Hafiz Quliyev: “Azərbaycanda bir opera teatrı var və bu teatrın səhnəsinə zəif tamaşa çıxarmağa haqqımız yoxdur”

Azərbaycan teatrlarının fəaliyyəti, repertuar siyasəti, yaradıcılıq imkanları hər zaman müzakirələrə səbəb olub. Bu mənada əsas diqqətçəkən məqamlardan biri rejissura işidir. Qəzetimizin bu sayından etibarən hər həftə təqdim edəcəyimiz müsahibələrdə teatrlarımızın baş rejissorlarının sənətə baxışı, yaradıcı fəaliyyəti, teatr-tamaşaçı münasibətləri barədə fikirlərini sizlərlə bölüşməyə çalışacağıq.

İlk müsahibimiz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

- Teatrın inkişafının əsas göstəricilərindən biri repertuardır. Son illər teatrda klassik əsərlərdən savayı yeni adlara da rast gəlinir, amma onların arasında milli nümunələr azdır. Bəstəkarlarımız yeni əsərlər yaratmırlar, yoxsa onları səhnəyə çıxarmaqda tərəddüdləriniz var?
- Ümumiyyətlə, teatrımızın repertuarı hazırda əsasən yerli və dünya klassik opera və balet nümunələri əsasında qurulub. Repertuarda 40-dan artıq səhnə əsəri var və bu sıraya yeniləri əlavə olunmaqdadır. Rəhbərliyin repertuar siyasətində janr müxtəlifliyi və rəngarənglik əsas şərt kimi önə çəkilir. Bu, yeni tamaşaların qoyuluşunda da xüsusi önəm kəsb edir. İldə bir neçə yeni opera və balet tamaşası səhnəyə gəlir ki, bu da repertuarın zənginləşməsinə zəmin yaradır. Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin bütün əsərləri bizim repertuarımızdadır. Görkəmli bəstəkarlar Zülfüqar Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Şəfiqə Axundovanın opera nümunələri də repertuarda özünə möhkəm yer tutub. Çalışırıq ki, Azərbaycan bəstəkarlarının akademik teatr səviyyəsində əsərlərini tamaşaçılara təqdim edək. Çünki bu gün tamaşaçılarımızın 30-40 faizi xarici ölkə vətəndaşlarıdır. Öz ölkələrində yüksək səviyyəli nümunələr görən, buna baxmayaraq, Azərbaycan milli opera incilərini də maraqla izləyən bu tamaşaçıların qarşısına biz mütləq yüksək səviyyəli əsərlə çıxmalıyıq. Klassik bəstəkarların əsərləri ilə yanaşı, nisbətən yeni dövrün nümunələri də səhnə həllini tapıb. Məsələn, Süleyman Ələsgərov, Vasif Adıgözəlov və Firəngiz Əlizadənin əsərlərini səhnələşdirmişik. Amma bir məqamı deyim ki, uzun illərdir ki, yeni əsərlər yazılmır. Bəklə də yazılır, amma bizim teatrın akademik tələblərinə cavab vermədiyindən səhnədə yer tuta bilmir.
- Elə isə akademik teatrın səhnəsinə çıxan opera nümunəsində əsas etibarilə hansı məqamlar önəm kəsb edir?
- Əsər həm libretto, həm də musiqi baxımından mükəmməl yazılmalıdır. Buna misal göstəriləcək nümunələrimiz də var. Təbii, biz demirik ki, hamı Üzeyir bəy kimi yaza bilər, sadəcə, musiqi mükəmməlliyi akademik səviyyədə olmalıdır. Mənə elə gəlir ki, bəstəkarlarımız opera və balet yazmağa bir o qədər də meylli deyillər. Əslində biz çox istəyərdik ki, əsər bolluğu yaransın və biz onlar arasından seçim edək. Bu mənada ildə üç yeni opera və balet əsərinin səhnəyə gəlməsi əslində böyük göstərici olar. Eləcə də dünya klassikasına müraciət edərkən çalışırıq ki, bu gün dünyada üzdə olan, tanınan əsərləri səhnəmizə gətirək. Düşünürəm ki, bu repertuar yenilənməsi davam edəcək. Əsas meyar yenə yüksək peşəkarlıq, sənət səviyyəsi və rəngarənglikdir.
- Səhnəyə gələn əsər həm də tamaşaçıya hesablanır...
- Bizim səhnədən göstərilən bütün nümunələr birmənalı olaraq böyük sənətə hesablanır, ona xidmət edir.
- Hazırda səhnədə olan milli nümunələr həm də milli musiqi elementləri ilə zənginliyinə görə tamaşaçılar tərəfindən sevilir...
- Bəli, 106 ildir ki, “Leyli və Məcnun” səhnədədir, tamaşaçı məhəbbət və istəklə gəlib ona baxır, hər dəfə özü üçün nə isə tapa bilir. Əsər musiqi, libretto və dramaturji baxımdan bir-biri ilə üzvü surətdə bağlı və maraqlı olmalıdır ki, onun səhnə həllində də imkanlarımız geniş olsun.
- Bəzi teatr mütəxəssislərinə görə, istedadlı rejissor zəif əsərdən yaxşı səhnə nümunəsi yarada bilər.
- Bizdə isə əsas məqam musiqidir. Düşünməyin ki, bunu nə isə məsuliyyəti azaltmaq və ya yükdən qaçmaq üçün dedim. Söz yox ki, rejissorların əsas funksiyalarından biri təqdim olunan əsərə mükəmməl səhnə həlli verməkdir. Amma material gözəl, opera əsərinin musiqi və librettosu maraqlı olanda ona uyğun uğurlu rejissura həlli də ola bilər. Dünya və milli opera sənətimizdən irəli gələn ənənələr var və səhnəyə yol tapan hər bir əsər bu düsturlara söykənir. Opera teatrı səhnədə maraqlı tərtibatını, kütləvi səhnə simmetriyasını sevir. Onun içində nə qədər xaos olsa da, mizana uyğun prinsip, rejissor simmetriyası olur. Ona görə də opera rejissurasında özünəməxsusluqlar var. Odur ki, bu janrda yazılan əsərlərdə rejissor işi də nəzərə alınmalı və ona maraqlı traktovkalar, cəlbedici mizanlar vermək imkanı da yaradılmalıdır.
- Uzun illərdir, bu teatrda çalışırsınız, uğurlu quruluşlarınız olub. Bu sənət ocağının yaradıcılıq tarixində sizin üçün önəmli məqam hansıdır?
- Bu, ilk olaraq opera teatrının akademik statusudur. Azərbaycanda bir opera teatrı var və bizim bu teatrın səhnəsinə zəif tamaşa çıxarmaq haqqımız yoxdur. Çünki bu dahi Üzeyir Hacıbəylidən gələn təyinatdır və ondan sonra davam edib, edir və edəcək. Teatrın bir funksiyası da dünya opera nümunələrini Azərbaycan tamaşaçılarına, Azərbaycan tamaşalarını isə dünya tamaşaçılarına təqdim etməkdir. Söz yox ki, dövlət incəsənətimizin dünyada təbliğinə ciddi diqqət ayırır. Amma bu mənada teatrların, xüsusən də opera səhnəsinin də öz məsuliyyəti var. O da xalqın yaratdığı musiqi nümunələrini peşəkar səviyyədə təqdim etməkdir. Özü də burada təkcə musiqidən söhbət getmir. Musiqi ilə yanaşı, Azərbaycanın folkloru, geyim mədəniyyəti, rəqsi, ənənəvi xüsusiyyətləri bir operada cəmlənə bilir. Deməli, bu incəsənət çələngi elə bu xalqın böyük sənətini layiqincə təmsil edə bilməlidir və biz də buna çalışırıq.
- Müəyyən dövr teatrlarda tamaşaçı sayı ilə bağlı müəyyən problemlər yaşandı. Teatrlar bu mərhələni keçmək üçün də özlərinə yenidən baxmaq məcburiyyətində qaldılar. Bu prosesi sizin teatr necə keçdi?
- Bu problem dünyanın əksər ölkələrində yaşanıb və yaşanmaqdadır. İnsanlar bəzən bayağılığa gedir və müəyyən mənada səhnədən uzaqlaşırlar. Amma ciddi sənət tamaşaçı istəyinin əsiri olmamalıdır. Biz hər zaman tamaşaçını yüksək sənətə kökləməyə çalışmışıq. Çünki bu teatr Azərbaycanın ciddi incəsənətinin ən böyük məkanlarındandır və heç zaman öz missiyasından sapa bilməz. Biz operetta səhnələşdirəndə də ona akademik yanaşma, o mizan özünü qabarıq göstərir. Bu mənada ən böyük funksiyamız tamaşaçıları ciddi musiqiyə, ciddi incəsənətlə alışdırmaqdır. Düzdür, biz yeni tamaşaçı nəsli qazanmaq üçün də çalışırıq. Çünki yaşlı və orta nəsil artıq bizim tamaşaçımızdır və diqqəti yeni nəslə yönəltməyə, onlara da yüksək sənət nümunələri təqdim etməyə səy göstəririk. Bu gün bizim tamaşaçılar nəsil etibarilə xeyli gəncləşib. Bu bizi çox sevindirir. Deməli, biz düzgün yol tutmuşuq. Çünki əsl incəsənətin tərkibində klassik bir xətt var və o, hər zaman həm də müasir olacaq. Belə olmasaydı, yüz il öncə yazılan opera, balet, musiqi əsəri bu gün sevilməzdi. Ona görə də bizim əsl incəsənətə xidmətdən, onun təbliğindən başqa yolumuz yoxdur.
- Deməli, teatr bu anlamda yenə də maariflənmə, tərbiyə ocağıdır? Bəzilərinə görə, biz bununla teatrın yükünü artırıb sənəti fərqli ampluaya salır, həm də tamaşaçını ondan uzaqlaşdırırıq.
- Yox, kimsə teatra sadəcə insan tərbiyələndirən, maariflənmə məkanı kimi baxmamalıdır. Teatr estetik sənət məkanıdır və ona konkret bir nöqtədən baxmaq olmaz. Teatrın özünün funksiyaları var, tərbiyə, maarifləndirmə də onlardan biridir. Teatr bu gün də həmişəki funksiyasında, həmişəki təsir gücündədir ki, onun da bir qolunda tərbiyə dayanır. Amma bunu qabartmaq olmaz, çünki hamı sənətlə böyümür. Elə tamaşaçı var ki, teatrı özü üçün 30 yaşında kəşf edir, deməli, ona sənət təsir edir ki, bu da tərbiyəsindən irəli gələrək mükəmməlləşmək istəyini büruzə verir. Burada zövq, istirahət və savadlandırma da var. Səhnəyə dikilən baxış bir anda bir neçə istiqamətdən formalaşır və zənginləşir. Bütün bunların da fonunda ortada mükəmməl bir sənət dayanmalıdır ki, digər məqamlar onun davamı, törəməsi kimi aktual olsun.
- Operada ifaçılar nəslinin bir-birini əvəzlənməsinə necə baxırsınız? Əvəzolunmaz ifaçılar varmı?
- Təbiətin qanunauyğunluqlarından biri də elə əvəz olunmaqdır. Əslində bu sözdən heç qorxmaq da lazım deyil. “Əvəzolunmaz ifaçı” sadəcə tamaşaçının sevdiyi sənət adamına sevgisini ifadə etdiyi gözəl kəlmələrdən biridir və bunu elə o cür də qəbul etmək lazımdır. Əvəzolunmaz, əbədi olan təbii ki, böyük sənətdir. Sənətkarı o titullara layiq bilən, o zirvəyə ucaldan sənətdirsə, deməli, hələ bundan sonra da o əvəzolunmaz dediyimiz insanlar olacaq. Amma bu, çox az adama deyilə bilər. Bunu hər zaman demişəm və yenə də deyirəm ki, bütün yaradıcı personajlar baxımından teatr həmişə təzə qana, yeni yaradıcı nəfəsə möhtacdır. Amma həm də mütləq və mütləq yaşlı sənət adamlarının təcrübəsindən istifadə edilməlidir. Həm də bu nəsil dəyişkənliyi sistemli olmalıdır. Yəni 10 il sonranın solisti bu gündən seçilib formalaşdırılmalıdır. Bizim teatrda bu məsələ düzgün və vaxtında həllini tapıb. Hazırda ölkənin ən yaxşı muğam ifaçı və vokalçıları bizim nəzarətimizdə, truppamızda və ya kənardan müşahidəmizdədir. Bu o demək deyil ki, onların hamısı bu səhnədə olacaq, yox, amma hər halda nəsil dəyişkənliyi sistemi davam edir. Baxın, hər il bir neçə muğam ifaçısı və vokalçı bizdə truppaya qəbul olunur, onlara müəyyən rollar verilir və özlərini doğruldan, teatrın standartlarına uyğun olanlar bu səhnədə mütəmadi rol alan solistlər olurlar.
- Teatrlarda aparılan islahatlardan biri də yaradıcılıq mübadiləsidir. Amma bu, əsas etibarilə xaricdən rejissorların dəvəti ilə yadda qalır. Xaricdə tamaşalar qoyan rejissor kimi sizin bu məsələyə münasibətiniz necədir?
- Bu vacibdir, çünki təbiət özü də daim hərəkətdədir. Əsas gələn və gedənlər, onların say müqayisəsi yox, nə gətirib-aparmalarıdır. Məncə, bu məsələlərdə bir az ehtiyatlı olmaq lazımdır. Yaradıcılıq mübadiləsi yaxşıdır, danmaq olmaz ki, yeni insanlar, yeni beyin və yeni yanaşma şərtdir. Yaradıcılıq mübadiləsi sənət adamının və sənətin xeyrinə olarsa, nə gözəl.

Söhbətləşdi: Həmidə Nizamiqızıa







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar