Bu lap quzunu qurda tapşırmaq kimi də başa düşülə bilər. Amma tam deyilən kimi də ola bilməz. Əgər olsa, onda gərək bu dünya yenidən yarana, nağılçıların arzuları gerçəkləşə. Burada vəziyyət başqa idi. Yəni canavarın özü yox, bədənindən üzülən başı xilaskar oldu, Keçini, Qoyunu, eləcə də onların nənə-baba saydıqları sahiblərini bəyin qəzəbindən qorudu.

Artıq bir neçə gündür ki, biz böyükləri də əlçatmaz uşaqlıq dünyamıza səyahətə aparan II Bakı Beynəlxalq Kukla Teatrları Festivalının proqramına uyğun olaraq daha bir tamaşa təqdim olundu.
Dövlət Kukla Teatrının səhnəsində bu dəfə qardaş diyardan, Tatarıstandan gələn kuklaçılar çıxış edirdi. “Ekiyat” Tatar Dövlət Kukla Teatrının repertuarındakı ən məşhur tamaşalarından olan “Keçi və Qoyun”a biz də baxdıq. Görkəmli tatar şairi Abdulla Tukayın əsəri əsasında ərsəyə gələn tamaşa müasir rəqs quruluşu, xoreoqrafiyada fərqli pantomima elementləri, heyvan və insan hərəkətlərinin harmonik həlli (baletmeyster - Q.Mannapova), incə, baxımlı rəssam işi (A.Qubski), tatar milli xüsusiyyətlərini, folklor və musiqisini (bəstəkar L.Batır-Bulqari) xırda detallaradək əks etdirməsi ilə maraqlı idi.
İ.Zinnurovun quruluş verdiyi tamaşada klassik kukla teatr tamaşası formasının modern imitasiyası baxımlı, daha doğrusu, inandırıcı idi. Tərtibatdan musiqiyə, aktyor oyunundan geyimlərədək hər məqamda uşaqların diqqətini yayındırmamaq, həm də onları yormadan vizual həlli verə bilmək ön plana çəkilmişdi. Tamaşa boyu personajların arxasınca həyəcanla boylanan və təəccüblərini özünəməxsus təbii reaksiyaları ilə ifadə edən balacalar “Göydən üç alma düşdü” mərhələsində tam xoşbəxt görünürdülər. Çünki onların bildiyi dünyanın nağıllarındakı nəticə hasil olmuşdu, xeyir şərə, yaxşı pisə, kasıb da varlıya qalib gəlmişdi. Klassik mövzu - varlı və kasıblar arasındakı ənənəvi konflikt məsələsi bu tamaşanın da ana xəttini təşkil edir. Bu mübarizə ağıllı, çoxbilmiş Keçinin qurduğu oyunla gözəl sonluğa çatdı.
Tamaşada hadisələr kasıb, yeməyə çörək tapmayan, kəndin Bayına (bəy) xeyli borcu olan qoca ilə qarının köhnə daxmasında baş verir. Əldən düşmüş Nənə və Baba sadəcə nəvələri Keçi və Qoyuna ümid bəsləyirlər. Amma həm də Bayın bir gün onları əllərindən alıb aparacağı qorxusu ilə ac-yalavac yaşayırlar. Elə ağıllı Keçi ilə bir az tənbəl Qoyun da çox acdırlar. Hətta aclıqları başlarına vurduğundan darı yarması, arpa-buğda xəyalı da qururlar. Tamaşanın bu məqamında tatar dilində oxunan mahnılar, işlədilən atalar sözləri və məsəllər səhnə əsərinə ayrı bir gözəllik bəxş edir.
Gülüb-oynamaq bir yana, amma həm də qarınlarını doydurmalıdırlar. Bu barədə çox düşünən ağıllı və zirək Keçi nəhayət qərara gəlir ki, baba-nənələrini tərk edərək uzaqlara, meşədə məskunlaşsınlar. Amma ürəyində həm də qorxur, meşədə onları gözləyən təhlükələrlə mübarizə barədə düşünür. Beləcə, onlar xurcunlarını və əsalarını da götürüb üz tuturlar meşəyə. Xeyli gəzib-dolaşdıqdan sonra aclıqdan birtəhər olub yorğun düşürlər. Ağaclardan birinin dibində əyləşib dincəlmək istədikdə kəsilmiş canavar başı tapırlar. Bundan çox qorxsalar da, onu bir yerdə götürüb xurcunlarına qoyurlar. Axı çoxbilmiş Keçinin kəllə ilə bağlı planları var. Onlar bu kəllənin sayəsində həm meşədə qarşılaşdıqları canavarları qorxudur, həm də onlara zülm edən Bayın dərsini verirlər.
Beləcə, şad-xürrəm yenidən öz evlərində yaşayır, arzusunda olduqları darı yarmasından yeyib mahnılar oxuyurlar.
Tatar dilində təqdim olunan tamaşada xalq mahnı, bayatı nümunələrinin müasir musiqi elementləri ilə sintezi, ona paralel hazırlanan rəqslər səhnə əsərinin uğurlu finalını daha da rəngarəng etdi.
Tamaşadan sonra səhnəyə çıxan teatrşünas Aydın Talıbzadə qonaq heyətə festivalda iştiraka görə fəxri diplom təqdim etdi, aktyorlara gözəl oyuna görə təbriklərini, xoş sözlərini çatdırdı. Qonaqpərvərliyə və isti münasibətə görə təşəkkürünü bildirən “Ekiyat” teatrının təmsilçisi isə bu il 80 illik yubileyi qeyd olunan sənət ocağının bayram tədbirlərində iştirak üçün Azərbaycan Dövlət Kukla Teatrının kollektivini Tatarıstana dəvət etdi.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar