəlxalq Teatr Forumu uğurla gerçəkləşdi”.
Nazir müavini həmçinin bildirdi ki, 2014-cü ildə UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutunun növbəti konfransı Bakıda keçiriləcək. Yaxın zamanda həmin sənədlərin imzalanma mərasimi Parisdə, UNESCO-nun mənzil-qərargahında baş tutacaq.
Beynəlxalq Kukla Teatrları Assosiasiyası - UNİMA-nın prezidenti Dadi Padamci, qurumun baş katibi Jak Trüdo, Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq ölkələri üzrə əlaqələndiricisi İbrahim Assiri və başqaları Bakıda olmalarından məmnunluqlarını ifadə etdilər. Xalqların bir-birini tanıması, tamaşaçıların başqa dövlətlərin mədəniyyətləri ilə tanış olması baxımından belə festivalların keçirilməsini böyük hadisə adlandırdılar. Jurnalistləri maraqlandıran suallar cavablandırıldı.

Qonaq gəlib dostlar bizə

Sonra festivalın təntənəli açılışı keçirildi. Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, festival ölkəmiz üçün əlamətdar olan Dövlət Bayrağı Günü ilə eyni günə təsadüf edir. Nazir müavini bu münasibətlə də festival iştirakçılarını təbrik etdi. Daha sonra Ədalət Vəliyev ölkə Prezidenti İlham Əliyevin Azərbaycan teatrının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan, son illər əsaslı təmir edilən teatrlarda aktyorlar üçün yaradılmış yüksək iş şəraitindən söz açdı. Bildirdi ki, festival çərçivəsində şəhərimizin sakinləri və qonaqları Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının və Dövlət Gənc Tamaşaçılar Teatrının səhnələrində bir-birindən maraqlı səhnə əsərlərini izləyə biləcəklər. Festivala Azərbaycandan A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, Böyük Britaniyadan Dorset Kukla Teatrı Kompaniyası, Yaponiyadan “Yuki” Teatrı, İtaliyadan “Verde Burattini” və “Kapra Ballerina” teatrları, Bolqarıstandan Tarqovişte Kukla Teatrı, Xorvatiyadan “Zorin dom” Karlovaç Şəhər Teatrı, İsveçrədən “Le Ginyöl A Roulettes” Kukla Teatrı, Macarıstandan İvet Bojik Kompaniyası, Tatarıstandan “Ekiyat” Tatar Dövlət Teatrı qatılıb. Bundan əlavə, dünyanın bir çox ölkələrindən festivalı izləmək üçün teatr xadimləri ölkəmizə təşrif buyurublar.
Daha sonra səhnəyə çıxan UNİMA-nın baş katibi Jak Trüdo təmsil etdiyi təşkilat haqqında məlumat verdi. Bildirdi ki, UNİMA-ya üzv qəbul olunmuş ölkələrin sayı 87-yə çatıb və Azərbaycanın təşkilata üzv olduğu qısa zaman müddətində belə möhtəşəm tədbirlərə ev sahibliyi etməsindən məmnundur. Qonaq Azərbaycanda mədəniyyətə və incəsənətə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.
Açılışda Azərbaycan kukla teatrı ustalarının ifasında bayram əhvallı tamaşa nümayiş olundu. Xalq nağıl qəhrəmanlarımız tamaşaçıların görüşünə gəlmişdi. Uşaqların ifasında mahnılar səsləndi, müxtəlif kukla tamaşalarından parçalar göstərildi. Sonra festivalda iştirak edəcək ölkələrin bayraqları səhnəyə gətirildi.
Festivalın ilk günündə Azərbaycan Dövlət Kukla Teatrının təqdimatında K.Kollodinin “Pinokkionun sərgüzəştləri” tamaşası təqdim olundu. Festival noyabrın 16-dək davam edəcək.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar