Daha bir teatr mövsümü sona çatır. İsti yay günlərində teatrların çoxunun tamaşa nümayişlərini dayandırdığı bir vaxtda “Yuğ” Dövlət Teatrında yaradıcılıq prosesi hələ davam edir. İyulun 2-də teatr sənətsevərləri “Misis və mister cəsəd” adlı yeni tamaşanın premyerasına cəm etdi.

Gənc rejissor Ər-Toğrul A.P.Çexovun “Mərc” hekayəsindən sonra bu dəfə ünlü kolumbiyalı yazar, ədəbiyyat üzrə Nobel mükafatçısı Qabriel Qarsiya Markesin yaradıcılığına müraciət etmişdi. Yazıçının “Dünyanın ən gözəl ölüsü” hekayəsi və “Gözlənilən bir qətlin tarixçəsi” povesti rejissor üçün ədəbi əsas rolunu oynamışdı. Komik mistika janrında hazırlanmış tamaşanın quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Mələk Vəlizadə, rejissor assistenti Yaqut Paşazadədir. Tamaşada Əməkdar artist Yaqut Paşazadə (Luisa Santyaqo), Amid Qasımov (Santyaqo Nasar), Rasim Cəfər (Bayyardo San Roman), Könül Cəfərzadə (Anxela Vikario), Elgün Həmidov (Pedro Vikario), Təranə Ocaqverdiyeva (Marqot) və Vüqar Hacıyev (Keşiş Amador) çıxış edirlər.
Xronometraj baxımından elə də uzun olmayan (55 dəqiqə) tamaşada maraqlı mətləblər qısa, lakonik, həm də fərqli mistik-komik, bir az da fəlsəfi boyalarla öz əksini tapır. O biri dünyada “Yeraltı gözəllik yarışması” keçirilir. Yarışmanın şərtlərinə görə, iştirakçılar dirildilib, bu dünyaya göndərilir. Sağ olarkən etdikləri əməlləri təkrarlayaraq, öz əməllərinə qiymət verirlər. Məlum olur ki, özünü az qala müqəddəs sayan iştirakçıların heç biri dirilməyə layiq deyillər.
“Ölüm haqdır” ideyasından çıxış edən rejissorun yozumu maraqlı və realdır. Ona görə, dünyanın ən gözəl ölüsü bu dünyada yaxşı əməllərə sahib olan və öləndə cəsədi “sahibsiz” qalmayan kəslərdir. Məhz bu ideya ilə insanlara şüuraltı fərqli mesajlar verən səhnə nümunəsi həm də reallığı qışqıranlara əslində hər şeyin bitiş nöqtəsində görünməyən bir başlanğıc olduğunu deyir.
Qəribə notlar üstə köklənmiş tamaşa bitdikdən sonra “yəqin ki, bu, mövsümün sonuncu premyerasıdır” düşünənlər üçün də xəbərimiz var. Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov hələ mövsümün sonuna qədər daha iki tamaşanı seyrçilərinə təqdim edəcəklərini dedi. Əməkdar artist Vidadi Həsənovun Xalq yazıçısı İlyas Əfəndiyevin pyesləri əsasında hazırladığı “Unudulmaz Əfəndi” tamaşası da tezliklə tamaşaçıların ixtiyarına veriləcək. Rejissor tamaşada İlyas Əfəndiyevin dramaturgiyasının mərkəzindən qırmızı xətt kimi keçən məhəbbət mövzusunu qabardıb və onu istənilən ümidsiz vəziyyətdən çıxış yolu kimi təqdim edib. Tamaşanın qısa süjet xətti belədir: Nevrotik bir stixiya içərisində yaşayan - “adamlar arasında olsa da, özünü Robinzon Kruzo kimi hiss edən” Yaşlı kişi bir gecə qəflətən maddiləşən fantomları ilə üzbəüz qalır. Bu irreal, eyni zamanda da, bəşəri varlıqlar - Yaşlı qadın, Gənc oğlan, Gənc qız və Virtual şəxs - tənha qoca ilə əcaib bir oyun oynayırlar. Bu oyun onu amansız tənhalığın cəngindən xilas edir. Bütün həyatını bir daha saf-çürük edən Yaşlı kişi, nəhayət, ən son seçimini edir. Tamaşada Vidadi Həsənov (Yaşlı kişi), Sonaxanım Mikayova (Yaşlı qadın), aktyorlar Amid Qasımov (Gənc oğlan), Könül Cəfərzadə (Gənc qız) və Vüqar Hacıyev (Virtual şəxs) çıxış edirlər.
Dövlət sifarişi ilə hazırlanan səhnə əsərinə ictimai baxış 10 iyul tarixinə nəzərdə tutulub.
Cari mövsümdə teatrsevərlərə təqdim olunacaq növbəti tamaşa isə Orxan Fikrətoğlunun hekayələri əsasında hazırlanan “Fəna” adlı səhnə əsəridir. Mir Sahib Ağayevin quruluşunda hazırlanan tamaşada Qasım Nağı, Natəvan Qeybani, Oktay Mehdiyev və Novruz Novruzlu çıxış edirlər.
Beləliklə, “Yuğ” teatr mövsümünü 22 iyulda “Unudulmaz Əfəndi” tamaşası ilə bağlayacaq. Növbəti mövsümdə teatr tamaşaçılarını yeni layihələrlə sevindirəcək.

 Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar