İsti yay günlərində istirahətə yollanan teatr kollektivləri yeni mövsümə böyük enerji ilə hazırlaşırlar. Tamaşaçıları maraqlı nümunələrlə sevindirmək istəyən paytaxt teatrlarının bir çoxu artıq yeni yaradıcılıq planlarını elan ediblər. Yaradıcı kollektivlər repertuarlarına bir sıra yeni səhnə əsərləri daxil etməklə yanaşı, mövsümü ənənəvi nümunələrlə açmaq istəyirlər.

Milli Musiqi Günündə “Ər və arvad”

Azərbaycan Dövlət Musiqili Teatrı yeni teatr mövsümünü sentyabrın 18-də - Milli Musiqi Günündə açacaq. Dahi Üzeyir bəy Hacıbəylinin doğum günündə kollektiv sənətsevərləri bəstəkarın “Ər və arvad” musiqili komediyası ilə salamlayacaq.
Uğurlu səhnə yolu keçən tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Musiqili komediyada baş rolları xalq artistləri Afaq Bəşirqızı və İlham Namiq Kamal ifa edəcəklər.

“Sarıköynəklə Valehin nağılı”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mövsümə sentyabrın 20-də Xalq yazıçısı İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” əsərinin tamaşası ilə başlayacaq. Xatırladaq ki, ədibin 100 illik yubileyinə həsr edilən tamaşanın premyerası ötən mövsümün sonunda keçirilib.
Səhnə əsərinə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Səhnə tərtibatçısı Əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır. Əsas qəhrəmanları Günel Məmmədova və Elnur Kərimov oynayırlar. Digər rolları xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Lətifə Əliyeva, Naibə Allahverdiyeva, Qəmər Məmmədova və başqaları ifa edirlər.
Yeni mövsümdə balacalar da unudulmayıb. Onlar Pərvin Nurəliyevanın qələmə aldığı “Qoğalın nağılı” tamaşasını izləmək imkanı qazanacaqlar. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.

Rus Dram Teatrının 94-cü mövsümü zəngindir

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı da yeni teatr mövsümünə maraqlı repertuarla başlayacaq. Teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovskinin sözlərinə görə, mövsüm sentyabrın 20-də görkəmli dramaturq İlyas Əfəndiyevin “Büllur sarayda” əsərinin tamaşası ilə açılacaq. Ötən mövsümün sonunda təqdim edilən tamaşa yazıçının 100 illiyi münasibətilə dövlət sifarişi ilə hazırlanıb.
Kollektiv sentyabrın 21-də Pedro Kalderonun “Məhəbbətlə zarafat etmirlər” lirik komediyasını, ardınca isə Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında eyniadlı tamaşanı və Rey Kuninin “Həddən ziyadə evli taksi sürücüsü” komediyasını nümayiş etdirəcək. Hər üç tamaşa teatrın repertuarında olan maraqlı əsərlərdəndir.
Sentyabrın 29-da isə Rus Dram Teatrı yeni mövsümün ilk premyerası olan “Parodiyalar paradı” tamaşasını teatrsevərlərin ixtiyarına verəcək.
Teatrın repertuarı azyaşlı tamaşaçılar üçün səhnə əsərləri ilə də zəngindir. Yekaterina Çernyakın “Gözəl Vasilisa”, A.Puşkinin “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”, Valentina Reznikovanın “Maşa və ayı” tamaşaları yenə balacaların görüşünə gələcək.

Pantomimanın buketi

Sənət məkanında öz dəst-xətti ilə seçilən Dövlət Pantomima Teatrı mövsümü sentyabrın 20-də dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərinin motivləri əsasında hazırlanan “Manqurt” tamaşası ilə açacaq.
Tamaşaya teatrın aktyoru Ceyhun Dadaşov quruluş verib. Rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Elman Rəfiyev, plastik həll üzrə rejissor Xalq artisti Bəxtiyar Xanızadədir.
Teatrın direktoru Elman Rəfiyevin bildirdiyinə görə, bu əsər artıq uzun illərdir repertuardadır. Əvvəlki tamaşaya teatrın yaradıcısı Bəxtiyar Xanızadə quruluş vermişdi: “Sentyabrın 20-də tamaşaçılara təqdim ediləcək tamaşa yeni üslubda hazırlanıb. Tamaşada teatrın bütün aktyor heyəti çıxış edəcək”.
Direktor tamaşaçıların görüşünə iki yeni tamaşa ilə gələcəklərini də əlavə etdi.
Qeyd edək ki, Dövlət Pantomima Teatrı azyaşlı tamaşaçıları da yaddan çıxarmır, həftənin şənbə və bazar günləri qapılarını onların üzünə açacaq.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar