Noyabrın 12-də “Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində Xorvatiyanın “Zorin dom” Karlovaç Şəhər Teatrının təqdimatında “Vəfalı dostlar” tamaşası təqdim edildi.
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının zalı tam dolub və hər kəs səbirsizliklə tamaşanın başlamasını gözləyir. Hiss olunur ki, tamaşanın qəhrəmanlarının hər kəsin alışıq olduğu kuklalar deyil, şarlardan “düzəldilmiş” personajlar olması səhnə əsərinə balacalarla yanaşı, böyüklərin də marağını artırıb. Budur, işıqlar sönür və “Zorin dom” teatrının şarlardan ibarət qəhrəmanları səhnədədirlər. Al-əlvan rəngli şarlardan düzəldilmiş müxtəlif fiqurlar. Onların ən böyüyü tənha əjdahadır. “Vəfalı dostlar” adlanan tamaşanın əsas qəhrəmanı da elə odur.
Tamaşanın qəhrəmanı heç də qorxunc və qəddar deyil. Yaşıl rəngli şardan yaradılmış bu əjdaha əksinə qeyri-adi, məzəli və səmimidir. Eyni zamanda yalqız və eybəcərdir. Elə bu səbəbdən də əjdaha çalışır ki, özünə çoxlu dost qazansın. Amma əjdahanın bütün dostları özü kimi nataraz və yöndəmsizdir. Təqdim edilən tamaşa sırf dostluq haqqındadır və bu tamaşa vasitəsilə kiçik yaşlı uşaqlara belə bir mesaj göndərilir: dostsuz həyat maraqsız və mənasızdır.
Tamaşada dekorasiya sadə və səmimidir. Bütün hadisələr şarların plastikasında həll olunur. Dördbucaqlı çərçivə televizoru xatırladır, şarlar bu çərçivə içərisində ora-bura hərəkət edir, gülüş doğuran müxtəlif formalara düşürlər. Bütün hadisələr bu çərçivənin içində baş verir.
Xorvatiyalı kuklaçılar Culio Settimo və Peda Qvosdiç bu tamaşa vasitəsilə demək istəyirlər ki, heç bir forma müxtəlifliyinin dostluqda önəmi yoxdur, əsl dostlar bütün maneələri aşaraq, hər cür çətinliklərin öhdəsindən gələrək həmişəlik bir-birlərinə sadiq qala bilirlər.
Tamaşa bitdikdən sonra aktyorlar balacaları səhnəyə çağırıb şarlardan hazırlanmış müxtəlif formaları onlara hədiyyə etdilər. Bu formalar sırasında tamaşanın qəhrəmanları - əjdaha, it, gül, ürək və s. var idi. Tamaşadan sonra teatrşünas, sənətşünaslıq elmlər namizədi Aydın Talıbzadə səhnəyə çıxaraq hər iki aktyoru festivalın diplomu ilə təltif etdi.
* * *
Noyabrın 12-də festivalın daha bir tamaşası Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olundu. Bu dəfə sənət bayramının qonağı Qax Dövlət Kukla Teatrı idi.
Əhməd Orucun “Zinqırovlu pişik” əsərinin nümayişinə çoxlu tamaşaçı gəlmişdi. Bu da özlüyündə teatrlarımıza əhalinin marağından soraq verir.
Tamaşada hadisələr köhnə bir anbarda baş verir. Budur, səhnədə üç siçan görünür. Onlar bu anbarda çoxdandır yuva salıblar, heç ağ pişik də onların öhdəsindən gələ bilmir. Çünki ağ pişik çox tənbəldir, siçanlar isə tədbirli. Ağ pişiklə min bir oyun quran siçanlar anbardarın gətirdiyi yeni sarı pişiyin də dərsini verməyi bacarırlar. Siçanların əlindən təngə gələn anbardar sonunda anbarı satıb canını qurtarmalı olur. Bunu görən siçanlar isə özlərinə yeni anbar axtarışına çıxırlar. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Cahangir Zülfüqarovdur.
Tamaşa uşaqların böyük marağına səbəb oldu və onlar tamaşanı yaşayırlarmış kimi, sözün əsl mənasında, pişik və anbardara zaldan dəstək olmağa çalışırdılar. Sonda yaradıcı heyət festivalın diplomu ilə təltif edildi.
Lalə Azəri