Tamaşalarında müxtəlif ölkələrdən vokal və balet ulduzlarını bir araya gətirən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı daha bir layihəyə imza atır. Fevralın 15-də Azərbaycan, Türkiyə, Belarus opera sənəti ulduzlarının ifasında görkəmli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının tamaşası keçiriləcək.
Toska partiyasını İstanbul Opera və Balet Teatrının aparıcı solisti, beynəlxalq müsabiqələrin qalibi Dəniz Yetim ifa edəcək. Kavaradossi rolunda isə Ankara Opera və Balet Teatrının aparıcı solisti və eyni zamanda bu teatrın direktoru vəzifəsində çalışan Aykurt Çinar çıxış edəcək.
Əsas partiyalardan olan Skarpianı ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov dəvət edilib.
Tamaşada həmçinin Azərbaycanın Xalq artisti Əli Əsgərov, Əməkdar artist Əkrəm Poladov və gənc solist Cahangir Qurbanov çıxış edəcəklər.
Həmidə Nizamiqızı