Hələ çar Rusiyası dövründən Qafqazın teatr mərkəzi sayılan Gürcüstanda hər ilin 14 yanvarı teatr günü kimi qeyd olunur. 1850-ci ilin həmin günü gürcü peşəkar teatrının yarandığı tarixdir. Bu sənətin hər bir janrına maraq göstərən gürcülərin teatr anlayışında əsas məqam peşəkarlıq və sevərək təqdimatdır.
Sənəti qiymətləndirən tələbkar gürcü tamaşaçıları teatrları daim yaradıcılıq axtarışlarına sövq edirlər. Bunun nəticəsidir ki, istər sovet, istərsə də müstəqillik dövründə Gürcüstanda dövlət teatrları ilə yanaşı özəl teatrlar, teatr-studiyalar, tanınmış teatr rejissor və aktyorlarının ustad mərkəzləri yaranıb.
Belə sənət məkanlarından biri də Gürcüstanın məşhur aktyoru Rezo Qabriadzenin yaratdığı marionet teatrıdır. Marionet teatr ənənələrini təbliğ edən və bir çox ölkələrdə səfərlərdə olan bu teatr yarandığı 1981-ci ildən Gürcüstanın bu janr üzrə siması sayılmaqdadır. Tarixi tikilidə yerləşən bu məkanı maraqlı edən cəhət eyni zamanda bir neçə funksiyanı yerinə yetirməsidir. Bütün günü milli yeməklər bişirilən “Qabriadze” restoranı, əyləncə mərkəzi və mehmanxana kimi fəaliyyət göstərən məkanda axşam saat 19-dan sonra həyat ritmləri yalnız teatr üçün vurur. Binanın qarşısında qurulan böyük saatın kilsə zəngini xatırladan gurultusu hər kəsi teatra səsləyir.
Teatrda əsasən irihəcmli, hətta klassik əsərlərin də kukla versiyası təqdim olunur. 1984-cü ildən dövlət statusu alan teatrın 100 və 80 nəfərlik zalları var. Belə məhdud məkana üstünlük verən teatrın yaradıcısı tamaşalarının rəssam işi və kostyumlarını da özü ərsəyə gətirir.
Qabriadzenin marionet teatrının proqramı da maraqlı tərtibatı ilə diqqət çəkir. 12+1 yaş həddində tamaşaçılara hesablanan tamaşalar hər gün 3 seansda (hər biri ayrı-ayrılıqda) təqdim olunur. Gürcü və rus dilində oynanan bütün tamaşaların subtitrlərlə ingiliscə tərcüməsi də səhnədə qurulan böyük led ekranda nümayiş olunur.
Teatr bilet satışında da maraqlı üsul tətbiq edir. Şəhərin müxtəlif məkanlarındakı bilet satışı yerlərində marionetlərinin iştirakı ilə tamaşalardan parçalar göstərilir. Tamaşaçı ilə birbaşa ünsiyyət yaradan marionet ustaları teatra gəlmək imkanı olmayanları da bu formada “mükafatlandırırlar”. Həftənin 4 günü nümayiş olunan tamaşalar qalan günlər səyyar şəkildə Gürcüstanın şəhər və qəsəbələrində göstərilir.
Nisbətən balaca tamaşaçılarını 80 nəfərlik zalda qarşılayan kuklaçılar onları sehrli aləmə daxil etmək üçün əllərindən gələni ediblər. Teatra gələnlər əvvəlcə binanın əsası fiquru - saat qülləsi ilə tanış olurlar. Gündə iki dəfə qızıl açarlı mələyin müşayiətilə teatrın marionet qəhrəmanları həmin qüllə ətrafında dövrə vuraraq tamaşaçıları teatra çağırırlar.
Teatr yaradıcısının eskizləri əsasında hazırlanan kuklalar arasında məşhur simaları da görmək olur. Onların iştirakı ilə mini-tamaşalar hazırlayan R.Qabriadze əslində bütün həyatın ani bir tamaşa səhnəciyi olduğunu düşünür və bunu təbliğ etməyə çalışır.
Qabriadzenin marionet teatrı dünyanın ən müxtəlif səhnələrində uğurla çıxış edib. Teatrın tamaşaları arasında müxtəlif festivallarda göstərilən «Alfred və Violetta» (1982), «Briliyant marşal» (1983), «Bizim baharın payızı» (1986), «Trapezun imperatorunun qızı» (1989) «Stalinqrad» (1996) və «Ramon» (2012) tamaşaları xüsusilə məşhurdur. Teatr 1988 və 2002-ci illərdə ABŞ-da teatr müsabiqəsinin qalibi, Fransa, Almaniya, İtaliya, Avstriyada festivalların iştirakçısı olub.
Hazırladı: Həmidə