Mövsümü yaradıcı uğurlarla, tamaşa və tamaşaçı bolluğu ilə başa vuran sənət ocaqlarımızdan biri də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrıdır. Uşaqlarımızın ən çox sevdiyi və vaxtlarını səmərəli keçirə biləcəyi dəyərli estetik tərbiyə ünvanı olan teatr ölkədəki digər kukla teatrlarına da “ana” funksiyasını yerinə yetirir.
Teatr üçün ötən mövsümdə ən yaddaqalan hadisə 2013-cü ilin noyabrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, “UNİMA”nın dəstəyi ilə keçirilən “Cırtdan” II beynəlxalq kukla teatrları festivalına ev sahibliyi etməsi olub. Ümumilikdə isə Azərbaycan Dövlət Kukla Teatrı yeni tamaşalar, teatr festivalı və qastrollarla zəngin bir mövsüm yaşayıb.
Bu fikri bizimlə söhbətində teatrın direktoru, "UNİMA" Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə də qeyd etdi. Belə tədbirlərin teatrın, kukla tamaşaları sənətinin inkişafı və təbliğində mühüm rol oynadığını əlavə edən müsahibimiz ötən mövsümdə xarici festivallarda uğurlu iştiraklarından da danışdı: “Biz kukla teatrı olaraq mütəmadi beynəlxalq festival və müsabiqələrə dəvət alırıq. Ötən mövsümdə Hindistanın Nyu Dehli şəhərində keçirilən “İşara” beynəlxalq kukla teatrları festivalında iştirak etdik. Səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşdi. Festival üçün teatrın baş rejissoru Qurban Məsimovun müəllifi olduğu “Chanta trio &...” tamaşası hazırlanmışdı. Tamaşa böyük rəğbətlə qarşılandı və daha sonra həmin səhnə əsəri ilə Rusiyanın Kurqan vilayətində keçirilən “Uçuş arzusu” festivalında da iştirak etdik”.
Yola saldığımız mövsümdə dörd yeni tamaşa ilə uşaqların görüşünə gəldiklərini deyən direktor bu nümunələr haqqında da söz açdı: “Tamaşaların hər birinin yaradıcı heyəti üzərlərinə düşən işin öhdəsindən uğurla gəldi. Rusiyadan dəvət etdiyimiz rejissor Eduard Qaydar və rəssam Tatyana Melnikova rus xalq nağılı “Qoğal”ı fərqli yozumda təqdim etdilər. Yapon xalq nağılları əsasında “Kim daha güclüdür?” (rejissor Anar Məmmədov, rəssamı Rəvanə Abbasova) hazırladığımız tamaşa da maraqla qarşılandı”.
Kukla teatrının məramının yetişən nəsillərin estetik tərbiyəsində, onlara incəsənətə, xüsusən teatra rəğbətin aşılanmasında böyük rolu olduğunu bildirən R.Əhmədzadə mövsümün sonlarında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin kollektivlə görüşünün bu xüsusda çox əlamətdar olduğunu dedi: “Uşaqlar üçün səhnə əsərlərinin yaradılmasının, onların peşəkar ifasının çətin və məsuliyyətli bir iş olduğunu bildirən nazir teatrımızın yaradıcı kollektivinin, eyni zamanda, maddi-texniki bazasının uğurlu səhnə əsərləri yaratmağa imkan verdiyini bildirdi. Uşaqlar üçün tamaşalar hazırlayarkən müasir işıq, səs effektlərindən, ən müxtəlif informasiya daşıyıcısı növlərindən, kompüter texnikasından məharətlə istifadə etməyin zəruriliyini vurğuladı. Bizim əsas məqsədimiz də cənab nazirin qeyd etdiyi məqamları tətbiq etməklə müasir dövrün uşaqlarını teatrın sehrli gücünə inandırmağa çalışmaqdır”.
Teatrın rəhbəri görüşdə qeyd olunan dramaturji material, uşaq tamaşaları üçün uğurlu pyeslərin hazırlanması işinin yaxşılaşdırılması üçün elan olunacaq müsabiqədən də danışdı. Sentyabr ayından etibarən Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə müasir uşaq pyeslərinin hazırlanması üçün yazarlar arasında müsabiqəyə start veriləcək. Müsabiqənin qalibi olacaq pyes respublikanın bütün kukla teatrlarında səhnələşdiriləcək.
Azərbaycanda kukla teatrı aktyorunun hazırlanması üçün Mədəniyyət və İncəsənət Universiteti ilə müəyyən danışıqların aparıldığını vurğulayan R.Əhmədzadə bu məsələnin ilkin olaraq hər hansı kurs səviyyəsində həll olunacağını dedi. Təhsil Nazirliyi və universitet rəhbərliyinin təşəbbüsü ilə ali təhsil ocağının aktyorluq fakültəsi nəzdində kukla teatrı aktyoru kursları açılacaq.
Direktor yeni mövsümə bir sıra yeniliklərlə start verəcəklərini bildirdi: “Yeni mövsüm üçün 7 beynəlxalq festivala dəvət almışıq. Bu dəvət marafonuna respublika daxilinə səfərlə start verəcəyik. Bu ilin 10-19 sentyabr tarixlərində Şəkidə I Beynəlxalq Teatr Festivalı keçiriləcək. Həmin festivalda biz də tamaşa sovqatımızla iştirak edəcəyik. Bundan başqa, oktyabr ayında Həştərxanda “Xəzər sahilləri” festivalında və Misirdə ənənəvi kukla teatrı festivalında iştirak edəcəyik. İlin sonunadək bir neçə tamaşanı da hazırlayıb təqdim edəcəyik. O cümlədən dövlət sifarişi ilə A.Şaiqin “Tıq-tıq xanım” pyesi əsasında eyniadlı tamaşa hazırlanacaq. Nümunəyə teatrın baş rejissoru Qurban Məsimov quruluş verəcək. Bundan başqa, Conatan Sviftin məşhur “Qulliverin səyahəti” romanı əsasında tamaşaya Elşad Rəhimzadə quruluş verəcək”.
Həmsöhbətim teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” studiyasının işindən də söz açdı. Nazirliyin dəstəyi ilə fəaliyyətini davam etdirən studiyanın istedadlı uşaqları öz ətrafına topladığını qeyd etdi. Teatra ştata qəbul edilən aktyorlar da ilk olaraq bu studiyada fəaliyyətə cəlb olunurlar. Festival və müsabiqələrə dəvət alan studiya üzvlərindən balaca Nəzrinin qələbəsini xüsusi qeyd etmək gərəkdir. Yeddi yaşlı Aylin Nəcəfli Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçirilən "Golden Sparkles European Music Festival"da ölkəmizi layiqincə təmsil edib. "Tıq-tıq xanım" cizgi filminin soundtrakı və musiqisi Cahangir Zülfüqarova, sözləri Elçin Nəsirliyə aid “İşıqlı dünya" mahnısını səsləndirən balaca istedad "Ən yaxşı ifaçı" və “Yüksək artistlik” qabiliyyətinə görə mükafatlandırılıb.
Həmidə Nizamiqızı