Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rus yazıçısı Yevgeni Şvartsın “Kölgə” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb. Tamaşaya Əməkdar artist Nicat Kazımov quruluş verir. Rejissorun sözlərinə görə, əsərdə totalitar rejimin tənqidi və insan faktoru önə çəkilir: “Tamaşa üzərində ciddi işləyirik. Mövzu və qabardılan problem çox maraqlıdır. Düşünürəm ki, aktyor heyəti də teatrsevərlərin xoşuna gələcək. Tamaşada xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Şəlalə Şahvələdqızı, Ayşad Məmmədov, Məsmə Aslanqızı, Kazım Abdullayev, aktyorlar Anar Heybətov, Rəşad Bəxtiyarov, Ramin Şıxəliyev və başqaları iştirak edəcəklər. Tamaşanın rəssamı isə artıq bir neçə tamaşada əməkdaşlıq etdiyim Elşən Sərxanoğludur”.
Qeyd edək ki, tamaşanın fevralın sonlarına təqdim olunması nəzərdə tutulur.
Həmidə