Premyera
Ecazkar musiqi, parlaq geyimlər, sirli maskalar, ehtiraslı məhəbbət, intriqa, günahsız və səbəbsiz ölüm. Bütün bunları Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovskinin quruluşunda səhnələşdirilən “Maskarad" tamaşasında görürük. Dövlət sifarişi ilə hazırlanan tamaşanın premyerası noyabrın 24-də reallaşdı.
Böyük rus şairi və yazıçısı Mixail Yuryeviç Lermontovun eyniadlı əsəri əsasında təqdim olunan tamaşa ədibin 200 illiyinə həsr olunub. Əsər XIX əsrdə yazılmasına baxmayaraq, öz şərəf-ləyaqətini qorumağa çalışan və onu çulğalayan ehtiraslarla çarpışan Yevgeni Arbeninin timsalında sanki bu gün ətrafımızda baş verənlər səhnəyə ayaq açıb.
Tamaşaçılar arasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri var idi.
Hamı səhnəyə diqqət kəsilmişdi. Pərdə qalxdı və tamaşaçılar dekorasiyasız, bəzək-düzəksiz boş səhnə ilə üz-üzə qaldılar. Yarıqaranlıq səhnədə, sadəcə, güclə sezilən sirli fon və bir də həyəcanlı gözləntiyə müvafiq musiqi vardı. Sonradan aktyorların ağ xələtlərdə səhnədə peyda olmaları məsələni bir qədər aydınlaşdırdı. Zal aktyorların oyununa emosiyalarsız reaksiya versə də, sadiq tamaşaçılar bilirdilər ki, peşəkar rejissor və aktyor nə isə bir fərqlilik edəcək. Elə də oldu, az sonra Xalq artisti Aleksandr Şarovski Arbenin obrazında səhnədə göründü və alqışlandı. 20 illik fasilədən sonra onun aktyor kimi məhz bu obrazda səhnəyə çıxması, təbii olaraq, bütün baxışları özünə çevirdi.
Tezliklə tamaşaçılar məsələdən halı oldular. Hadisələr psixiatriya xəstəxanasında baş verir. Baş qəhrəman bu məkana düşməsini anlatdı. Məlum oldu ki, o, əvvəllər qumarbaz olub, kart masası arxasında uğur qazanıb, günah sayılacaq xeyli əməl törədib. Amma indi bütün pis vərdişlərini atıb, ciddi həyat tərzi seçib və evlənib. Bütün bunları həyat yoldaşı, gənc və cazibədar Nina (Olqa Arsenteva) üçün edib. Nina çox fədakar və mübariz olmaqla yanaşı, həm də gücsüzdür. O, mehriban davranışı, sakit, məhrəm münasibəti, duyğu yüklü sözləri ilə onu özünə bağlamağa çalışır. Yersiz qısqanclıqları onun başından qovmaqla ailə bütünlüyünü qorumaq istəyir.
Yaşlı Arbenin də gənc və gözəl sevgilisindən bunları umur. Onu qaranlıq keçmişini unutmaq, həyatından silmək istədiklərinə təminat, zəmanət, işıq yolu kimi görsə də, ətrafı buna imkan vermir. Zəhərli sarmaşıq kimi onu əhatəyə alaraq öz məqsədlərinə çatanadək “istismar” edirlər. Bu maneəni törədənlər baronessa Ştral (Natalya Şarovskaya), knyaz Zvezdiç (Murad Məmmədov), Şprix (Teymur Rəhimov), Afanasi Pavloviç Kasarin (Yuri Baliyev) və başqalarıdır.
Arbenin bu cəmiyyətin qanunları ilə yaşayır. Qısqanclıq və hədsiz eqoizmi onun xoşbəxtliyinə mane olaraq sonda sevimli arvadının qatilinə çevirir. Tamaşanın bu məqamı - finalı çox təsirli idi. Məncə, bu səhnəni rejissorun əsəri də adlandırmaq olar. Şarovskinin qəhrəmanı fransız mahnısının sədaları altında arvadı ilə çox ehtiraslı və romantik vals rəqsi edir. Qadının özündən gedib döşəməyə sərilənədək etdiyi rəqs çox emosional təsir bağışlayırdı. Bu səhnə - ölümü qucması və günahsız olduğundan mələyə çevrilməsi maraqlı bir təzad da yaradırdı: sonda cəza günahsız qurbanlara verilir. Hərəkətsiz halda döşəmədə uzanan qəhrəman bu görkəmi ilə məhz bu fikri hayqırırdı.
Bu zaman haradansa Naməlum Şəxs (Maqsud Məmmədov) - bütün baş verənlərin səbəbkarı peyda olur və bununla da bütün həqiqətləri qəhrəmanın üzünə çırparaq qələbəsinin sevincini təkrarlayır. Bu obraz da bütün mənfi xüsusiyyətlərinə rəğmən çox inandırıcı alınmışdı.
Ümumilikdə, tamaşada rol alan aktyorlar - Xalq artisti Yuri Baliyev, Əməkdar artist Natalya Şarovskaya, eləcə də Maqsud Məmmədov, Murad Məmmədov, Teymur Rəhimov, İnna İmranova, Yeganə Hüseynli, Fatimə Əliyeva, Zaur Terequlov, İlkin Mehdiyev, Səfa Mehdi kimi aktyorların obrazın təsir gücünü artırmaq üçün etdikləri cəhdlər səhnə əsərində temporitmi daha da gücləndirirdi.
Tamaşa sonda dəli olan Arbeninin nidası ilə yekunlaşır: "Mən xoşbəxtlik arzuladım və Allah onu mələk cildində mənə göndərdi”.
Tamaşaçılar əsərə elə aludə olmuşdular ki, sonla barışmır, sanki davamı, xoş nəticəni arzulayırdılar. Yerlərdən rus dilində “Belə olmaz axı, o sevirdi” nidaları da eşidilir, göz yaşlarını silənlər də görünürdü.
Səhnə əsərinin uğurlu alınmasında düzgün aktyor seçimi mühüm rol oynayıb. Məncə, A.Şarovskinin işi daha çətin idi. Bəlkə də bu rol başqa aktyorun ifasında belə təsirli alınmazdı. Sanki Arbenin onun içində idi. O, obrazın ağrılarını, sevgisini, yorğun ehtirasını, ifrat qısqanclığını elə gözəl boyalarla çatdırırdı ki, bəzən ona haqq qazandırır, qəddar hərəkətlərinə sevgi donu da biçirsən. Xalq artisti qəhrəmanının əslində qatil olmadığını, onu bu hərəkətə ətrafdakıların vadar etdiyini deyirdi.
Xatırladaq ki, tamaşa üzərində bir neçə ay idi ki, beynəlxalq komanda işləyirdi. Bu mənada Rusiyadan dəvət olunmuş quruluşçu rəssam Nikita Sazonov, ABŞ-dan olan geyim üzrə rəssam İrina Krujilin, eləcə də ölkəmizdən xoreoqraf Raulya Türkan, musiqi tərtibatçısı, Əməkdar mədəniyyət işçisi Vladimir Neverovun əməyini qeyd etmək lazımdır.
Tamaşa başa çatdıqdan sonra izləyicilər öz sevimli aktyorlarını səhnədən buraxmaq istəmirdilər. Hamı səbirsizliklə Şarovskinin çıxışını gözləyirdi. Amma o, əvvəlcə səhnəyə Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxini çağırdı. “Maskarad” barədə təəssüratlarını bölüşən diplomat aktyorları təbrik etdikdən sonra mədəniyyət və incəsənətin inkişafına verdiyi töhfələrə görə A.Şarovskiyə “Puşkin medalı”nı təqdim etdi.
"Bütün gördüklərimdən sonra mənə danışmaq çətindir”, - deyən səfir daha sonra əlavə etdi: “Sözün düzü, sizi bu tamaşadan sonra medal yox, birbaşa ordenlə təltif etmək lazımdır. Yeni rollarla və tamaşalarla bizi sevindirməyə davam edin. Çünki bu, sizdə çox yaxşı alınır".
A.Şarovski isə öz növbəsində hər kəsə təşəkkürünü bildirdi, ünvanına deyilən xoş sözləri bütünlükdə yaradıcı kollektivin əməyinə verilən qiymət kimi dəyərləndirdi. Qazandığı bütün uğurlara görə vətəni Azərbaycana minnətdar olduğunu dilə gətirdi.
H.Nizamiqızı