II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı iştirakçılarının təəssüratları

Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) birgə təşkilatçılığı ilə keçirilən “Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı sona yaxınlaşır. Noyabrın 9-da başlanan festivala səkkiz ölkədən doqquz teatr qonaq gəlib. Beynəlxalq tədbirə UNİMA-nın rəhbər şəxsləri də qatılıb.

Onların bir qismi ilə həmsöhbət olub təəssüratlarını öyrəndik. Qonaqlar bu sənət bayramından zəngin təəssüratla ayrılacaqlarına əmin olduqlarını bildirdilər. Festivalın əməkdaşlığa və təcrübə mübadiləsinə böyük töhfələr verəcəyini vurğuladılar.

Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) prezidenti Dadi Padamçi:
- Festivalda elə ilk gündən hər şey maraqlı oldu. Həm festivalın açılışı, həm də nümayiş olunan ilk tamaşa festival günlərinin rəngarəng keçəcəyindən xəbər verirdi. Azərbaycan Dövlət Kukla Teatrının təqdimatında Karlo Kollodinin “Pinokkionun sərgüzəştləri” tamaşası (dilinizi başa düşməsəm də) həddən artıq xoş təsir bağışladı.

UNİMA-nın baş katibi Jak Tüdor:
- Növbəti dəfə şəhərinizdə qonağam. Ötən festivalda olduğu kimi, builki festivalda da əhalinin tamaşalara axın-axın gəldiyinin şahidi oluram. Bu sizin ölkədə sənətə verilən qiymətdən xəbər verir. Azərbaycan artıq ikinci dəfədir ki, belə möhtəşəm festivala ev sahibliyi edir. İnanıram ki, festival davamlı olacaq və dünyanın hər bir tərəfindən gələn kukla ustaları sizin əsrarəngiz mədəniyyətinizlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq ölkələri üzrə koordinatoru İbrahim Assiri:
- Ölkənizdə teatr tədbirlərində bir neçə dəfə iştirak etmək imkanım olub. Aktyorlarla ünsiyyətdə olmuşam və tamaşalara baxmışam. Buna görə də Azərbaycan teatrı ilə bağlı çox gözəl təəssüratlarım var. Teatrın inkişafı mənə xoş təsir bağışlayır. Kukla teatrları festivalı isə həm uşaqlar üçün bir bayramdır, həm də biz böyüklər üçün təcrübə mübadiləsidir. Bu baxımdan düşünürəm ki, Azərbaycanla əməkdaşlıq bizim üçün çox önəmlidir. Mən bu əməkdaşlığı gələcəkdə də davam etdirmək fikrindəyəm.

“British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin direktoru Elizabet Vayt:
- Böyük Britaniyanın bu festivala qatılmasından məmnunam və buna çox sevinirəm. Təşkilatçılara minnətdarlığımı bildirirəm. Bu addım ölkənin mədəniyyət siyasətinin ən yaxşı nümayişi deməkdir və düşünürəm ki, festival gələcəkdə də ölkələrarası mədəni əməkdaşlıqda böyük əhəmiyyət daşıyacaq.
Festivallar həmişə mühüm əhəmiyyət kəsb edirlər. Çünki bu tədbir vasitəsilə insanlar digər ölkələrin mədəniyyəti ilə yaxından tanış ola bilirlər. Belə tədbirlər həm də görüşmək və fikir mübadiləsi aparmaq üçün gözəl bir şansdır. Çox şadam ki, festival gözəl təşkil edilib və nümayiş olunan tamaşalar da olduqca yüksək səviyyəyə cavab verir.

Obraztsov adına teatrın (Rusiya) bədii hissə müdiri Nina Monova:
- Bütün həmkarlarımı və Azərbaycan kukla ustalarını belə möhtəşəm festival münasibətilə təbrik edirəm. Ona görə ki, onlar ikinci dəfə belə bir sənət bayramına ev sahibliyi edirlər. Dünyanın bir çox ölkələrindən kukla teatr ustalarını bir araya gətirmək özü böyük bir zəhmətdir və buna görə də təşkilatçılara minnətdarlığımı bildirirəm. Görüşmək, tamaşalar təqdim etmək təcrübə mübadiləsi aparmaq çox mühüm amillərdəndir. Biz bu gün öz tamaşalarımızı nümayiş etdirməklə sübut edirik ki, kukla teatrları müasir dövrdə həddən artıq inkişaf etmiş və müasirləşmişdir. Bu sənət digər sənət növlərindən fərqli olaraq həm uşaqlara, həm də böyüklərə sevinc bəxş edir. Bütün sənət dostlarıma bu festivalın daimi olmasını arzulayıram.

Karen Anne Smit (Avstraliya):
- Azərbaycanda kukla teatrları festivalında ilk dəfədir ki, iştirak edirəm. Şəhəriniz də çox gözəldir. Festivalın ilk günündə sizin ölkənin tamaşasına baxdım və çox bəyəndim. Sizin teatrların dövlət tərəfindən maliyyələşdirilməsi də mənim üçün maraqlı fakt oldu. Bilirsiniz ki, bəzi ölkələrdə bu belə deyil. Azərbaycanda dövlətin teatra diqqət və qayğısı bizi heyran edir.

Hazırladı: Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar