“Teatrla cəmiyyət arasında təmas varsa, bundan teatr da, cəmiyyət də qazanır”

Müasir informasiya cəmiyyəti təqdim olunan hər bir məhsula, növündən asılı olmayaraq, təbliğat, təqdimat, peşəkar səviyyədə reklam tələb edir. Böyük sənət, sənətkarlıq, estetik tərbiyə, mənəvi qida, əvəzolunmaz əyləncə vasitəsi kimi xarakterizə etdiyimiz teatrın da təbliğata ehtiyacı var. Xüsusən də hər şeyin reklamlaşdığı, az qala hər istehlak vasitəsinin şüurumuza bəzək-düzəklə yeridildiyi indiki məqamda.

Digər tərəfdən bugünkü sürətli informasiya dövründə potensial tamaşaçının gedib teatr binası qarşısında dayanıb afişalarla (afişaların tərtibat səviyyəsi və orada olan təsvirlərin tamaşa haqqında hansı fikir yaratdığı bir ayrı mövzudur) tanış olması, sonra da kassaya yaxınlaşıb bilet alması bir az inandırıcı görünmür. Daha doğrusu, bu, kütləvi hal deyil. Deməli, bizə teatrın piarı lazımdır, özü də düşünülmüş formada, sistemli şəkildə.
Onda gəlin görək, ümumiyyətlə, bu təbliğat, tanıtım anlamlarını əhatə edən və beynəlxalq terminologiyada PR kimi qeyd olunan anlayış əslində nəyə xidmət edir? Mədəniyyət, teatr sahəsində piar necə olmalıdır?
İngilis dilindən dilimizə tərcümədə “ictimai əlaqələr”, “ictimaiyyətlə münasibətlər” anlamına gələn ifadə hər hansı obyektin cəmiyyətdə müsbət obrazının yaradılması texnologiyasıdır. Geniş mənada PR ictimai rəyi idarə etmək, yönəltmək, müəssisə ilə cəmiyyət arasında qarşılıqlı əlaqələr qurmaqdır. Onun teatrda tətbiqinə gəlincə, bu barədə bizdə müəyyən axsamalar müşahidə olunmaqdadır. Daha doğrusu, bizim teatrlar ictimaiyyətlə əlaqə dedikdə daha çox yeni formalaşan mətbuat xidmətləri ilə kifayətlənirlər. Amma PR mütəxəssislərinin işi daha genişdir. Teatrda bu işin xüsusi mexanizm və şərtləri var. Bunun üçün o işi aparan şəxs həm yaxşı menecer, həm də təbliğ etdiyi teatr üzrə kifayət qədər bilgi sahibi olmalıdır.
2007-ci ildə ölkəmizdə “Teatr və teatr fəaliyyəti haqqında” qanun qəbul olunub. Sənəddə teatrda prodüserlik fəaliyyəti ilə bağlı xüsusi bölmə, onun mexanizmləri öz əksini tapıb. Demək, qanun səviyyəsində buna münasibət bildirilib. Amma teatrlarda ictimaiyyətlə əlaqələr işi formalaşmayıb. Daha doğrusu, bu işi qismən ədəbi dram hissələri icra edir ki, bu da özlüyündə formal xarakter daşıyır.
Günün reallığında isə bu iş teatrların mətbuat xidmətlərinin üzərinə düşür. Əslində isə teatrların hər birində ictimaiyyətlə əlaqələri təmin edən şöbə, əlaqələndirici mütəxəssislər olmalıdır. Təbii ki, bu zaman teatrların mövcud maddi imkanlarla nə dərəcədə geniş təbliğat işi qurması da sual olaraq ortaya çıxır. Hər halda bazar münasibətləri dövründə yaşayırıq və necə deyərlər, qazanmaq üçün xərcləməkdən başlamalıyıq.
Bəzi teatr rəhbərləri, bu sahənin mütəxəssis və yazarları ilə söhbətimiz də bir məqamı önə çıxardı: teatrın böyük anlamda məbəd sayılmasını, pafoslu anlamlarını bir kənara qoyub mükəmməl təbliğatını realizə etmək lazımdır. Bunun üçün konkret olaraq nə etməli? Bu suala fərqli cavablar eşitdik.
PR işini dövrün tələbləri səviyyəsində aparmağa çalışan və tamaşaçı problemi olmayan Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevin fikrincə, teatr canlı orqanizmdir və onu cəmiyyətdən ayrı bir qurum kimi saxlamaq olmaz: “Odur ki, özümüzü təcrid etməməli və teatrın cəmiyyətin aynası olduğunu unutmamalıyıq. Əlbəttə zaman dəyişib, münasibətlər, baxış bucaqları fərqli forma alıb. Artıq insanlar öyrəşiblər ki, kimsə onların qapısını döyüb məhsulunu təqdim etsin. Piara da belə yanaşmalı, ondan qaçmamalıyıq. Sadəcə bunu yaxşı, həm də müəyyən mərhələlərlə etmək lazımdır”.
Direktorun sözlərinə görə, bu istiqamətdə atılan addımlar nəticə verir: “Mətbuatla sıx əlaqədə işləyirik və istər yerli, istərsə də xarici ölkələrin, xüsusən Rusiyanın KİV-ində premyeralarımız barədə hələ 1-2 ay öncədən məlumatlar dərc etdiririk. Teatr tənqidçilərinin tamaşalarımıza dəvətini daim diqqət mərkəzində saxlayırıq. Ona görə də, demək olar ki, bütün premyeralarımız barədə resenziyalar yerli və xarici mətbu orqanlarda, nüfuzlu teatr jurnallarında dərc olunur. Təbii ki, bu təbliğat bizim xarici səfərlərə, festival və qastrollara dəvət olunmağımıza da müsbət təsir edir”.
Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyevin məsələyə yanaşması fərqlidir: “Bu gün teatrın və onun aktyorlarının güclü təbliğata ehtiyacı var. Bu iş çox zəif olduğundan teatr aktyorları kinoya qaçır, özlərini o cür təqdim etməyə can atırlar. Çünki insanlar seriallara baxırlar və aktyorları daha çox bu yolla tanıyırlar. Amma mən arzu edərdim ki, tamaşaçı teatra, canlı ünsiyyətə üstünlük verib, gəlib tamaşaçı zalında yerini alsın. Bunu isə sadəcə arzu etmək yox, piar işini düzgün aparmaq lazımdır. Biz teatr olaraq məhdud imkanlarla - afişa və bilbordlarda reklamla bunu həyata keçirməyə çalışırıq. Amma bu effektli olmur”.
Teatr sosiologiyası üzrə mütəxəssis, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovun məsələyə daha köklü münasibəti var. O, piarın zəifliyində teatrları qınayır: “Ölkəmizdə müasir informasiya cəmiyyəti inkişafa, formalaşmağa doğru getsə də, biz bunu əksər teatrlarımızın PR siyasətində görmürük. Bu gün Azərbaycanda 28 teatr fəaliyyət göstərdiyi halda yalnız 10 teatrın internet saytı var ki, onların da bir neçəsi müasir tələblərə cavab verir. Müasir cəmiyyətdə saytı olmayan teatrın hansı PR işindən danışmaq olar. Yaxud teatrlarda reklamın təşkili məsələsi. Demək olar ki, heç bir teatrın afişasına onun binasından kənarda rast gəlmək olmur. Düzdür, televiziya və radioda reklam bahalı işdir, amma afişaları yaymaq üçün axı böyük vəsait tələb olunmur. Nə üçün teatr rəhbərləri tamaşaların reklamına maraq göstərmirlər, göstərirlərsə niyə bunu biz görmürük. Halbuki bu, teatra çox böyük fayda verə bilər”.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun teatr, kino və televiziya şöbəsinin doktorantı Elçin Cəfərovun sözlərinə görə, teatrda PR işi spesifik sahədir və xüsusi mexanizmləri, şərtləri var: “Teatrda bu işi görmək üçün yalnız PR meneceri olmaq kifayət deyil. Teatr sənətinin spesifikasını anlamadan bu işlə məşğul olmaq qeyri-mümkündür. Teatrların hər birində ictimaiyyətlə əlaqələr şöbəsi yaradılmalı və onun fəaliyyəti maksimum stimullaşdırılmalıdır. Bir məqamı da qeyd etmək istəyirəm ki, bu işin təşkili üçün heç bir addım atmadan, rəsmi direktiv gözləmək konstruktiv yanaşma sayıla bilməz. Teatrlarımız oturub yuxarıdan göstəriş gözləmək əvəzinə düşünüb əməli addımlar atmağa çalışsa, bunun faydası mütləq özünü göstərəcək”.
Həmsöhbətimin fikrincə, teatrda PR işinin təşkilindən danışarkən ilk növbədə, yaşadığımız dövrdə teatr sənətinin durumu və cəmiyyətə təsir gücü nəzərə alınmalıdır: “Bu gün təkcə teatrın mətbuat xidməti yox, bütövlükdə cəmiyyətin hər bir üzvü teatr sənətinin təbliği ilə məşğul olmalıdır. Çünki o yerdə ki, teatrla cəmiyyət arasında təmas var, onda teatr da, cəmiyyət də qazanır”.
Teatr yazarı Etibar Cəbrayıloğlu isə hər şeydən öncə piar ediləcək məhsulun yüksək səviyyədə olmasının tərəfdarıdır: “Əgər bu gün Azərbaycan teatrından dünya teatr prosesi ilə ayaqlaşmağı tələb ediriksə, piar məsələləri də həmin standartlara uyğun qurulmalıdır. Bu zaman ən yaxşı və sınanmış metodlardan, üsullardan istifadə etmək olar. Bir vacib məsələni də gərək yaddan çıxarmayaq. Teatrlarımız elə yaradıcılıq məhsulu ortaya qoymalıdır ki, həm öz üzü ağ olsun, həm də piar edənlərin”.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar