Ötən yüzilliyin birinci yarısında realist teatr sənətimizdə parlayan istedadlı aktrisalardan biri də tanınmış səhnə ustası, Xalq artisti Firuzə Əlixanova olub. O, Naxçıvan səhnəsində bir-birindən maraqlı obrazlar qalereyası yaradıb.

Firuzə Məmmədqulu qızı Əlixanova 1917-ci il sentyabrın 9-da Ordubadda bəy ailəsində dünyaya göz açıb. Atası Firuzənin təhsil almasını istəyir. Onu Ordubadda təzəcə açılan səkkizillik məktəbə qoyur. O, erkən çağlardan xalq tamaşalarında “Şahnaz” muğamını oxuyur, şaqraq və məlahətli səsi ilə dinləyicilərin diqqətini çəkir.
Məktəbi müvəffəqiyyətlə başa vurur, ali təhsil almaq məqsədilə sənədlərini Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna verir və qəbul olur. Hələ tələbə ikən şəhərin bayram şənliklərində və rəsmi dövlət tədbirlərində yaxından iştirak edir. Cazibəli səhnə görkəmi, şirin və məlahətli səsi bir çox sənət adamında maraq doğurur. Onun istedadlı bir gənc olmasından Naxçıvan Dövlət Musiqili Dram Teatrının rəhbəri, Xalq artisti Səməd Mövləvi də xəbər tutur. Görkəmli sənətkarın səyi ilə tələbə qız 1932-ci ildə Naxçıvan teatrına aktrisa kimi dəvət olunur. O, dəvəti tərəddüdsüz qəbul edir. Firuzənin professional səhnəyə gəlişi mədəni hadisəyə çevrilir. Bundan sonra daha bir neçə gənc qız teatra üz tutur. O, kollektivdə şərəfli bir yaradıcılıq yolu keçir.
Aktrisanın teatra gəlişi ilə bağlı başqa mülahizələr də var. Belə qeyd edilir ki, o, teatra böyük həvəsi olduğu üçün fikrini Naxçıvan teatrının rəhbəri Səməd Mövləviyə bildirir. O da gənc qıza deyir ki, opera səhnəsi çox çətindir, istedad, təbii səs istəyir. Firuzə isə bunu bacara biləcəyini deyir və “Şahnaz” muğamını ifa edir. Onun ifası S.Mövləvini təəccübləndirir. Elə bu ifa da onun gələcək sənət cığırına çevrilir...
Firuzə Əlixanova ilk dəfə səhnəyə 1932-ci ildə Asya rolunda (“Arşın mal alan”, Ü.Hacıbəyli) çıxır. Musiqili əsərlərdə də yaddaqalan obrazlar yaradır. İfa etdiyi rollar xarakter əlvanlığı ilə seçilir. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” (Leyli), “Əsli və Kərəm” (Əsli), “Ər və arvad” (Minnət xanım), “O olmasın, bu olsun” (Gülnaz), “Arşın mal alan” (Gülçöhrə), Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” (Şahsənəm), Süleyman Rüstəm və Səid Rüstəmovun “Durna” (Lalə), Şıxəli Qurbanov və Süleyman Ələsgərovun “Özümüz bilərik” (Şölə xanım) və s. opera və operettalarında əsas partiyaların mahir ifaçısı olur. Həmçinin xarakterik tiplərə səhnə həyatı verir. O, yüksək səhnə mədəniyyəti - ifadə özünəməxsusluğu ilə tamaşaçıların rəğbətini qazanır.
Bu gün yaddaşlarda Firuzə xanımla bağlı xoş və maraqlı xatirələr yaşayır. Mənbələrdə qeyd olunur ki, teatrda Cəfər Cabbarlının “Sevil” əsəri tamaşaya hazırlanırmış. Tamaşada nədən bəhs ediləcəyi şəhərin din xadimlərinə də aydın olur. Ona görə də əsərin göstərilməsinə qarşı çıxırlar... Tamaşada Sevil rolunu Firuzə xanım oynayır. Sonda Sevil kəlağayını Balaşın qarşısında yerə atır, bununla da kölə olmadığını bildirir. Tamaşa teatra gələn qadınların sürəkli alqışları ilə qarşılanır. Sevil rolundan təsirlənən tamaşaçı qadınlar kəlağayılarını salonda atıb gedirlər...
Aktrisa 1937-ci ilin soyuq bir qış günündə “Leyli və Məcnun” operasında Leyli obrazını canlandırır. Bu, Naxçıvan Dövlət Musiqili Dram Teatrında mədəni inqilab hesab olunur. Görkəmli sənətkar Hüseynqulu Sarabski xatirələrində yazır ki, Firuzə Əlixanovanın Leylisi, Əslisi və Sevili, sözün həqiqi mənasında, sənət nümunəsi idi. Onun sənətinin səsi-sorağı çox keçmir gəlib Bakıya çatır. Üzeyir bəy Naxçıvan səfəri zamanı Firuzə xanımın ifalarını bəyənir. Bundan sonra Firuzə Əlixanova Azərbaycanın teatr kollektivlərinin tərkibində SSRİ-nin bir çox şəhərlərində qastrollarda olur. Moskvada keçirilən mədəniyyət ongünlüklərinə qatılır. Səhnə fəaliyyəti respublika rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. 1964-cü ildə Əməkdar artist, 1974-cü ildə Xalq artisti fəxri adlarına layiq görülür.
Ömrünü səhnəyə həsr edən aktrisa ailə həyatı qurmayıb. Naxçıvandakı evində ayrıca bir otağı olub. Onun icazəsi olmadan heç kim o otağın qapısını aça bilməzmiş. O bu otaqda oynayacağı rol üzərində çalışar və səhnəyə çıxarmış... Ömrünün və səhnə fəaliyyətinin sonlarında tez-tez evdəki pəncərənin önündə dayanıb “Şahnaz” muğamını oxuyar və dərin fikrə dalarmış... 1977-ci ildə teatr rəhbərliyinə ərizə ilə müraciət edir ki, “artıq qocalmışam, işdən çıxmaq istəyirəm, bir zamanlar canlandırdığım gözəl Leyli, Əsli və Sevildən daha əsər-əlamət qalmayıb”. Teatr rəhbərliyi bildirib ki, səhnəni tərk etməsin, başqa rolları canlandırsın. Amma o, razı olmayıb...
1994-cü ildə bərk xəstələnir. Ölümünü duyurmuş kimi deyir: “Həyatdan və səhnədən doymayıb gedirəm”. Deyilənə görə, o, son nəfəsində “Şahnaz” muğamını oxumaq istəyir. Ancaq taqəti çatmadığından bacarmır. Bir anlıq dərindən nəfəs alır və gözləri yaşarır. Gözlərini əbədi olaraq yumur. Naxçıvan şəhərində dəfn olunur.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar