Milli Teatr Günündə mədəniyyətimizin böyük hamisinin məzarı ziyarət edilib

Martın 10-da Azərbaycan peşəkar milli teatrının 141 yaşı tamam oldu. Prezident İlham Əliyevin 1 mart 2013-cü il tarixli sərəncamına əsasən, bu tarix ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunur.

Əlamətdar gün münasibətilə incəsənət nümayəndələri və teatr xadimləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, mədəniyyətimizin böyük hamisi Heydər Əliyevin məzarını ziyarət etdilər, önünə gül dəstələri qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edildi.
Daha sonra mədəniyyət və incəsənət nümayəndələri Şəhidlər xiyabanında ölkəmizin azadlığı, suverenliyi uğrunda mübarizədə canlarını qurban verən qəhrəman vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoydular.
Jurnalistlərə açıqlama verən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkəmizdə mədəniyyət və incəsənət, o cümlədən teatr xadimlərinə göstərilən yüksək qayğıdan danışdı. Bildirdi ki, milli mədəniyyətimizin mühüm bir sahəsi olan teatr sənəti böyük inkişaf yolu keçərək öz ənənələrini formalaşdırıb: “Bu il Bakıda keçiriləcək III Beynəlxalq Teatr Forumu, 2011 və 2013-cü illərdə uğurla gerçəkləşən Bakı Beynəlxalq Kukla Teatrları Festivalı bu sahədə sənət əlaqələrinin genişlənməsinin və inkişafının göstəricisidir. Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası, ASSİSTEJ, UNİMA və digər beynəlxalq teatr institutlarında layiqincə təmsil olunan Azərbaycan teatrı, sözün əsl mənasında, özünün yüksək inkişaf dövrünü yaşayır”.
Qeyd edək ki, 141 il öncə - 1873-cü il mart ayının 10-da bir qrup Azərbaycan ziyalısı və ədibinin səyi nəticəsində milli dramaturgiyamızın banisi, mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası Bakıda səhnələşdirildi və bununla Azərbaycan peşəkar milli teatrının əsası qoyuldu.
Bu gün dövlət tərəfindən teatrların inkişafı üçün münbit şərait yaradılır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı bu sahədə əsaslı dönüş yaradıb. Azərbaycan teatrlarında hər il dövlət sifarişi ilə 50-dən çox əsər səhnələşdirilir.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar