Teatrşünaslar “Lineyn trilogiyası” tamaşasını ötən mövsümün hadisəsi hesab edir

Artıq yeni mövsümün tamaşaları üzərində işə başlayan ölkə teatrları bu istirahət müddətində həm də öz repertuarlarına yenidən baxmaq imkanı qazanırlar. Hər yeni tamaşa, hər qastrol səfəri və festivalda iştirakla mətbuat səhifələrində mütəmadi görünən bu sənət ocaqlarının fəaliyyəti haqqında daha çox yazan teatrşünas və teatr yazarlarının fikirlərinə müraciət etdik.

Ölkədə keçirilən teatr tədbirləri, konfrans, festival və görüşlərin milli teatrın inkişafına yönəldiyini düşünən sorğu iştirakçıları dövlətin bu sahəyə xüsusi diqqət və qayğısını qeyd etməyi unutmadılar. Teatr-tamaşaçı münasibətinə gəlincə, bu məsələnin sadəcə yaxşı tamaşaya bağlı olduğunu düşünərək teatrların məhz bu anlamda daim narahatlıq keçirməli, axtarışlar etməli olduğunu bildirdilər. Onların fikrincə, yaxşı hazırlanmış və yüksək peşəkarlıqla təqdim olunan istənilən səhnə əsərinin tamaşaçısı mütləq olacaq. Əsas işə tələbkar yanaşma və dövrlə səsləşən əsərlərin səhnəyə çıxmasıdır.
Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə konkret tamaşalar haqqında fikir söyləməsə də, ümumilikdə bu mövsümün məhsuldar olduğunu bildirdi: “Bilirsiniz ki, mövsüm müddətində Bakıda “Cırtdan” II Beynəlxalq Kukla Teatrları Festivalı, teatr adı altında maraqlı layihələr reallaşdı. Biz başqa ölkələrin də teatr təcrübəsi, səhnə əsərləri ilə tanış olduq. Təbii ki, belə beynəlxalq festivallar bu anlamda mühüm əhəmiyyətə malikdir. Tamaşalara gəlincə isə, demək olar ki, bütün teatrlar istər dövlət sifarişi ilə, istərsə də daxili imkanlar hesabına yeni səhnə əsərləri ərsəyə gətirdilər. Onların içərisində maraqlı nümunələr də az deyildi. Unutmaq olmaz ki, teatr canlı orqanizmdir və orada baş verən hər hansı hadisə sənət adına yazılır”.
Tanınmış teatrşünas alim Aydın Talıbzadə isə Azərbaycan teatr mədəniyyəti üçün hadisə olaraq ikinci dəfə reallaşan Beynəlxalq Kukla Teatrları Festivalını xüsusi qeyd etdi: “Bu festival müddətində biz respublika və bir sıra dünya ölkələrinin maraqlı kukla tamaşalarını izləmək imkanı qazandıq. Ümumilikdə elə hesab edirəm ki, ötən mövsümün sənət hadisəsi Gənc Tamaşaçılar Teatrında reallaşan “Lineyn trilogiyası” idi. Bu layihə çərçivəsində 3 tamaşa oynanıldı. Bu üç tamaşa bütövlükdə ötən mövsümdə teatr mədəniyyətimizin ən böyük uğurlarından biridir. Təkcə ona görə yox ki, bu tamaşaya çoxlu tamaşaçı baxdı. Bu trilogiya aktyorların işə daxilən bağlanması etibarilə də irəliyə doğru addım idi və bunu mən birmənalı olaraq hadisə hesab edirəm. Nəzərinizə çatdırım ki, ötən mövsüm Azərbaycan teatrlarında oynanılan bütün tamaşalara baxmışam və onların içərisində uğurlu və uğursuz tamaşalar da olub. Amma heç biri trilogiyanın 3 tamaşası səviyyəsinə qalxa bilməyib. Ona görə də onların heç birini fərqləndirmək istəmirəm”.
Teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarlı isə mövsümün maraqlı hesab etdiyi tamaşalarından danışdı: “Məncə, ötən mövsümün ən yaxşı tamaşası Gənc Tamaşaçılar Teatrında britaniyalı rejissor Yan Uilyam van den Boşun Martin MakDonahın pyesləri əsasında quruluş verdiyi "Lineyn trilogiyası" idi. Ötən mövsümün teatr hadisəsinə gəldikdə isə, təəssüf ki, cəmiyyətdə, mədəni həyatımızda rezonans doğuran belə bir hadisənin şahidi olmamışam”.
Teatrşünas Aliyə Dadaşova isə istehlakçı tamaşaçı baxımından maraqlı tamaşaların daha çox olduğunu bildirdi: “Ümumilikdə teatr prosesindən kənara çıxıb tamaşaçı kimi izlədiyim və bu zaman ərzində təsirləndiyim tamaşalar oldu. Amma bütövlükdə nəzər saldıqda Gənc Tamaşaçılar Teatrının “Lineynin trilogiyası” və mövsümün sonunda “Yuğ” Dövlət Teatrının “Unudulmaz Əfəndi” tamaşalarını maraqlı nümunə kimi qeyd etmək olar”.
Gənc teatrşünas Könül Əliyeva isə mövsümün teatr mənzərəsinə nəzərlə kifayətləndi: “Ümumilikdə deməzdim ki, ötən teatr mövsümü tamamilə boz rəngdə oldu, bu qeyri-korrekt səslənər. Ancaq bununla belə yadda qalacaq və ya əlamətdar bir sənət hadisəsinin də baş verdiyinin şahidi olmadım. Bu müddət ərzində yadda saxladığım və təəssüratımı zənginləşdirən Mikayıl Mikayılovun "İlahi oyun" və Günay Səttarın "Mən... biz" tamaşalarını isə mövsümün ən yaxşı tamaşası hesab edirəm”.
Mədəniyyət yazarı Gülcahan Mirməhəmməd isə izlədiyi və bəyəndiyi tamaşaların aktyor oyununa diqqət çəkdi: “Ötən mövsümdə o qədər də yeni tamaşaya baxmamışam. Amma baxdıqlarımdan Opera və Balet Teatrının "Məhəbbət şərbəti" operası, bir də Rus Dram Teatrının iki tamaşası - "Maskarad" və "Büllur sarayda" tamaşaları məndə böyük təəssürat oyatdı. Opera teatrının tamaşası bizim vokalçıların həm də öz aktyorluq qabiliyyətlərini daha qabarıq nümayiş etdirə bildikləri ilə, Rus Dram Teatrının tamaşaları isə çox məşhur və məlum əsərlərə fərqli rejissor yozumu ilə diqqətimi çəkdi”.
Teatr yazarları Xəyalə Rəis və Ülviyyə Həsənqızı isə sevərək izlədikləri tamaşaları sıraladılar.
X.Rəisin fikrincə, teatrlar aktual mövzulara müraciət edərkən onun baxımlılıq məqamını da diqqətdə saxlamalıdırlar: “Geridə qoyduğumuz mövsümdə teatrlarımızda daha çox tarixi mövzulara müraciət olundu. Bəziləri mövzudan kənara çıxaraq şişirdilmiş fantastikalara meylləndilər. Ancaq bütün hallarda bunu təqdiredici hadisə hesab etmək olar. Ötən mövsümün son günlərində Akademik Milli Dram Teatrında premyerasında iştirak etdiyim Mehriban Ələkbərzadənin quruluşunda hazırlanmış “Əmir Teymur” tamaşası marağımı çəkdi. Belə ki, teatrın kollektivi pyesə tamamilə fərqli baxış bucağından yanaşaraq tamaşaya xüsusi maraq qatmışdılar. Gənc Tamaşaçılar Teatrında isə Əli Əmirlinin qələmindən çıxan “Hasarın o üzü” tamaşası oldu. Son zamanlar cəmiyyətdə din və buna da yanlışlıqla qarşı tərəf kimi təqdim olunan mahiyyəti dəyişdirilmiş azadlıq ən çox müzakirə olunan mövzulardandır. Bu əsər və bu tamaşa da özünəməxsus şəkildə həmin mövzulara işıq tutur və fərqli həll təklif edir”.
Ülviyyə Həsənqızına gəlincə, o, sadəcə Akademik Milli Dram Teatrının bütün tamaşalarına baxdığını və buna görə də sırf o nümunələr arasında sıralama edə biləcəyini bildirdi: “Teatrın vurğunu olaraq ötən mövsümdə Akademik Milli Dram Teatrında nümayiş etdirilən bütün tamaşalara baxmışam. Hətta elələri var ki, dəfələrlə izlədim. Ümumilikdə ötən mövsümün teatrımız üçün uğurlu keçdiyini düşünənlərdənəm. Ötən mövsümün ən uğurlu tamaşası kimi isə rejissor Azərpaşa Nemətin "Şah Qacar" əsərinin adını çəkə bilərəm. Bundan əlavə, "Yaşlı xanımın gəlişi" də uğurlu tamaşalardandır. Milli Dram Teatrının səhnəsində təqdim olunan bir-iki tamaşanı çıxmaq şərtilə əksəriyyətinə sevə-sevə baxmışam. Rus Dram Teatrında nümayiş etdirilən "Büllur sarayda" tamaşası da maraqlı quruluşlardandır. Gənc Tamaşaçılar Teatrının "Hasarın o üzü", Sumqayıt Dövlət Dram Teatrının "Qocanı öldürməliyik" və "Qatil" tamaşaları da baxımlı idi”.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar