Susmaq istəməyənlərin oyunu

Sərbəst olmaq, çəkinmədən, həm də müstəqil təxəyyül əsasında fikir yürütmək, yaşamaq, oynamaq, oxuyub öyrənmək bütün uşaqların vacib haqqıdır. Elə gələcək istəklərini də buna hesablayan balacalar başqalarından fərqlənmək üçün canfəşanlıq şakərləri ilə seçilirlər. Bütün hallarda uşaq dünyası yaxşı bələdçi ilə kəşf oluna biləcək ən maraqlı məkan, ən gözəl mənzərələr diyarıdır.

Bu həqiqəti “Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalında nümayiş olunan daha bir səhnə əsərində gördük. İsveçrənin “Ginyöl” Marionet Teatrının “Mən danışmaq istəyirəm” tamaşası məhz bu nota köklənmişdi. Ənənəvi kukla teatrı texnikasından istifadə olunmaqla hazırlanan tamaşa uşaq və yeniyetmələri öz hüquqlarını qorumağa, mükəmməl insan kimi yetişmək üçün xeyirxah insanlarla münasibət qurub, bütün çətin dönəmləri məhz gözəl dostlar sayəsində aşmağa inandırır.
Stefani Lefortun eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşada adi, özünə qapalı bir məktəblinin taleyindən danışılır. Dyuki adlı bu məktəblinin öz düşüncələrini çatdırmaq, fikrini ifadə etmək bacarığı yoxdur. Çünki onun çox əzazil və zalım bir müəllimi, ustası var. Daim basqı altında olan qəhrəman mənəvi sıxıntılar keçirir və buna görə də rabitəsiz, gərəksiz hərəkətlər edir.
Cudit Şpinaç və Sandrin Tonanın hazırladığı kuklaların dekorda, bir fabrikin təsvir olunduğu kiçik səhnədə əksi cansıxıcı təsir bağışlasa da, musiqi bu məngənəli mənzərəni bir qədər yüngülləşdirə bilirdi.
Fransız dilində təqdim olunan tamaşada əhvalat basketbol ayaqqabısı istehsal edən fabrikdə baş verir. Qarışıq əhvalatın çaşdırıcı dil xüsusiyyətini aradan qaldırmaq üçün onu üç pərdəyə bölən və hər pərdədən öncə səhnəyə çıxıb tamaşaçılara səslənən aktyor “Mən tamaşanı fransız dilində oynayacağam. Çoxunuz bəlkə də fransızca danışmır. Lakin mən bilirəm ki, siz çox ağıllı uşaqlarsınız və hər şeyi başa düşəcəksiniz” - deyə maraqlı izahat da verdi. Bəzi hissələrdə qəhrəmanın fikirlərini rus dilində də çatdırmağa çalışdı.
Tamaşanın digər obrazları fabrik sahibi Qratin Marta və usta Flaşardır. O, Dyukiyə işləməyi öyrədir. Tamaşanın dördüncü qəhrəmanı isə Litçidir. Hamı onu cingiltili, zəhlətökən səsli siçan kimi tanısa da, hələ heç kim üzünü görməyib. O, gözə görünməsə belə, baş verən hər şeyi görür. Bütün gününü fabrikdə keçirib yalnız bir məsələ ətrafında düşünən, dünyanın sahibinə çevrilmək iddiasında olan Flaşar yenə öz işindədir. Bu məqsədlə dahi professor Kuqlofun kəşf etdiyi universal pultdan istifadə edir. Axşam baş verən proseslərin yeganə şahidi olan Litçi, nəhayət ki, Flaşarın maskasını yırtır, onun pis, ziyanlı əməllərini açmaqla özünün də istədiyi kimi, guya dünyanı və ən əsası dostu Dyukini xilas edir. Sonda dostluq qələbə çalır. Qaradinməz, hirsli, acıdil oğlan xoşrəftar, mehriban bir insana çevrilərək xoşbəxt olur.
Çətinliklərə ağıl və səbirlə qalib gəlməyi, uşaq və yeniyetmələri əlavə təsirlərdən qorumağı tövsiyə edən tamaşa bu notlarla da başa çatdı.
Sonda yenidən səhnədə görünən və “Uşaqlar, hər şeyi anladınızmı” sualını verən aktyor alqışlarla qarşılanıb, festivalda fəal iştirakına görə fəxri diplomla təltif olundu.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar