Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında balacalar üçün dövlət sifarişi ilə daha bir səhnə əsəri hazırlanıb. Abdulla Şaiqin eyniadlı əsəri əsasında səhnələşdirilən “Danışan gəlincik” adlı ikihissəli nağıl-tamaşaya Əməkdar artist Nicat Kazımov quruluş verib.

Tamaşa barədə məlumat verən rejissor məşhur əsərə müasir kontekstdə yanaşmağa çalışdığını deyir: “Tamaşa mənə həvalə olunanda həm də çox sevindim. Çünki bu mövzu hər zaman məni düşündürürdü. Bir müddət əsər üzərində işlədik, onu nəsrdən nəzmə keçirdik. Tamaşanın ideyasına uyğun olaraq yeni səhnələr də əlavə olundu. Burada rəssam işi də maraqlı və fərqlidir. Bu tamaşanın da tərtibatını son bir neçə tamaşada birgə işlədiyim Elxan Sərxanoğlu verib. Səhnə tərtibatı, aktyorların geyimi də gözəl və maraqlıdır. Bununla biz uşaqları bir balaca nağıllar dünyasına qaytarmaq istədik. Ona görə də müasir cizgi filmi estetikasından istifadə etdik. Belə ki, aktyorların parikləri saç yox, paltar tikilən ipdəndir. Bu da tamaşanı cizgi filmi formasına daha çox yaxınlaşdırır”.
Rejissor maraqlı mövzunu əhatə edən tamaşada uşaqların xoşbəxt böyüməsi üçün ilk olaraq mənəvi ehtiyaclarının ödənməsi məqamını önə çəkdiyini deyir: “Tamaşada hər bir ehtiyacı qarşılanan, lakin heç cür xoşbəxt olmayan şah qızından bəhs olunur. Onun bu bədbinliyinin yeganə səbəbi təkliyi, dostunun, sirdaşının olmamasıdır. Ətrafındakı boşluqda boğulan Rəmziyyə bütün günü ağlayaraq danışan gəlincik istəyir. O, başqa uşaqlarla oynama qadağasından bu yolla qurtulacağını düşünür, məmləkətdə şah atasına bərabər daha bir insanın olmadığını anlayaraq çıxış yolunu məhz gəlincikdə görür. Digər ailənin uşağı, kasıb, ac-yalavac yaşamalarına rəğmən xoşbəxtdirlər. Çünki onlar bacı-qardaş ac qalıb, səfalət içində yaşasalar da, daim bir yerdə oynayır, sevinclərini bir-birilə bölüşürlər. Amma bu səadət bir gün bitir və kasıb ailənin qızı şah sarayına gətirilərək gəlincik adıyla şahın qızına hədiyyə edilir. Beləcə, iki qız dostlaşır və tamaşanın finalında kasıb ailə də şah sarayına köçərək şad-xürrəm yaşayır. Bununla hər kəs anlamalıdır ki, səadət var-dövlətdə, cəh-cəlalda yox, mənəvi zənginlikdə, səmimiyyət və mehribanlıqdadır. Tamaşanın finalında səslənən mahnıda da məhz bu məqamlar qabardılıb”.
Digər tamaşalarında əsasən yığma musiqilərə üstünlük verən rejissor “Danışan gəlincik”də ilk dəfə bir bəstəkarla işləyib. O, Əməkdar incəsənət xadimi Gövhər Həsənzadəyə həvalə olunan musiqi tərtibatı ilə də uşaqlara saf hisslərin aşılandığını deyir.
Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, aktyorlar Günel Məmmədova, Simuzər Ağakişiyeva, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Elşən Hacıbabayev və başqaları rol alıblar. Yeni səhnə əsərinin premyerası noyabrın 16-na nəzərdə tutulub.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar