“Yunona və Avos” Bakıda nümayiş olunacaq

2014-cü ilin konsert proqramları, qastrol səfərləri ilə bağlı informasiyalar arasında bu xəbər xüsusilə diqqətimi cəlb etdi. Bakı tamaşaçıları məşhur “Yunona və Avos” rok-operasını yenidən görmək imkanı qazanacaqlar. Aleksey Rıbnikovun teatrı 31 may tarixində rok-operanı Heydər Əliyev Sarayında nümayiş etdirəcək.

Xatırladaq ki, Rusiyanın Xalq artisti, bəstəkar Aleksey Rıbnikov və şair Andrey Voznesenskinin müəllifi olduqları əsər 80-ci illərdə Bakıda Lenkom Teatrının təqdimatında rejissor Mark Zaxarovun quruluşunda təqdim olunmuşdu. Əsas rollarda Nikolay Karaçentsev və Yelena Şaninanın çıxış etdiyi tamaşa böyük rezonans doğurmuşdu.
Lenkom Teatrında 1981-ci ildə səhnələşdirilən tamaşa ötən müddətdə bir çox ölkələrdə uğurla nümayiş olunub. 1983-cü ildə məşhur modelyer Pyer Kardin “Eslas Karden” teatrında “Yunona və Avos”u fransız tamaşaçılarına təqdim edib. Daha sonra tamaşanın ABŞ, Almaniya, Hollandiya, Polşa, Macarıstan, Çexiya və s. ölkələrə qastrol səfərləri baş tutub.
2009-cu ildə Fransada keçirilən Pyer Kardinin festivalında Aleksey Rıbnikov “Yunona və Avos” rok-operasını yeni quruluşda təqdim edib. Onun müəllif versiyası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Rus dini musiqisi, xalq folkloru, modern musiqi nümunələri ilə bəstəkarın ideya-estetik prioritetlərinin vəhdətindən yaranan rok-opera dünya musiqili teatr tarixində ən böyük nailiyyətlərdən hesab olunur.
“Yunona və Avos” rok-operasına Rusiyanın ən yaxşı musiqili teatr rejissorlarından olan Aleksandr Rıxlov quruluş verib. Vokal nömrələrini Rusiyanın Əməkdar artisti, məşhur aktrisa Janna Rojdestvenskaya ifa edir. “Buratnio”, “Prodüserlər” kimi müzikllərin xoreoqrafı Janna Şmakovanın təqdimatında mükəmməl rəqs nömrələri sənət əsərinin daha da maraqlı və baxımlı olmasına təminat verir.
Rok-operada Moskva teatr və musiqi mühitinin parlaq simaları - Qraf Rezanov rolunda Valeri Anoxin və Nikolay Drozdovski, Konçita rolunda Natalya Krestyanskix və Yekaterina Solovyeva, həmçinin Rıbnikov teatrının aparıcı aktyorları iştirak edirlər.
“Yunona və Avos”un süjeti real, çox kədərli bir hadisənin - rus səyyahı, diplomatı Nikolay Rezanov və Amerikadakı ispan kolonistinin qızı Konçita Arquellonun sevgi hekayəsi üzərində qurulub. Sevgililərin arasındakı yaş fərqi (Rezanovun 42, Konçitanın 16 yaşı olur) və minlərlə kilometrlik məsafə onların xoşbəxt yaşamasına imkan vermir. Tarixi fakta görə, Rusiya-Amerika kompaniyasının rəhbəri qraf Rezanov 1806-cı ildə “Yunona” və “Avos” gəmilərində ispan kolonistləri ilə ticarət əlaqələri qurmaq üçün Kaliforniyaya səyahət edir. Rok-operanın adı da bu gəmilərin adından götürülüb.
Qraf Rezanov balda San-Fransiskonun qubernatoru, ispan gözəli Konçitaya aşiq olur. Onların sevgisi Konçitanın nişanlısı Fernandonun qəzəbinə səbəb olur. Fernando Rezanovu duelə çağırır. Qraf Kaliforniyanı tərk etməli olur. Konçita ilə Rezanov gizlicə evlənir, əhd-peyman bağlayırlar. Rezanov Peterburqa qayıdarkən yolda soyuqdəymədən ölür. Konçita 35 il onun yolunu gözləyir, sevgilisinin ölüm xəbərini aldıqda isə monastıra gedir.
Şair Andrey Voznenski bu kədərli sevgi hekayəsindən təsirlənərək “Avos” adlı poema yazır, sonra poemanın üzərində işləyərək opera librettosuna çevirir.
Aleksey Rıbnikov teatrının quruluşunda “Yunona və Avos” rok-operası Ukraynada, Qazaxıstanda, Fransada, İsraildə nümayiş olunub və böyük uğur qazanıb.

Həmidə Nizamiqızı 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar