Qocaman sənət ocağı Milli Teatr Günündə yeni səhnə əsəri ilə tamaşaçıların görüşünə gələcək

10 mart - Milli Teatr Gününü teatr ictimaiyyəti də, sənətsevərlər, tamaşaçılar da səbirsizliklə gözləyirlər. Bu tarix Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi üçün xüsusi mahiyyət daşıyır. Həmin gün teatr əsaslı təmir və yenidənqurmadan sonra yeni yaradıcılıq əzmi, maraqlı və zəngin repertuarla qapılarını tamaşaçıların üzünə açacaq.

Bir neçə müddətdir ki, Musiqili Teatrda məşqləri gedən “Bu bizik” adlı tamaşa da anons edilir. Hər kəsə maraqlıdır, görəsən, həmin gün teatrsevərlərə necə bir əyləncə bəxş olunacaq? Bu yenilikləri görmək və sizləri də xəbərdar etmək üçün yolumuzu Dövlət Musiqili Teatrından saldıq. İlk olaraq teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevlə görüşüb fikirlərini öyrəndik.
Həmsöhbətimiz bildirdi ki, teatrın binasının yenidən qurulması, həm daxili, həm də xarici görkəminin inanılmaz dərəcədə dəyişməsi, salonun və səhnənin ən müasir texniki avadanlıqlarla təchiz edilməsi kollektivin fəaliyyətinə gözəl imkan yaradıb: “Teatr sonuncu dəfə 1998-ci ildə təmir olunmuşdu. 2010-cu ildə teatrımız 100 yaşını qeyd etdi və Azərbaycan Respublikasının Prezidenti, mədəniyyətimizin böyük dostu və hamısı cənab İlham Əliyevin sərəncamı ilə əsaslı təmirə dayandırıldı. Ötən ilin payızında biz tamamilə yeni, dünyanın bir sıra məşhur teatrları ilə bəhsə girə biləcək bir binaya köçdük. Fürsətdən istifadə edib yaradıcı insanlara, teatr sənətinə göstərdiyi bu diqqət və qayğıya görə kollektivimizin adından dövlətimizin başçısına minnətdarlığımızı bildirirəm”.
Teatrın adının dəyişdirilməsinə gəlincə, direktor bildirdi ki, uzun illərdir tamaşaçılar bu məkanı Musiqili Komediya Teatrı kimi tanıyırdılar: “Əvvəllər biz ancaq musiqili komediya janrında əsərləri səhnələşdirmək məcburiyyətində idik. Çünki teatrın adı bunu tələb edirdi. İnanırıq ki, musiqili teatr olmağımız bizi bu çərçivədən xilas edəcək, yaradıcı heyətimiz müxtəlif janrlarda öz qüvvəsini sınaya biləcək”.
Direktor onu da qeyd edir ki, müasir tələblərə cavab verən, yüksək komforta və elektron-texniki avadanlığa malik olmaq hələ anşlaqla qarşılanan tamaşa demək deyil: “Biz birinci növbədə yaxşı əsərlər əldə etməliyik, dünya klassikasından nümunələri araşdırmalıyıq, milli adət-ənənəmizə söykənməklə dünyəvi ideyalar təlqin etməyə qadir pyeslər üzərində işləməliyik. Azərbaycanımızın nəhəng söz sərraflarının əsərlərinə müraciət etməli, eyni zamanda sevilən, lakin unudulmuş retro-tamaşaları bərpa etmək istiqamətində qüvvələrimizi səfərbər edərək, yeni müəlliflərlə işbirliyinə nail olmalıyıq. Teatr yaşamalı və yaratmalıdır. O, tamaşaçını güldürməyi, ağlatmağı, düşündürməyi bacarmalıdır”.

* * *
Sonra səhnəyə üz tuturuq. Burada, sözün əsl mənasında, böyük bayram əhval-ruhiyyəsi yaşanır. Bu günə kimi teatrda səhnəyə qoyulan əsərlərin bütün qəhrəmanları bir aradadır. Səbəbi də bəlli. Tanınmış rejissor, Xalq artisti İranə Tağızadənin quruluşunda “Bu bizik - Musiqili Teatr” adlı ikihissəli burleskin (əyləncəli teatr şousu) son məşqləri gedir. Teatrın balet qrupu, xoru, musiqiçiləri və tanınmış aktyorlarımız bir-birinin ardınca rəngarəng çıxışlarını təqdim edirlər. Hərdən rejissorun “qızlar, bəsdir öz aranızda danışdınız”, “üzlərdə təbəssüm”, “cəld-cəld” kimi tələblərini də eşitmək olurdu.
Musiqili Teatrın aparıcı səhnə ustası, Əməkdar artist Nərgiz Kərimova səhnəni səsinin əsrarəngiz çalarları ilə bəzəyir, onun ardınca “Xanuma”nı görürük. Aktyor Əliməmməd Novruzov da öz obrazının bütün çalarlarını göstərməyə çalışır. Sonra “Arşın mal alan”dan qızların rəqsi...
Vaxtın azlığından tamaşa zalını tərk etmək məcburiyyətindəyik, amma növbədəki “O olmasın, bu olsun”, “Səhnədə məhəbbət”, “Aldın payını, çağır dayını” və s. tamaşalardan parçaların məşqləri davam edir.
Teatrın geyim sexində də canlanma var. Burada aktyorlar yenicə daxil olan geyimləri seçirlər. Kimi ayaqqabının, kimisi də köynəyin özünə uyğun olanını axtarır. Yenilənmiş binanın aktyorların işinə, əhval-ruhiyyəsinə müsbət təsiri açıq-aydın hiss olunur.
Dərzi sexində də qızğın iş gedir. Hətta əməkdaşlar jurnalistlərin gəlişini görüb zarafatla “biz, deyəsən, ulduz olduq” deyirlər. Onlar da yeni şəraitdən məmnundurlar. Bizi təbəssümlə qarşılayırlar. Yeni tamaşalar üçün tikdikləri nümunələri təqdim edirlər.
Qrim otağında isə tam başqa bir ab-hava ilə qarşılaşırıq. Xalq artisti Ramiz Məmmədov, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əzizağa Əzizov, Elçin İmanov söhbət edə-edə qrimlənirlər. Fotoqrafımızı görcək xatirə şəkli çəkdirməyi də unutmurlar. Məşqə tələsdiklərini deyirlər və martın 10-da möhtəşəm bir şounu izləməyi bizə də tövsiyə edirlər. Və nəhayət, teatrın mətbəxinə baş çəkirik. Artıq nahar vaxtıdır. Əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, gənc aktyorlar Gültac və Hüseyn Əlililər, vokalçı Amil Həsənoğlu və digərlərini görürük. Amma onlar da məşqə tələsdiklərindən söhbət edə bilmirik. Yaradılan şəraitə görə təşəkkürlərini bildirir və qarşıdan gələn Milli Teatr Günü münasibətilə ölkədə fəaliyyət göstərən bütün teatr kollektivlərinə təbriklərini çatdırırlar.

* * *
Teatrın binasını tərk edərkən direktorun dediyi sözlər yenidən yaddaşımızı oyadır: “Bəli, teatr yaşamalı və yaratmalıdır. O, tamaşaçını güldürməyi, ağlatmağı, düşündürməyi, tamaşaçının sevimli məkanına çevrilməyi bacarmalıdır”.
Martın 10-da Azərbaycan peşəkar milli teatrının 141 yaşı tamam olur. Həmin gün Dövlət Musiqili Teatrının pərdələri tamaşa-konsertlə açılacaq. İnanırıq ki, bir əsrdən artıq yol gələn bu sənət ocağı ənənələrinə sadiqlik nümayiş etdirməklə yanaşı, müasir tələbkar tamaşaçıların da zövqünü oxşayacaq.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar