İyunun 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşasına ictimai baxış keçirilib.
Görkəmli dramaturqun 100 illiyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, səhnə tərtibatçısı Əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.
İki zəhmətkeş və namuslu gəncin saf və təmənnasız məhəbbətindən, qarşılaşdığı çətinliklərdən, təmiz adlarının ləkələnməsindən xilas olmasına kömək edən xeyirxah hüquq mühafizə işçilərinin prinsipial işindən bəhs edən ikihissəli məhəbbət dastanı gəncləri qarşılıqlı, saf məhəbbətə, halal əməyə və cəmiyyətdə baş verən neqativ hallara qarşı mübarizə aparmağa səsləyir.
Tamaşada rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), xalq artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), əməkdar artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa edirlər.
İctimai baxışda iştirak edən teatrın bədii şura üzvləri yeni səhnə əsəri haqqında yüksək fikirlər söyləyərək, tamaşanın uğurlu alındığını vurğulayıblar.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan yeni tamaşanın premyerası 20 iyunda olacaq.