Yalan və əzab içində “səadət”

Hər şeydən bezmək, qaçmaq, uzaqlaşmaq olar. Nifrətinlə sevgin, səadətinlə bədbəxtliyin arasında get-gələ də birdəfəlik son qoymaq mümkün. Ən asan, sadə çıxış yolu və elə ən ağılsız nəticə isə ölümdür. Bu, çətin deyənlər üçün su içimi qədər asan. Anlayanlar üçün isə “həyat mübarizə meydanıdır” kimi cəfəng təsəlli. Belə olanda, vay ağlı ilə düşünüb, hissi ilə anlayıb, ağrıları ilə yaşayanın, ölə bilməyib, ölməyi bacarmayıb bu dünyada veyllənənin halına.

Bu ağır, yoluxucu və bir o qədər də səfeh qənaət “Kreppin son lent yazısı”nın əsas hökmü idi. Hər halda, ölmək istəyən əl-ayağını uzadıb rahatca canını tapşıra bilmir. Öz istəyi ilə dünyaya gəlmədiyindən, kefinə düşəndə də gedə bilməz. Axı əzab “limiti” tam dolmayıb. Odur ki, “Sürün Semuel, sürün! Fəlakətin, aclığın, ədalətsizliyin hökm sürdüyü bu xaraba dünyada sürün!..”

Absurd teatr

Fevralın 12-də Akademik Milli Dram Teatrında bu əhvala köklənmiş həqiqət dolu tamaşa göstərildi. Oynandı demirəm, çünki bu səhnədə ağır həqiqətləri daşımaqda arif bir aktyor çarpışırdı, hayqırırdı... məhv olurdu.
Əsər mükəmməl və zaman kontekstində həddindən artıq real. Quruluş çəkilən iztirablara tam adekvat, oyun isə oyun deyiləcək qədər inandırıcı. Absurd teatrın yaradıcılarından sayılan ədəbiyyat üzrə Nobel mükafatçısı Semuel Bekketin mürəkkəb və qapalı xarakterinin ən inandırıcı və təsirli oxşarı olan bu ədəbi nümunəsi akademik teatrın səhnəsində birhissəli virtual dialoq kimi özünün maraqlı həllini tapdı.
Əməkdar incəsənət xadimi Oruc İzzətoğlunun quruluş verdiyi tamaşa sadə səhnə tərtibatı və mətni, qəhrəmanın ruh halının izahını asanlaşdıran uğurlu musiqi seçimi (musiqi tərtibatı İzzət Qurbanov) ilə də yadda qaldı. Dünya klassik musiqi nümunələrindən seçmələr, nisgilli məhəbbət mahnıları, tamaşanın əvvəli və finalında kilsə zəngi, azan səsi, göy qurultusu, külək vıyıltısı, şimşək şaqqırtısı və mizrablarda inildəyən tar sədaları maraqlı, bitkin və qəhrəmanın ruh halının təsvirində yaxşı köməkçi idi.
Özünü dünyaya yük bilən, ondan hələ uzun illər əvvəl, bəlkə də elə dünyaya gələrkən küsən Semuelin (Xalq artisti Nurəddin Mehdixanlı) içini göstərən viranə “çöl”ü - pərişan saçları, dizlərində yellənən şarfı, nimdaş, özü qədər yorğun paltosu və kürəyinə yük olan, “bu qaranlıq hücrə, xaraba” dediyi, evciyi, tabutu, bütün həqiqət və yalanlarının, olub-olacaqlarının, itib-batırmaq istədiklərinin saxlanc yeri - şələ-koması da tamaşanın əsas ideyasını açmaqda uyğun seçim idi. Quruluşçu rəssamın (Samirə Həsənova) tamaşada tapıntısı isə, məncə, qəhrəmanın kəfən-çuxa geyindirilib evcik-tabutda yola salınması idi. Adam özü öz ayağı ilə ölümünə gedir, bu əzəli və son arzusunu heç bir dinə uyuşmadan, heç bir qayda-qanuna məhəl qoymadan öz bildiyi kimi “icra” edir. Nə kilsə zənglərinin vahiməli cingiltisi, nə də məsciddən ucalan məlahətli azan onu yolundan döndərmir, özünü diri-diri basdırmaq günahından daşındırmır.
Bu səhnə həlli, mizan tələbi və rejissorun əsərdən irəli gələn yanaşması virtual dialoqun ustalıqla alınmasında öz sözünü dedi. Təbii ki, dialoqun tək qəhrəmanı, özü-özlüyündə bir həqiqəti - yaşamağın əzabını ustalıqla, real artistizmlə göstərən ustad aktyor Nurəddin Mehdixanlının əzablarından keçməklə.

Qaranlıqdakı xoşbəxtlik

O, uzaq tarixdə, 39 yaşında lentə aldığı səsinə - çılpaq həqiqətlərinə, acı göz yaşlarına, dəhşətli gülüşlərinə, sevgi ehtiraslarına, şəhvət detallarına, içki düşkünlüyünə, dünyanı anlayıb dəli kimi ona qarşı çıxmaq kimi axmaq cəhdlərinə hər il olduğu kimi yenidən eyni həyəcanla qulaq asır: “Bu gün mənim 39 yaşım tamam oldu. Və bu ilk zəngdir. Hətta bu mənim qocalıq və zəifliyimi nəzərə almadan da tam əsasla onu demək olar ki, mən artıq avarın son dalğasındayam. Ya da lap yaxınlığında. Əvvəlki illərdə olduğu kimi, bu əzab verən darıxdırıcı hadisəni adi kafelərdən birində, sadə bir şəkildə qeyd etdim. Tək-tənha, kimsəsiz. Zərfin arxa tərəfinə bəzi qeydlər etdim. Yaxşısı budur ki, mən öz komama qayıdım, öz köhnə-küləmə bürünüm. Masamın altındakı lampa yenilikdir, təhlükəlidir. Ətrafımda tam qaranlıq olanda mən özümü daha az tənha hiss edirəm. Nəyə görəsə qaranlıqda gəzməkdən çox xoşum gəlir, sonra da bura qayıtmaq, özümə, öz içimə, Kreppə...”
O, ağıllıdır, həssasdır, hər şeyi duyacaq qədər bədbəxtdir. Küçə itləri qədər sahibsiz, dalğalar qədər dəli, küləklər qədər sərsəridir.
İstedadlıdır, maraqlıdır, cansıxıcı olacaq qədər maraqlı.
Yazıçıdır, 10 ildən çoxdur ki heç bir kitabı vərəqləməyən, 18 kitabı satılan, kitab-dəftəri çoxdan bağlanmış yazıçı.
Həm də özündən iyrənən, nifrət edən, qaçan, qorxan “cəngavər”.
Öz qaranlığında xoşbəxt olan Semuel bunu anlayanda, əslində, “Nəhayət, mənə aydın oldu ki, illər boyu qaçmağa, gizlənməyə çalışdığım bu qaranlıq, zülmət mənim öz içimdədir” deyəndə, 39 yaşlı həmsöhbətinə üsyana qalxan qoca sarsıntılarında çırpına-çırpına “Yalan, yalan” deyib xilas olmağa, qaçmağa, arınmağa çalışanda böyükdür, dahidir.
Amma yenə dönüb-dolaşıb ona, özünə, ömrünə, həqiqətinə, yazıqlığına bürünür, qorxaq təbəssümlə içindən, səssizliyindən soraq verir.
Sevgi həqiqətindəki yalan, ehtirasındakı solğun xəyanət, dünəndə ilişib qalan ilğım hisslər indi çox uzaqdır. Həm də xeyli əzablı.
Yetər, demək eyni səsi eşitmək, eyni həqiqəti boğmaq üçün yeni bir gerçəklik, bəlkə də ağıllı yalan lazımdır. Semuel cəld ayağa qalxır. Bayaqdan qucaqladığı köhnə maqnitofondakı 39 yaşının lent yazısını çıxarıb bir kənara tullayır, yeni lent yerləşdirir, çıxışa hazırlaşan dahi duruşuna qayıdır və başlayır öz gerçəkliyində çapalamağa: “Elə indicə özünü əbləhcəsinə təqdim edən birinə, özümə qulaq asdım. Və 30 il bundan qabaq nə qədər kütbeyin olduğumu anladım. İnana bilmirəm ki, mən bu qədər axmaq olmuşam. Amma, şükür olsun ki, hər şey arxada qalıb, arxada”.
Bura qədər hisslərindən, ağrı-acılarından, arzularından danışan qəhrəman hamı kimi, dünyanı sevə-sevə ona nifrət edən, etibarsız olduğunu anlaya-anlaya ikiəlli ondan möhkəm yapışan insanlar, bütün cansız canlılar kimi başlayır fələyi, dünyanı, kainatı söyməyə: “Hər şey burdadı, burda. Qaranlıq da, işıq da, aclıq da, səfalət də, harınlıq və qudurğanlıq da. Hər şey bu köhnə zibilliyin içindədir. Cəhənnəm olsun hamısı...”
Tamaşanın nüvəsi bax bu nöqtədə, bilinən, deyilən və mənasız olduğuna görə də artıq təkrarlanmaqdan çürüyən həqiqətlərdə idi. Yaxşısı budur ki, susasan. Əlinlə qulaqlarını, gözlərini, ağzını bağlayıb susasan. Olmadı, elə onun ardınca gedib özünü diri-diri göməsən. Bu yolla o, yenə də özünə təsəlli verir, şələsini yerə qoyub dünya ilə savaşır. Bu axmaq cəsarətlə də guya qalib gəlir. Qoruyub saxladığı keçmişini - lent yazılarını, vərəqləri saralmış kitablarını, içki şüşələrini, əyin-başındakı köhnə-külələrini - hamısını, hər şeyi atır, rədd edir və kürəyinə sarıdığı şələsinə, məzarına gömülür və gedir: “İstəmirəm, yaşadığım bu zülmlü həyatı yenə, yenidən yaşamaq istəmirəm”.
O artıq xoşbəxtdir. Ağ işığa tərəf gedir, orada gözləyənləri olmasa da, hər halda, yeni bir səhifə üçün mütləq əzablar yox deyil...
Səhnə yenidən açıldı, özünü basdıran bədbəxt Semuel getdi və sürəkli alqışlar altında gülümsəyən Nurəddin Mehdixanlı qayıtdı.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar