Budəfəki tamaşa - “Leyli və Məcnun” Gülxar Həsənovanın 95 illiyinə həsr olunmuşdu

8 dekabr. Möhtəşəm Opera və Balet Teatrı. Salon bir daha (kim bilir, neçənci kərədir) dahi Üzeyir bəy Hacıbəyli aləmi üstə köklənib. Adətən, tamaşaçıları daha çox gənclərdən ibarət olan bu şərqi şedevrin - “Leyli və Məcnun”un bu axşamkı seyrçilərinin əksəriyyətini ahıllar, qocalar təşkil edir...

Nədən ki, neçə gündü afişalar, kütləvi informasiya vasitələrindəki məlumatlar bu tamaşanın Gülxar xanım Həsənovanın anadan olmasının 95-ci ildönümünə həsr edilməsindən bəhs edir. Həmin ahıllardan bir neçəsilə həmsöhbətəm və öyrənirəm ki, onlardan biri - Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev Gülxar xanımın bacısı oğludur.
- Mayıl müəllim, yaşınızdan belə məlum olur ki, siz Gülxar xanımı səhnə fəaliyyətinin elə ilk günlərindən izləmisiz...
- Hə, elədir. Əlavə edim ki, mən Gülxar xanımın oğlu - görkəmli aktyor Hamlet Qurbanovla bir sinifdə oxumuşam. Xalq artisti, “Şöhrət” ordenli, Azərbaycan qadınlarının qəhrəmanlıq rəmzi olan əfsanəvi Ərəbzəngi rolunun mahir ifaçısı Gülxar Həsənova 87 illik ömrünün yetmişini Azərbaycan incəsənətinə həsr edib. O, 1918-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində nüfuzlu bir bəy ailəsində doğulub.
Atasını 1930-cu ildə itirən Gülxar orta məktəbi bitirdikdən sonra Bakıya gəlir. Tibb məktəbinə qəbul olunur, Əli Bayramov adına klubda dram dərnəyinə yazılır, kiçik rollarla çıxış edir. Bu gənc qızın güclü, məlahətli səsini aşkar etsələr də, inqilabçı Həmid Sultanova təqiblər başladığından hər şey korlanır. Qohum-əqrəbasıyla birgə, gənc Gülxar da “Sultanova” soyadına görə təzyiqlərə məruz qalır. Hətta onu Tibb Məktəbindən xaric edirlər. Ona təklif edirlər ki, babası Hacı Həsən ağanın adını soyad kimi götürsün. Beləliklə, gənc Gülxar Sultanova teatr ictimaiyyətinə Gülxar Həsənova kimi tanınır.
Məlahətli, şaqraq səsi aşkarlanandan və dahi Üzeyir bəy də onu bir neçə dəfə yoxladıqdan sonra ona birbaşa Leyli rolunu oynamağı təklif edir. Gülxar xanım danışırdı ki, bu təklifin sevincindən günlərlə yerə-göyə sığmayıb. Leyli müvəffəqiyyətindən sonra “Əsli və Kərəm” operasında Əsli, “Aşıq Qərib” operasında Şahsənəm və operettalarda bir sıra rollar alır.
- Bəstəkarların “şah əsər”i olduğu kimi, ifaçıların da...
- Hə, Gülxar xanımın səhnə həyatında ən böyük, ən maraqlı obrazı Müslüm Maqomayevin “Şah İsmayıl” operasındakı əfsanəvi Ərəbzəngi rolu olub! Bu obraz - sanki Gülxar xanımın səsinə, səhnə jestlərinə, boy-buxununa biçilmişdi! Elə ona görə də küçədə-bazarda ona “Ərəbzəngi gəlir, Ərəbzəngi gedir” deyirdilər. Deyim ki, bugünəcən Azərbaycan opera səhnəsində Gülxar xanımın səsini, səhnə hərəkətlərini, obraza yanaşmasını, Şah İsmayılla əlbəyaxa döyüşdə dizi üstə sürünə-sürünə oxuduğu “Kəsmə şikəstə”ni heç kim göyərdə, heç kəs təqlid edə bilmir.
- Deyirlər, Gülxar xanım şeir yazırmış...
- Bəli, o, həm də gözəl filoloq idi. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdi.
- Bu an nədən pəjmürdə olduz, Mayıl müəllim?..
- ...Gülxar xanımgil 3 qardaş, 2 bacı idilər. Qardaşları Həmid, Nazim və Səlim ali savadlı idilər. Həmid Sənaye İnstitutunu, Nazimlə Səlim Pedaqoji İnstitutu bitirmişdilər. Hər üçü müharibədən qayıtmadı...
Gülxar xanım o nakamlar haqda da şeir yazmışdı:

Bacılar qardaşla öyünər hər an,
Qardaşsız bacının günü bir qışdır.
Üç qardaşım vardı mənim dünyada -
Üçü də cəbhədən qayıtmamışdır...


- Gülxar Həsənova təqaüdə çıxandan sonra səhnə arxasında da çox çalışdı...
- Bəli, Gülxar xanım səhnədən ayrıldıqdan sonra pedaqoji fəaliyyətə başladı, opera səhnəsinə çox tələbə hazırladı.
Onun əməyi layiqincə qiymətləndirildi, Xalq artisti fəxri adına layiq görüldü, müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edildi, dünyadan köçəndə dəfni dövlət tərəfindən yüksək səviyyədə təşkil edildi. İndi də ki, gördüyünüz kimi, “Leyli və Məcnun” operasının bugünkü tamaşası Gülxar Həsənovanın 95 illik yubileyinə həsr olunmuşdur.

* * *
Yüz kərədən çox Leyli və Məcnun olmuş xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimovun oynadıqları tamaşa alqışlarla qarşılandı. Bu alqış selindən unudulmaz sənətkara, Leylisi ilə səhnəmizdə və sənətsevərlərin yaddaşında silinməz iz qoymuş Gülxar xanıma da pay düşürdü...

Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar