Premyera


Ağıllı qadınlar barədə həmişə qəribə bənzətmələr uydurublar, onu kişinin yaraşığı, xilası, ucalığı, yolgöstərəni, nə bilim, mayakı sayıblar. Qadının məsuliyyətini artırmaq və bununla da elə bəzi kişilərin fərsizliyinə don geyindirmək üçün “Ağıllı qadın ərini şah, ağılsız da zay edər” kimi bəhanələr də düzüb-qoşurlar. Bu ağıl tərəzisində tarazlığı pozan bir məqam da tamah və hikkədir. Bir də vəzifə, şan-şöhrət hərisliyi ki, o da bizim qəhrəmanda.

Fevralın 5-də Akademik Milli Dram Teatrında məşhur serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında “Nazirin xanımı” tamaşası yenidən səhnəyə qayıtdı. 1970-ci ildə görkəmli rejissorumuz Tofiq Kazımovun tərcüməsində və quruluşunda uzunmüddətli və uğurla səhnə həyatı qazanan əsərə bu dəfə Xalq artisti Mərahim Fərzəlibəyov fərqli yanaşmağa çalışıb. Onun quruluşunda tamaşaçı axmaq, sadəlövh və əslində, bicliyindən çox gicbəsərliyini isbat edən qəhrəmanın komik durumuna güldü və düşündü.
Hadisələr siyasi qovğalarla çalxalanan Serbiyada baş verir. Partiyadaxili münaqişələrin baş alıb getdiyi ölkədə hökumət kabineti istefaya gedir. Mərəkə də bundan sonra qopur. Uzun illər Portağal Partiyasında hap-goplar edən şöbə müdirini, hikkəli arvadının fərsiz dediyi kişini gətirib edirlər nazir. Amma bu da asanlıqla baş vermir. Zirəng katib Pera (Hacı İsmayılov) özünü qaranəfəs çatdırır portağalçının evinə ki, bəs onu saraya çağırıblar, vəzifə verəcəklər. Şöbə müdiri olan Popoviçin nazir olması üçün ağanın silindri (baş geyimi) lazımdır. O da tapılmır ki tapılmır. Həyəcanlı arvad, oğul-uşaq - hamı dəyir bir-birinə. Rejissor ilk “zərbə”ni elə bu səhnə ilə vurur. Evində papağı itən kişi, nazir kürsüsündə nəyini itirməyəcək ki?!
Ərinin fərsizliyi ucbatından üç ay müəllimə və qulluqçuya maaş verə bilməyən, hətta südsatana belə borclu qalan və buna görə miqrensiz günü olmayan xanımın birdən-birə həyatı dəyişir, eybəcər çöhrəsini bir az da dəyişən eynəyi, başının ləçəyi, yaxasının önlüyü çıxıb çox uzaqlara “gedir”. Onunla yanaşı sadəlövh qızı, fərsiz, vəzifəsində bir pillə də qalxa bilməyən kürəkəni, dərslərini oxumayıb dəcəlliyini tərbiyəsizliklə əvəzləyən oğlu, maaş almadığına görə sifəti beş qarış olan qulluqçusu, xəsis, pulgir xalası, tüfeyli dayısı da dəyişir.
Hər şeyi dəyişməyə qərar verən xanım əvvəlcə üst-başından başlayır. Sonra başlayır kübar qadın olmaq üçün davranış qaydalarını öyrənməyə. Beləcə, yerişi-duruşu, hərəkəti, zahiri görkəmi dəyişən Jivka (Bəsti Cəfərova) dönüb olur “nazir xanımı”. Onun növbəti islahatı qızını ərindən ayırmaq olur. “Qərar vermişəm ki, qızımı ərlikdən geri götürüm” - deyərək kürəkənini nə qədər dilə tutub, şirnikləndirici təkliflər versə də, bir fayda vermir, tərs kürəkən sevimli arvadından əl çəkmək istəmir. Qızı da ərindən ayrılmağı düşünmür. Amma bunların heç biri nazir xanımının vecinə olmur və qızına yeni, “yüksək cəmiyyətə mənsub” ər tədarükünə başlayır. Diş həkiminin tapdığı namizədi, Nikaraqua konsulu gicbəsər Ristanı (Sabir Məmmədov) evlərinə dəvət edir.
Bu minvalla nazir xanımının hökmranlığı davam edir. Kimləri istəyir vəzifəyə təyin edir, kimisini sürgünə, uzaq şəhərlərə yola saldırır. Artıq o istədiyi hər şeyi dəyişib. Qalıb bircə kürəkən. Hiyləgər qadın xidmətçi Ankadan (Məsmə Aslanqızı) istifadə edərək kürəkəni tora salmağa, bu yolla qızını ondan ayırmağa çalışır. Əvəzində isə sadəlövh Rista tora düşür. Qayınanasının özbaşınalığına qəzetdə məqalə dərc etməkdə cavab verən kürəkən bununla da hər şeyi alt-üst edir. Portağal Partiyası naziri vəzifədən qovur.
Rejissorun nazir Popoviçi səhnəyə yekə bir silindr kimi gətirməsi, onu obraz olaraq təqdim etməsi maraqlı və orijinal idi. Tamaşanın baş qəhrəmanı Xalq artisti Bəsti Cəfərovanın simasında özünün əsas ifadəsini tapdı. Aktrisa birdən-birə həyatı dəyişən Jivkanın buqələmun hərəkətlərini, yeknəsəq üslubunu və gicbəsər bicliyini ustalıqla yaratdı. Qəhrəmanın tamaşanın finalında dərin kədəri, göz yaşlarıyla qopardığı naləsi və bitkin gedişi təsirli idi.
Tamaşanın ən maraqlı qəhrəmanlarından biri yelbeyin nazir arvadlarına guya kübar cəmiyyət qaydalarını “öyrədən” Ninkoviçdir (Əməkdar artist Tofiq Hüseynov). Tofiq Hüseynov həyasız, mədəni əxlaqsız Ninkoviçi elə ustalıqla yaradırdı ki, insan sadəcə heyran qalırdı.
Kürəkən Çeda Əməkdar artist Aslan Şirinovun təqdimatında hiyləgər və həm də sadiq ər kimi baxımlıdır. Aktyor ironiyalı məqamlarda, xüsusən də qaynanası ilə dialoqlarında, ifadə və jestlərində tamaşaçıya gülüş bəxş edən rabitə yarada bilirdi.
Nazirin ərköyün, tərbiyəsiz və şən oğlu Raşanı səhnədə canlandıran Vüsal Mustafayevə gəlincə, o, əslində tamaşada epizodik məqamlarla yaddaqalan rolu ilə tamaşaçıların diqqətini cəlb etdi. Gənc aktyorun müəllimi və anası ilə mübahisələri, ümumən mizana hərəkət gətirən oyunu baxımlı idi.
Vasa dayı (Əməkdar artist Əjdər Həmidov) tüfeyli, lakin dürüst qocadır. Onun ambisiyalardan uzaq balaca arzuları, hər dara düşəndə cibindən çıxardığı yaxın “dostu”, içki şüşəsi ilə münasibəti inandırıcıdır. Aktyor komik hərəkətlər fonunda yaşlı insanın bitkin dramını yaradır.
Dünyadan xəbərsiz tacir Ritsa, şən-şaqraq Nikaraqua konsulunun səhnə həllində çevik jestlər, rəqs elementləri qatmaq Əməkdar artist Sabir Məmmədov üçün elə də çətin deyil. Aktyor universal oyun üslubuna malik olmasını bu dəfə də təsdiqləyir.
Epizodik rollarında belə tamaşaçıya nə isə ifadə etməyi bacaran Xalq artistimiz Hacı İsmayılov da yaltaq katib Peranın öhdəsindən bacarıqla gəlir.
Nazir xanımının yöndəmsiz, kobud xidmətçisi Ankaya gəlincə, o, Əməkdar artist Məsmə Aslanqızını sanki ilk anlar bir az sıxırdı. Danışığında kobud, oğlansayağılıq tələb edən obraz daha çox ikinci hissədə göründü və aktrisa rola tam şəkildə girə bildi.
Digər personajların - cüvəllağı nazir oğluna nə isə öyrətmək istəyən zavallı ingilis dili müəllimi (Əməkdar artist Firuz Xudaverdiyev), nazirin qızı sadəlövh Dara (Əməkdar artist Şəlalə Şahvələdqızı), bacısı qızına 200 dinarı çox görən ikiüzlü Sava xala (Əminə Babayeva), keçmiş nazir arvadı kimi Jivkaya acıq verən, onun da özü kimi rəzil olmasına sevinən Nata (Ləman İmanova), yekəqarın polisin (Cümşüd Zeynalov) səhnə təqdimatı da maraqlı və yaddaqalandır. Bununla belə, aktyorlar arasındakı rabitənin zəifliyi, belə demək mümkünsə, obrazlar arasında sinxronsuzluq diqqətdən yayınmır.
Bütövlükdə tamaşanın rejissor həlli əsərin əsas qayəsini də, demək olar ki, bütün obrazlarda çatdırır. Bizə bəlli, tanış və gülünc görünən həqiqətləri ironik boyalarla, komik, həm də arxa planda gizlənən dramatik, tragikomik çalarlarla verməyi bacarır.


Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar