Yaxud Bəyazidin faciəsindəki qələbə

Mayın sonlarında Akademik Milli Dram Teatrı çoxdan bəri müzakirə olunan, hələ səhnəyə çıxmadan sənət mühitində müəyyən fikir müxtəlifliyi yaradan yeni əsəri tamaşaçı qarşısına çıxardı. Bu dəfə də teatr fərqli yozum, müasir baxış bucağı və zamanın reallığının diktəsindən çıxış edən tarixi bir dramın səhnə inikasını özünəməxsus biçimdə həll etdi. Rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə bu həllin ustası olduğunu bir daha isbatladı.

Budur, səhnədən tarixi həqiqətləri dahi Hüseyn Cavidin qəhrəmanları - böyük amallı Topal Teymur və kibrli Yıldırım Bayazid danışır. “Əmir Teymur” adı altında həll olunan səhnə oyunu iki böyük türk hökmdarının bir-birinə qarşı savaşı və bu savaşın böyük Turan ideallarına zərbəsi rejissor yozumunda aydınlığı ilə sezildi. Tamaşa bu günədək türkün türkə savaşının ən qorxunc nəticəsinin mükəmməl həlli idi. Səhnə bütün türk dünyasının faciəsinə çevrilən, bu gün və bundan sonra da bizləri qəhr edəcək acı gerçəyin hüznündə silkələndi.

Cavidin dedikləri

Məlum olduğu kimi, Hüseyn Cavid beşpərdəli bu pyesi 1925-ci ildə qələmə alıb. Bir il sonra əsər çap olunub və elə həmin ildə səhnəyə qoyulub. Lakin müxtəlif səbəblərdən "Topal Teymur" uzun illər teatrların repertuarından uzaq düşüb. Yalnız 80-ci illərin əvvəllərində Əməkdar incəsənət xadimi Baba Rzayev Lənkəran Dövlət Dram Teatrında bu əsərə quruluş verib. "Topal Teymur" çox uzun sürən ayrılıqdan sonra yenidən paytaxt səhnəsinə qayıtdı. Bu qayıdış pyesi tarixilik yükündən azad edərək, məhz Cavid ideallarının təcəssümündə mükəmməl ifadə edə bildi.
Əslində, Cavidin “Topal Teymur” pyesi heç də konkret tarixi hadisənin əksi deyil, bəlkə heç buna lüzum da yoxdur. Müəllif, əslində, türkün yarasını və buna səbəb olan iki böyük türk sərkərdəsinin kibrini göstərməkdə israrlı idi.
Əsər XV əsrin tarixi reallıqlarının mənzərəsini yaradır. Bir tərəfdən Yıldırım Bəyazidin Avropadan gələn xaç yürüşlərinin qarşısında tək mübarizəsi, digər tərəfdən Orta Asiyanın qüdrətli hakimi Teymurla ölüm-dirim savaşı. Məhz bu məqam da böyük Cavidi, böyük Turan sevdalısını ağrıtdı, incitdi, sızlatdı.

Rejissorun göstərdikləri

Mehriban Ələkbərzadə də məhz dramaturqun bu ağrılarının vizual həllində ustalığını bir daha nümayişkaranə göstərdi. Pyes ətrafında uzun illər düşünüb, özünə yaxın olan və bu gün aktual səslənən ideyaları tamaşaya gətirən rejissor istəyinə nail oldu. Təbii ki, pyesin dil-üslub xüsusiyyətlərinə toxunmadan, tarixi mənbələrə istinad edərək tamaşaya bəzi əlavələr etməklə. Amma bu əlavələr və rejissor gedişləri mətndə yox, bilavasitə yozumda, mizanlarda, səhnə obrazında, aktyor ifasında təzahürünü tapdı.
İkihissəli “Əmir Teymur” tamaşası türk dünyasının ən böyük faciəsini - qardaşın qardaşa qılınc çəkdiyi, məğlub etdiyi bir tarixi, ibrət dərsi götürüləcək hadisələri gündəmə gətirə bildi. Özü də bu tamaşada tarixi bir şəxsiyyət kimi Əmir Teymurun özü, mübarizəsi, qalibiyyətləri onun üçün o qədər də maraqlı deyildi. Rejissora görə, tamaşanın məğzi nə Əmir Teymurun, nə də Yıldırım Bəyazidin qəhrəmanlıqlarını, qüdrətini təsvir etməkdə yox, əksinə bu iki qüdrətli sərkərdənin qarşı-qarşıya qoyulmasında, bununla da türk dünyasının elə türklərin öz əli ilə sarsıdılmasını göstərməkdir. Ona görə də bu oyunda Teymurun kəsdiyi başlar, qəsb etdiyi ərazilər, hətta yer üzünün yeganə hökmdarı olmaq iddiası da o qədər qabardılmamışdı. Nüvədə sadəcə bir məqam - iki böyük türk sərkərdəsinin apardığı müharibənin türk dünyasına vurduğu sağalmaz yaralar dururdu. Rejissor da tamaşadakı sonuncu mizanda bu ideyanı xüsusilə qabartmağa çalışdı. Belə ki, final səhnəsində Teymuru da, Bəyazidi də yerin altına göndərdi.

Əmir Teymur

Rejissor Əmir Teymurun səhnə təcəssümünü Xalq artisti, istedadlı aktyor, fərqli oyun üslubu və məsuliyyəti olan Nurəddin Mehdixanlıya həvalə etmişdi. Oynadığı hər obrazı savadlı şəkildə qavrayan, rejissor tələblərini içindən keçirərək onu ştrixləri ilə rəngarəng etməyi bacaran aktyor bu rolun da öhdəsindən gələ bildi. Birinci hissənin sonunda aktyor qəhrəmanının bütün ruh halını nümayiş etdirməyə nail oldu. Bu dəfə onun təqdimatında bəzən həddən ziyadə hirs, nifrət püskürən, bəzən aşırı hiyləgər, hətta şıltaq uşaq qədər idarəolunmaz, bəzən də çox həlim, hətta romantik bir Teymuru gördük.
Tamaşanın əsas ideyasını Teymurun timsalında daha böyük yanğı, hayqırtı ilə göstərən rejissor kibrli xaqanın qan-qan deyən, sanki hər kəlməsindən qan fışqıran halına da ara-sıra haqq qazandırırdı. Əmirin özünü təsdiq, bütün dünyaya tək hökmdar olmaq kimi cəfəng və həm də çox qorxunc, yırtıcı arzusu da Nurəddin Mehdixanlının oyununda unikal, inandırıcı və əsaslı idi. Yeridikcə çəkdiyi ayağını və ondan ağır, qara arzularını arxasınca sürüyən Teymur Nurəddinə mane olmur, əksinə onun sıxılan yumruqları arasından tökülən qan, kəsilən nəfəsi qədər yaxın iddialar və ən əsası özünə inamı sənətkarın üzündən aydın sezilirdi. Buna görə də onun özündən asılı olan oyununa söz ola bilməzdi.
Teymurun ağırlıq kəsb etdiyi birinci bölmədə sanki rejissor hər şeyi bir anda göstərmək, bütün tör-töküntüləri burada ayırd etmək istəyirdi. Ona görə də istər aktyorların oyunu, istər Teymurun monoloqları, istərsə də keçidlərdə, bəzən tam mizanlarda qəribə bir səliqəsizlik, bir növ, sərbəstlik hiss olunurdu. Təbii ki, bu da tamaşanın ümumi ovqatına təsir edir və hətta Teymura sevgisizlik kimi bir təəssürat da hasil edirdi. Amma bütün bunlara rəğmən, daim qalibiyyətin pafosu və məğlubiyyətin acı sirayətini əks etdirən oyun, hadisələrin başlanğıc və bitiş nöqtəsi olan birinci hissə və onun əsas qəhrəmanı Əmir Teymurun amalları və xülyaları, sevgi və nifrəti, dahilik və cılızlığı, sağlam düşüncəsi və xəstə ruhu ilə inandırıcı, baxımlı və maraqlı idi.

Yıldırım Bəyazid

Bildiyimiz kimi, Bəyazid Osmanlı padşahları içində əsir düşən yeganə sultandır. Bu mənada, bəzən onu təhqir olunmuş, utanc gətirən biri kimi də qəbul edirlər. Amma rejissor öz yozumunda onu tamaşanın ikinci hissəsinin qəhrəmanı kimi təqdim etdi və ona haqq qazandırdı. Onu nəinki Osmanlı imperiyasının tarixində, ümumiyyətlə, türk dünyasında ən qüdrətli hökmdarlardan biri kimi göstərdi. Düzdür, onun özündən razılığı, təkəbbürü, içki düşkünü olması kimi mənfi xüsusiyyətlərini də unutmadı. Amma özündən razı olmağa haqqı olduğunu da müəyyən detallarda qabartdı. Məhz bu məqamı vurğulayan istedadlı aktyor, Yıldırım Bəyazidin ruhunu ustalıqla duyan Hikmət Rəhimov obrazının öhdəsindən ustalıqla gəldi.
Mənbələrdə də qeyd olunduğu kimi, Yıldırım Bəyazid Teymura o qədər də əhəmiyyət vermirdi. Əslində, onun ən böyük səhvi rəqibini qiymətləndirməməsi, təkəbbürlü davranması, Teymuru təhqir etməsi idi. O, inanmırdı ki, Avropanı diz üstə çökdürən bir sərkərdə Teymura məğlub ola bilər. Aktyor da qəhrəmanının məhz bu təkəbbürünü elə gözəl duymuşdu ki, ən adi jest və mimikasında da bir Bayazid nümayişi vardı. Kor xaqanın topal əmirlə məktub üzərindən dialoqu və özündənrazı Bəyazidin kəlbiəqur lafı (quduz it) bütünlükdə türk dünyasının faciəsi olduğundan aktyor bu yükün də altında qalmadı. Yəni hər halında emosiyadan uzaq, əhli-kef, həm də sərrast qəhrəmanını öz faciəsinə addım-addım, mərhələ-mərhələ yaxınlaşdırdı. Ona acı göz yaşlarından ələmə çevrilən gülüşə, təkəbbürdən sarsıntıya, yaranışdan ölümə hər ruh halını göstərdi.

Oyunçuların oyunu

Ümumilikdə, tamaşanın ikinci hissəsində baş verən iki xaqanın döyüş öncəsi və döyüş sonrası dialoqu tarixi faktların uğurlu səhnə həlli kimi qiymətləndirilə bilər. Və bu uğurlu təqdimatı təkcə müvəffəqiyyətlə qurulmuş məsxərə səhnəsi, digər effektli detallar deyil, ümumilikdə ikinci hissənin ab-havası, bütün iştirakçıların obrazlarına doğma münasibəti, replika, dialoq və monoloqların deklamasiya və ya uğursuz bədii qiraətdən uzaqlığı təmin edirdi.
Bizə görə, ikinci hissənin uğurunda Cücənin böyük payı vardı. Rolunun kifayət qədər böyük məzmununu doğru-dürüst çatdıran Elgün Həmidov tam yeni bir üslub kəşf etməklə tamaşaçını heyran qoya bildi. Çevikliyi, uğurlu plastikası və danışığı oturuşmuş idi. Eyni sözləri obrazının xronometrajı az olmasına baxmayaraq, roluna həmişəki məsuliyyətli yanaşmadan yaranan dolğun ifa nümayiş etdirən digər aktyor və aktrisalara da şamil etmək olar. Rolun miqyası və yükündən asılı olmayaraq, bu tamaşada hər kəs öz işini bitmiş hesab edə bilər.
Səhnə əsərində rol alan Xalq artisti Rafiq Əzimov (Şeyx Buxari), Əməkdar artistlər Mətanət Atakişiyeva (Dilşad), Kazım Həsənquliyev (Divan bəyi), Münəvvər Əliyeva (Meliça), Elşən Rüstəmov (Əlipaşa), Kazım Abdullayev (Şair Kirmani), aktyorlar Rövşən Kərimduxt (Aqbuğa), Anar Heybətov (Orxan), Şəhla Əliqızı (Almas), İlahə Həsənova (Olqa), Elçin Əhmədov (Sobutay), Elnur Qədirov (Qaraquş), Cümşüd Zeynalov (Dəmirqaya), Əlvida Cəfərov (Nazimağa), Nigar Güləhmədova (Köylü qadın) və başqaları rejissoru aydın duymaqla tamaşanın ümumi həllinə öz töhfələrini verə bildilər.
Quruluşçu rəssam İlham Elxanoğlu və geyim üzrə rəssamı Aygün Mahmudova dövrün yaşam tərzi, iki fərqli saray, kürsü, geyim kimi detalları mükəmməl əks etdirmişdilər. İşıq üzrə rəssam Rafael Əsədov isə həlledici səhnələrdə, xüsusən döyüş anları, xaqanların monoloqları və son səhnələrdə oyunun effektini artırmaq üçün əlindən gələni etmişdi. İstedadlı bəstəkar Aygün Səmədzadənin musiqisi isə tamaşanın təsir gücünü daha da artırırdı. Rəqs və döyüş səhnələrinin quruluşuna gəlincə burada həmişəki kimi Əməkdar artist Pərviz Məmmədrzayevin peşəkarlığı və orijinal pantomimçi olması öz sözünü dedi.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar